Paşinyanın siyasi səriştəsizlikdən irəli gələn biabırçılıqları
7 Oktyabr 2020 13:34 SiyasətYaxud özünü və ölkəsini rüsvay edən inqilabçı baş nazir
Hələ bir neçə il əvvəl sadə və ac-yalavac durumda olan erməni xalqının etimadından sui-sitifadə edərək hakimiyyəti güc yolu ilə zəbt edən Nikol Paşinyan elə zənn edirdi ki, hər şeyə eyni templə, qüvvə ilə nail olmaq mümkündür. Meydan eyforiyası, bir qədər də cəmiyyət dəstəyi Paşinyanı az qala Ermənistanın milli qəhrəmanına çevirmişdi. Lakin çox keçmədən erməni cəmiyyətinə aydın oldu ki, Nikol Paşinyan sabun köpüyü effektinə malikdir və xalq ona etimad göstərməkdə kifayət qədər yanılıb. Nəinki siyasi savada, hətta səlis danışıq qabiliyyətinə malik olmayan Nikol Paşinyanın erməni xalqı üçün bir bəla olduğu tədricən üzə çıxdı. Hakimiyyəti zəbt edən zaman xalqa verdiyi heç bir vədi yerinə yetirə bilməyən küçə adamı səriştəsiz və bacarıqsız gedişləri ilə ölkəsinin beynəlxalq aləmdəki imicinə də ciddi zərbə vurmuş oldu. Eyni zamanda Ermənistanın işğalçı, təcavüzkar bir dövlət olması reallığını ortaya qoydu. Məhz bunun göstəricisidir ki, sentyabrın 27-dən Qarabağ cəbhəsində başlayan genişmiqyaslı hərbi əməliyyatlar fonunda əksər beynəlxalq təşkilatlar, bir sıra dünya ölkələri haqqın, bir qədər də dəqiqləşdirsək Azərbaycanın tərəfində yer aldı. Bu müsbət tendensiya müxtəlif ölkələrin kütləvi informasiya vasitələri, televiziya kanallarında da özünü açıq şəkildə ehtiva etdi və döyüş bölgəsindən hazırlanan reportajlarda birmənalı olaraq qeyd edildi ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin düşməndən azad olunması uğrunda mübarizə aparır. Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın BBC kanalına verdiyi müsahibədə də bu məqamlar öz əksini tapdı. Jurnalist İohan Fişerin müsahibə boyunca Ermənistan baş nazirinə ünvanladığı sualların əsas motivi və mənası onu deməyə əsas verirdi ki, dünyaca məşhur bu televiziya kanalı da Ermənistanı işğalçı və təcavüzkar dövlət kimi tanıyır. Məsələn, telekanal əməkdaşının "İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib" sualı həm Ermənistan dövlətinin, həm də bu ölkə rəhbərliyinin işğalçı olduğu reallığını bir daha ortaya qoydu.
Müsahibə boyunca Ermənistan baş nazirinin bir-birini təkzib edən fikirləri, jurnlaistin sualları qarşısında aciz duruma düşməsi daha çox özünü büruzə verdi. Jurnalistin yuxarıda qeyd edilən sualını bütün dünyanın gözü qarşısında erməni xislətinə xas təkzib edən Nikol Paşinyan, jurnalistin digər sualına cavabında isə bir növ ölkəsinin işğalçı olduğunu təsdiqləyir.
İohan Fişerin "Siz münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?" sualına "bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi" - deyə cavab verən Paşinyan əslində Azərbaycan ərazilərini işğala məruz qoyduqlarını təsdiq edir.
Ümumiyyətlə, Ermənistan baş nazirinin bu kimi bir-birini təkzib edən, qeyri-yetkin və səriştəsiz açıqlamaları, müsahibələri ilə hər zaman "gündəm" olub ki, bu da Paşinyanın həm siyasi savadsızlığı, həm də tarixi gerçəklikləri bilməməsindən irəli gəlir. İstənilən situasiyada bir qədər sərt və düşündürücü suallar, arqumentlərlə qarşılaşdıqda isə, Ermənistanın inqilabçı baş naziri dərhal özünü itirir, dili topuq vurur və istər-istəməz bir-birini təkzib edən fikirlər səsləndirir. Yaxud "dil çaşıb sözün düzünü deyər" məsəlinə uyğun olaraq Paşinyan reallıqları, tarixi gerçəklikləri öz dili ilə təsdiqləyir. Necə ki, Münhen təhlükəsizlik konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə keçirilən debat zamanı dövlət başçımızın arqumentləri və tarixi faktları qarşısında aciz duruma düşərək "Qarabağ Azərbaycandır" tarixi reallğını eturaf etdiyi kimi.
Göründüyü kimi Ermənistanın baş naziri Nikol Paşinyan müntəzəm olaraq verdiyi bu tipli müsahibələrlə həm özü, həm də ölkəsini gülünc mənbəyinə, eyni zamanda qlnaq obyektinə çevrir. Bu dəfə də Paşinyan özünü və Ermənistanı növbəti dəfə BBC telekanalı vasityəsilə dünya ictimaiyyətinin qarşısında rüsvay etdi.
Süleyman
Olaylar.az