Azərbaycanın haqq mübarizəsinə qərəzli münasibət göstərənlər

Sentyabrın 27-dən başlayan erməni təxribatı Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin meydana çıxmasına gətirib çıxardı. Düşmənin təxribatçı addımları və ərazilərimizi yenidən işğal etmək cəhdinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı düşməni çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisi ilə üzləşdirdi. Eyni zamanda Azərbaycan Ordusu uzun illər işğal altında olan bir sıra ərazilərimizi düşməndən azad etdi.

Və dövlət başçısının həmin dairələrə diplomatiya dərsi

Sentyabrın 27-dən başlayan erməni təxribatı Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin meydana çıxmasına gətirib çıxardı. Düşmənin təxribatçı addımları və ərazilərimizi yenidən işğal etmək cəhdinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı düşməni çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisi ilə üzləşdirdi. Eyni zamanda Azərbaycan Ordusu uzun illər işğal altında olan bir sıra ərazilərimizi düşməndən azad etdi.

Hazırda Azərbaycanla Ermənistan arasında gərgin müharibə gedir. Bu arada regionda yenidən alovlanan hərbi qarşıdurmadan bir sıra beynəlxalq təşkilatlar və dünya dövlətləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin ciddi narahatçılıq keçirdiyi müşahidə edilir. Dünənə qədər rəsmi Bakının regionda sülhün təmin olunmasının vacibliyi barədə mesajları, Azərbaycan Prezidentinin dünyanın bir nömrəli siyasi təsisatı sayılan BMT-dən beynəlxalq aləmə Ermənistanın təcavüzkar siyasətinin dayandırılması barədə çağırış və xəbərdarlıqlarına məhəl qoymayanlar bu gün danışıqlar prosesindən, atəşkəsin əldə edilməsindən danışırlar. Səbəb isə odur ki, arxa-dayaq durduqları Ermənistan döyüş meydanında Azərbaycana uduzur.

Rəsmi Bakı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev isə haqlı olaraq bu gün atəşkəs çağırışı edən, sülhdən danışan ölkələri, təşkilatları qınayaraq Azərbaycanın bu istiqamətdəki çağırış və xəbərdarlıqlarına zamanında reaksiya verməli olduqlarıını ifadə edir. Elə bu günlərdə dövlət başçısı bir neçı nüfuzlu xarici KİV-lərə, televiziyalara, eləcə də "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə də bu mövqeyini açıq şəkildə dilə gətirib. Prezident bildirib ki, əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın "Qarabağ Ermənistandır" ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb: "Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin".

Dövlət başçısı bildirib ki, Azərbaycan sülh yolunu tapmaq istəyir. Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi: "Bu bəyanatdan sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi".

Prezident İlham Əliyev atəşkəs çağırışı edən ölkə və beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, diplomatiya bir şərtlə işləyə bilər: "Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır". Ümumiyyətlə, Azərbaycan Prezidenti Cənab İlham Əliyev son günlər nüfuzlu xarici telekanallara verdiyi müsahibələrlə bir növ rəsmi Bakının başlamış olduğu haqq mübarizəsinə qərəzli mövqedən yanaşanlara bir diplomatiya dərsi keçmiş oldu.

Dövlət başçısının xarici telekanallara verdiyi müsahibədə səsləndirdiyi fikirlər, qətiyyətli mövqeyə diqqət çəkən Milli Məclisin deputatı Eldəniz Səlimovun sözlərinə görə, yaşanan son proseslər göstərdi ki, Azərbaycanın haqq mübarizəsinə xüsusilə qərəzli münasibət göstərən Qərb dövlətlərinin, institutlarının, media qurumlarının fəaliyyətini, obyektivliyini və peşəkarlığını şübhə altına almağa tam əsaslar var və onların bütün bu illər ərzində səsləndirdiyi humanizm, ədalət və demokratiya fikirləri yalnızca gözdən pərdə asmaqdan ibarət olub: "Bununla belə, Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər. Halbuki, cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə nəinki adekvat, ümumiyyətlə reaksiya verilməyib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başladığı dövrdə isə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada qəbuledilməz bəyanatlar səsləndirməyə başlayıb. Bu, ikili standartların bəlkə də dünya üzrə ən bariz nümunəsidir, xüsusilə də bunun Fransa tərəfindən edilməsi isə elə də təəccüblü deyil. Fransa tarixdə dəfələrlə müxtəlif xalqlara qarşı soyqırım törətmiş və qəsbkar bir dövlətdir. 1830-1962-ci illərdə Əlcəzair xalqı 132 il Fransanın müstəmləkəçiliyindən qurtulmaq üçün mübarizə aparıb və nəticədə 1,5 milyon Əlcəairliyə qarşı soyqırım törədilib. Digər bir böyük soyqırım Fransa tərəfindən Cibutidə həyata keçirilib. Fransa  Cibutiyə 19-cu əsrin 60-cı illərində daxil olub və 1917-ci ildə bu müstəmləkəçiliyə qarşı başlanan azadlıq hərəkatında 100 minlərlə insan öldürülüb. 1881-ci ildə Fransa Tunisi işğal edərək onun işğalçılıq siyasətinə etiraz edənlərə və müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirib. Çad və Qabonda törədilən vəhşilik və qəsbkarlıq da bu soyqırımlar zəncirinin bir halqasıdır. Fransa Qabon torpaqlarında islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Fransanın mənfur siyasətinin nəticələri bu gün də davam etməkdədir. Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı mövcud savaş Fransanın Afrika bölgəsinə qoyduğu acı mirasdır. Bununla belə, Fransa bu gün başqalarının daxili işlərinə qarışaraq onları qınamaqdan, haqsız bəyanatlar verməkdən də çəkinmir. Makrona tövsiyə edirik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər və bəyanatlar verməkdənsə, Korsika xalqına öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə əsl "demokratiya" nümunəsi göstərsin".

