İlham Əliyev TŞ-nin iclasında elan etdi ki... – Şərh

Müharibə Ermənistanın problemlərini artırıb. Ermənistan müharibənin ilk günündən başlayaraq “qan bankına” ehtiyac duyduğunu bəyan edib, yaralıların sayı çox olduğuna görə xəstəxanalara mülki əhalinin qəbulu dayandırılıb, gənclərin Ermənistan xaricinə çıxışına qadağa qoyulub.

Müharibə Ermənistanın problemlərini artırıb. Ermənistan müharibənin ilk günündən başlayaraq "qan bankına" ehtiyac duyduğunu bəyan edib, yaralıların sayı çox olduğuna görə xəstəxanalara mülki əhalinin qəbulu dayandırılıb, gənclərin Ermənistan xaricinə çıxışına qadağa qoyulub.

Olaylar.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağ ətrafında baş verən son prosesləri şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan Ordusu Qarabağda əks-hücum əməliyyatlarını uğurla davam etdirir:

"Müharibədə hansı tərəfin daha çox insan potensialı, hərbi texnikası varsa, həmin tərəf uğur qazanacaq. Azərbaycan bütün parametrlərə görə Ermənistanı üstələyir. Azərbaycanın əhalisi Ermənistanın əhalisindən 5 dəfə çoxdur, hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur.

Dağlıq Qarabağda müharibə dünyanın diqqət mərkəzindədir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana atəşkəs çağırışı edirlər. Bunlar normaldır və gözləniləndir. Azərbaycan bir şərtlə yenidən atəşkəs elan edib danışıqlara razılaşa bilər: Ermənistan ordusu Azərbaycan ərazilərini tərk etməlidir! Bu şərti Ermənistan hakimiyyəti qəbul etmədiyinə görə döyüşlər davam edəcək.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən ABŞ və Fransanın Cənubi Qafqaza təsir imkanları azdır. Fransa Prezidenti Emmanuel Makronun isə Cənubi Qafqaz siyasəti yanlışdır. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var idi. Sarkozi prezident olarkən həm Ermənistana, həm də Azərbaycana səfərlər etmişdi. Emmanuel Makron isə prezident olduqdan sonra yalnız Ermənistana səfər etdi, Azərbaycana gəlmədi. Makron bununla Ermənistana üstünlük verdiyini göstərdi. Makron son açıqlamalarında Ermənistanı müdafiə edir. Makronun bu siyasəti Fransa-Azərbaycan münasibətlərinə zərər verəcək. Digər tərəfdən, Bakı bundan sonra Parisin vasitəçilik təşəbbüslərini qəbul etməyəcək. Makrondan fərqli olaraq ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmaq istəmir. Trampın bu mövqeyi Azərbaycanın maraqlarına uyğundur.

Həmsədr ölkələrdən yalnız Rusiya prosesə müdaxilə edə bilər. Kreml müharibənin ilk günlərində neytral qalmağa üstünlük verirdi. Ancaq Kreml son günlər təzyiqi artırmağa çalışır".

Politoloqun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan son günlər Türkiyənin adını çox hallandırır. Paşinyanın bununla iki məqsədi var:

"Onun birinci məqsədi Ermənistanın Dağlıq Qarabağda Türkiyə hərbçiləri ilə savaşdığı ajiotajını yaratmaqdır. Paşinyan bununla Azərbaycan Ordusunun qazandığı uğurları kiçiltməyə çalışır. Paşinyanın Türkiyənin adını mütəmadi hallandırmaqda digər məqsədi Rusiyanın Ermənistana hərbi dəstəyini təmin etməkdir.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir və dünyada bunu hamı belə qəbul edir. Türkiyə rəsmiləri açıq deyirlər ki, Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Buna baxmayaraq, Azərbaycan Ordusunun qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdə Türkiyə hərbçilərinin iştirakına ehtiyacı yoxdur. Ancaq o da faktdır ki, Türkiyənin Azərbaycana dəstəyi bölgədə sabitləşdirici rol oynayır.

Birincisi, Türkiyə Liviyada, İraqda və Suriyada olduğu kimi, Cənubi Qafqazda da varlığını ortaya qoyub. Bu amillə Rusiya da hesablaşmağa başlayıb. Təsadüfi deyil ki, Dağlıq Qarabağda savaş getdiyi günlərdə Rusiyanın və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub.

İkincisi, Türkiyənin Azərbaycanla hərbi müttəfiqliyi Ermənistana mesajdır ki, Bakı kimi Ankara da Dağlıq Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad olunmasını tələb edir.

Buna baxmayaraq, Nikol Paşinyan hər vasitə ilə Rusiyanın hərbi dəstəyinə nail olmaq istəyir. Bunun üçün əsas yoxdur. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan saxta xəbərlər yayıb ki, guya Türkiyənin F-16 təyyarələri Ermənistan səmasında onların hərbi təyyarələrini vurub. Məqsəd Rusiyanın Türkiyəyə qarşı adekvat addım atmasına nail olmaq idi. Bundan başqa, Paşinyan deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazalarından istifadə edə bilərlər. Buna Paşinyan qərar verə bilməz, Kremlin qərarı olmalıdır. Belə bir qərarın verilməsi Rusiya üçün regional riskləri artıracaq".

Politoloq Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistan tərəfdən iştirak edəcəyi halda Kremlin iki mənfi nəticə ilə üzləşəcəyini bildirib:

"Birincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Məntiqlə bu, Kremlin maraqlarına cavab vermir. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqi olsa da, Kremlin Bakı və Ankara ilə tərəfdaşlıq münasibətləri var və bu, bütün tərəflər üçün faydalıdır. Azərbaycan və Türkiyə Rusiyanın bölgədə əsas iqtisadi tərəfdaşlarıdır, birgə layihələr reallaşdırılır. Kreml Dağlıq Qarabağa görə bütün bunlardan imtina etməyə hazırdırmı?

İkincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, müharibənin sərhədi genişlənəcək, Şimali Qafqazda Rusiya üçün təhlükəli proseslər başlaya bilər.

Prezident İlham Əliyev işi yarımçıq dayandırmayacaq. Azərbaycan və Türkiyə bu problemin birdəfəlik həllini istəyir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında deyib ki, Azərbaycan xalqı problemin birdəfəlik həllini tələb edir və o, bu prosesi son çatdırmaq niyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31