Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər  vəkili ilə görüşdü

Oktyabrın 8-də  İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər  vəkili xanım İngan Malem parlamentdə oldu və millət  vəkilləri ilə  görüşdü. Qonağı Milli Məclisin  Mədəniyyət komitəsinin sədri,  Azərbaycanın Asiya  Parlament Assambleyasındakı nümayəndə  heyətinin rəhbəri Qənirə Paşayeva  salamladı  və ona  ölkəmizdəki  fəaliyyətində uğurlar  arzuladı.

Oktyabrın 8-də  İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər  vəkili xanım İngan Malem parlamentdə oldu və millət  vəkilləri ilə  görüşdü.

Qonağı Milli Məclisin  Mədəniyyət komitəsinin sədri,  Azərbaycanın Asiya  Parlament Assambleyasındakı nümayəndə  heyətinin rəhbəri Qənirə Paşayeva  salamladı  və ona  ölkəmizdəki  fəaliyyətində uğurlar  arzuladı.

Azərbaycanın çox  gərgin bir  tarixi prosesdən  keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri  ona  cəbhə xəttindəki  son  vəziyyətlə  bağlı ətraflı məlumat verdi. Vurğulandı ki, cari ilin iyul ayında parlamentdə Qənirə Paşayevanın təmsil etdiyi  Azərbaycanın Tovuz  bölgəsi işğalçı  Ermənistanın  fasiləsiz  hücumlarına  məruz  qalıb, yüzlərlə mülki obyekt və fərdi evlər  dağıdılıb.  Çoxlu  sayda insan tələfatı  və  xəsarət  alanlar  olub.  Azərbaycan bu  itkilərin ağrısını hələ sovuşdurmadığı halda,   Ermənistan təzədən sentyabrın 27-də  başqa  bölgələrimizi intensiv  şəkildə  ağır  artilleriya atəşinə məruz  qoydu. Bu da xalqımızın illərdir  sülh  gözləntiləri  ilə yanaşdığı səbr  kasasını  daşırdı.  Azərbaycanın  dövlət  başçısı, Ali Baş Komandan  artıq  hərb  yolundan  başqa  çıxış  yolunun olmadığını xalqa  bəyan etdi. Bütün  cəbhə  boyu  sürətli əks-hücuma  başlanıldı. 

Qənirə Paşayeva  bildirdi ki, Azərbaycanın  savaşı haqq  savaşıdır. 30 ildən  artıqdır ki,  Ermənistan torpaqlarımıza  təcavüz edib. Nəticədə  bir  milyondan  artıq  soydaşımız  öz  dədə-baba  yurdlarından  didərgin düşüb, 20  faiz  torpaqlarımız  işğal  altındadır. İşğalçı  dövlət uzun illərdir  Azərbaycan  torpaqlarının  qeyd-şərtsiz azad  edilməsi ilə bağlı nə BMT-nin 4  qətnaməsinə, nə də digər  beynəlxalq  təşkilatların tələb  və tövsiyələrinə  məhəl qoymur.  Heç  vaxt  sülh  danışıqlarına tərəfdar olduğunu nümayış etdirməyib. İşğal nəticəsində Azərbaycan  iqtisadiyyatına, kənd  təsərrüfatına  külli miqdarda  ziyan  dəyib.  Hal-hazırda  da Ermənistan  cəbhə  xəttindən çox  kənarda  yerləşən  Mingəçevir, Gəncə kimi böyük  və  strateji əhəmiyyətə malik şəhərlərimizi, Ağcabədi, Beyləqan, Bərdə, hətta Bakının yaxınlığında olan Xızı və Abşeron  rayonlarını intensiv  şəkildə  raket zərbələrinə tutur. Yüzlərlə ev və  mülki obyekt  dağılıb,  200-ə yaxın insan xəsarət  alıb, 30-a  yaxın insan həlak olub.  Ölənlər  arasında  iki azyaşlı məktəbli var.  Ancaq, Azərbaycan ordusu böyük  güc  üstünlüyünə  malik olsa  da başqa  ölkənin bir  qarış torpağına  da müdaxilə etmir,  savaşı ancaq öz  ərazilərimizin düşmən  tapdağından  azad  edilməsi  uğrunda  aparır.

