Biz qısamüddətli yox, uzunmüddətli savaşa hazırlaşmışıq!

Elxan  Şükürlü

Ay köksüz nanəciblər, düşmən dəyirmanına su tökməyin!

Düşmənin istədiyi odur ki, son 13 gündə göstərdiyimiz həmrəylik, xalq-hakimiyyət vəhdəti pozulsun, içdə bölünmələr başlasın, təfriqə düşsün və əsas hədəfdən yayınaq!

Bu məqsədlə kökü konkret xarici xüsusi xidmət orqanlarına bağlı, illərdir bəslənən və əsasən fərarilərdən ibarət bəlli şəbəkə həm içdən, həm də kənardan xüsusi aktivləşdirilib, bilərəkdən sosial şəbəkələrdə belə bir tezisi qabardırlar ki, guya, hakimiyyət hansısa atəşkəs sazişi imzalayıb!

Bu çevrə müəyyənləşdirilməli və onlara qarşı müharibə dövrünün ən sərt qanunları ilə davranılmalıdır!

Dostlar, maraqlı qüvvələrin sizin vətənpərvərlik duyğularınızdan yararlanmalarına, başlanan ideoloji təxribatın genişlənməsinə qətiyyən imkan verməyin!

Onlar çox istəyirlər ki, məhz bu ərəfədə Türkiyə-Azərbaycan ittifaqına kölgə salsınlar. Bilin ki, qardaş Türkiyə savaş meydanında bizi tək qoymadığı kimi, diplomatik müstəvidə də bizi tək buraxmayıb və danışıqların istər görünən, istərsə də görünməyən bütün tərəfləri barədə tam məlumatlıdır!

Əmin olun ki, dövlət öncədən bütün risk və təhlükələri, o cümlədən düşmənin hiylələrini hesablayıb, nəzərə alıb!

Nəyi nə zaman etməyin gərəkli olduğunu bilən Prezidentin bəyanatları, mövqeyi ortadadır, onu qoyub hansısa "naməlum mənbə"lərin dezinformasiyalar üzərindəki yozumlarını, falçı baxışlarını bir kənara tullayın!

Düşmənə meyidlərini çıxarmaq üçün verilən konkret müddət başa çatdıqdan sonra Ordumuzun əks-hücum və cəzalandırma əməliyyatlarının yeni mərhələsi başlayacaq!

Biz qısamüddətli yox, uzunmüddətli savaşa hazırlaşmışıq! Belə savaşlarda isə, Siseron demiş, "Qanunlar susar, silahlar danışar"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31