Deputat qeyd edib ki, Makronun qeyd olunan bəyanatları münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə tamamilə zidd və qərəzlidir: "Belə bəyanatlar qəti şəkildə beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edə bilməz və belə bəyanatlarla Fransa əslində münaqişənin davam etdiyi 30 il ərzində tərəflərə göstərdiyi fərqli münasibəti tam aşkarlığı ilə ortaya qoymuş oldu. Hər hansı bir münaqişənin nizamlanmasında vasitəçiliyi öhdəsinə götürmüş dövlət tərəfsiz və qərəzsiz olmalı, davranışlarını və bəyanatlarını ədalətə və beynəlxalq hüquqa uyğun tənzimləməlidir. Lakin Fransa işğalçı Ermənistanı qınamalı və təzyiq göstərməli olduğu halda Ermənistana və ermənilərə xitabən "Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq" kimi qəbuledilməz bəyanat səsləndirir. Bu cür siyasi etikaya və beynəlxalq hüquqa sığmayan bəyanat onu göstərir ki, Fransa Minsk Qrupunun həmsədri funksiyasını həyata keçirməkdə psixoloji çətinlik çəkir. Makronun timsalında Fransa həmsədr kimi öz reputasiyasını tamamilə itirdi. Bu baxımdan o, həmin missiyanı ədalətli və qərəzsiz şəkildə yerinə yetirib-yetirə bilməyəcəyi barədə xüsusi açıqlama verməli, bu açıqlama yetərli olmadıqda və ya belə yanaşma təkrarlandığı halda onun Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsinə baxılmalıdır".

Eldəniz Səlimovun sözlərinə görə, Makronun Riqada Türkiyənin Azərbaycana mənəvi dəstəyi ilə bağlı səsləndirdiyi bəyanatları və "Şimali Qarabağın yenidən fəth edilməsi" kimi anlamsız fikirləri isə onun münaqişənin detalları və tarixi barədə xəbərdar olmasına belə şübhə yaradır: "Azərbaycan işğalçıya qarşı vətən müharibəsi aparır və Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əbədi və əzəli, beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan, bilməyən və ya qəbul etmək istəməyən vasitəçinin və ya digər hər hansı qurum və ya dövlətlərin missiyasına ehtiyac yoxdur. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək üçün ən ali hüququnu reallaşdırdığı bir vaxtda Fransa kimi dövlətlər beynəlxalq hüquqa və özlərinin bütün dünyaya elan etdikləri "sülh, ədalət və demokratiya carçılığı"na uyğun olmayan, yaraşmayan şəkildə hərəkət edirlər. Əlbəttə ki, öz suverenlyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur. Fransa kimi dövlətlərin və dövlət rəsmilərinin isə buna əlavə olaraq həm də mənəvi haqqı yoxdur. Azərbaycan işğal edilmiş ərazilərinin hamısı azad edilənə qədər öz mübarizəsini davam etdirəcəkdir. Bu mübarizədə dövlətimizə, o cümlədən dövlət başçımız cənab Prezident İlham Əliyevə göstərdiyi etimad və dəstəyə görə xalqımıza dərin təşəkkürümü bildirir və göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm.  Allah tezliklə hamımızı və şəhidlərimizin ruhunu tam qələbə xəbəri ilə sevindirsin".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31