Bəhruz Quliyev: “Makrona erməni seçicisinin səsi lazımdır”- RƏY
“Fransa prezidenti Emmanuel Makronun açıq-aşkar Ermənistanın təcavüzkar siyasətinə dəstək göstərməsi heç bir siyasi nüfuza, diplomatik dəyərlərə ucalıq gətirən, yaxud üstünlük verən hal deyil və o, işğalçıya “səninləyəm” deməklə əslində özünün siyasəti ətrafında çox utancverici hal yaradıb”.
2 Oktyabr 2020 13:56 Siyasət"Fransa prezidenti Emmanuel Makronun açıq-aşkar Ermənistanın təcavüzkar siyasətinə dəstək göstərməsi heç bir siyasi nüfuza, diplomatik dəyərlərə ucalıq gətirən, yaxud üstünlük verən hal deyil və o, işğalçıya "səninləyəm" deməklə əslində özünün siyasəti ətrafında çox utancverici hal yaradıb".
Bu fikirləri Olaylar.az "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa prezidenti ATƏT-in üzv ölkələrindən biri olduğunu ya unudub, ya da hazırkı dövrə qədər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə gizli, ya da aşkar dəstək göstərdiyini etiraf edib: "Makron ATƏT-in bütün müvafiq tələbləri pozmaqla, birtərəfli bəyanatlar səsləndirməklə, qurumun balans siyasətinə də xələl gətirib və faktdır ki, onun belə bir addıma getməsi öz siyasi ömrünü uzatmağa hesablanıb. Çünki Fransa növbəti prezident seçkiləri ərəfəsindədir və fəaliyyəti dövründə heç bir ciddi siyasi nailiyyətlər əldə edə bilməyən Makron seçici qıtlığından zərər çəkəcəyini yaxşı anlayır. Ona hər hansı bir uğur qazanması üçün Fransa ermənilərinin dəstəyi lazımdır və o da bu dəstəyi əldə etmək üçün beynəlxalq tələbləri belə ayaq altına almaqdadır".
"Belə düşünürəm ki, Fransa prezidenti üçün Cənubi Qafqazdakı münaqişə, dinc azərbaycanlıların qətlə yetirilməsi, Ermənistanın açıq-aşkar terror qruplaşmalarını münaqişəyə cəlb etməsi elə də maraqlı deyil, ona maraqlı olan erməni dəstəyidir", deyən Bəhruz Quliyev onu da xatırladıb ki, əslində Makron bununla ölkəsinin bütövlükdə müsəlman ölkələrinə qarşı münasibətdə radikal mövqedə dayandığını isbatlayıb: "Bu gün bütün dünya bilir və xatırlayır ki, Fransa dövləti anti-müsəlman siyasəti ilə zamanında yüz minlərlə əlcəzairlini, liviyalını necə qətl edib. İndi də həmin baxış bucağı müsəlman Azərbaycana qarşı yönəlib, əlbəttə ki, ermənilərin əli ilə".
"Deyərdim ki, Makron artıq Avropada və dünyada ciddi siyasətçi kimi qəbul olunmur", bildirən siyasi ekspertə görə, onun dövlət adamı kimi hər hansı bir keyfiyyətləri də yoxdur. Əbəs deyil ki, vaxtilə ona səs verən fransızların əksəriyyəti indi peşman olduqlarını açıq-aydın ifadə edirlər: "Fransada insan haqları kütləvi qaydada pozulur, sadə fransız işçilərin hansı əzablara qatlandıqlarını biz sarı jiletlilərin kütləvi etiraz aksiyalarında da müşahidə etdik. PoliS zorakılığından tutmuş ən sərt cəza tədbirlərinə qədər əl atan fransız hakimiyyəti indi Makronun timsalında uğursuzluqla qarşı-qarşıya qalıb. Hətta Makronun fəaliyyətinin mövcud vəziyyəti, eləcə də erməniləri dəstəkləməsi belə, sadə fraNsızlara heç bir səmərə, başucalığı gətirməməkdədir. Bu siyasi rüsvayçılıqdır".
"Hesab edirəm ki, Emmanuel Makronun sözügedən siyasi addımları vaxtilə etibarlı əsaslara söykənən Azərbaycan-Fransa münasibətlərinə köklü zərbələr vurmaqdadır", deyə qeyd edən "SƏS" qəzetinin baş redaktoru vurğulayıb ki, doğru düşünməyi və nəticələr çıxarmağı bacaran sadə fransız xalqı da bu reallığı yaxşı bilir.