Komitə  sədri onu  da  qeyd  etdi ki, bu gün  müxtəlif  dövlətlərdə  yaşayan  50 milyondan  artıq  azərbaycanlı  Ali Baş Komandanın ətrafında  sıx  birləşib, onun haqq  savaşına  ürəkdən səs  verirlər.  Bu məqamda  dost  ölkələrin dəstəyinə də böyük  ehtiyacımız  var.  Çünki Ermənistan  bu müddət  ərzində müsəlman  dünyasına  da böyük mənəvi  zərərlər  vurub. İşğal  etdiyi  ərazilərdə  yüzlərlə mədəni-tarixi  abidələrimizi  dağıdıb, məscidlərimizi  təhqir  edib. Qənirə  Paşayeva  İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü  olan bir müsəlman ölkəsi kimi  bu tarixi ədalətsizliyə susqunluqla  yanaşmayacağına  ümidvar olduğunu bildirdi.

Görüşdə  iştirak  edən millət  vəkilləri Aydın Hüseynov  və İlham Məmmədov Azərbaycanın  iqtisadi  göstəricilərinin hər  zaman düşmənə  döz  dağı olduğunu  vurğuladılar, iştirakçısı  olduğumuz qlobal  layihələrdən, ev  sahibliyi  etdiyimiz   möhtəşəm  tədbirlərdən söz  açdılar. Deputatlarımız Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə son qoyulacağına, Azərbaycanın tarixi ədalətin bərpası üçün mübarizə yolunda  uğurla  irəliləyəcəyinə, işğal altında olan torpaqlarımızın hər bir qarışının erməni vandalizmindən azad ediləcəyinə  əminliklərini  bildirdilər. Coğrafi  və  dini əqidə  baxımından  yaxınlığımız olan dost İndoneziyanın  Azərbaycanın haqq  səsinə  səs  verəcəyinə, ölkəmizin ədalətli  mövqeyini  dəstəkləyəcəyinə dair istəklərini  dilə  gətirdilər.  

Görüş  üçün minnətdarlığını  bildirən İngan Malem İndoneziyanın Azərbaycanda  baş verənləri yaxından izlədiyini dedi.  Xalqlarımız  arasındakı   mənəvi yaxınlıqdan,  ölkəmizdə  müşahidə  etdiyi iqtisadi dirçəlişdən, beynəlxalq  təşkilatlardakı  birgə  əməkdaşlığımızdan  ağızdolusu  danışan  qonaq  Dağlıq  Qarabağda  baş verən  hadisələrdən  narahatlıqlarını  dilə  gətirdi.  O, sivil insanların öldürülməsinin,  cəbhə  xəttindən kənarda olan mülki obyektlərin və  evlərin dağıdılmasının  çox  üzücü  olduğunu,  müharibə  qanunları çərçivəsinə  sığmadığını   qeyd  etdi. Qonaq  bildirdi ki, onun  xalqı  bu  münaqişənin beynəlxalq  hüquq  normaları  çərçivəsində  həllinə tərəfdardır. O, burada danışılanları İndoneziya rəsmilərinə  çatdıracağını  söylədi. İngan Malem İndoneziya  Nümayəndələr  Palatası ilə Azərbaycan  parlamenti üzvləri arasında görüşlərin və qarşılıqlı  səfərlərin  intensivləşdirilməsinin münasibətlərimizin gələcək inkişafı baxımından  faydalı  ola biləcəyini  diqqətə  çatdırdı.

Milli Məclisin Mətbuat  və

ictimaiyyətlə əlaqələr  şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31