Parisin ermənipərəst mövqeyi

Yaxud işğalçıdan başqa bir mövqe gözləməyə dəyərmi?

Yaxud işğalçıdan başqa bir mövqe gözləməyə dəyərmi?

Sentyabrın 27-də baş verən növbəti erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatlarına keçməsi və nəticədə uzun illər işğal altında olan bir sıra ərazilərin işğaldan azad edilməsi fonunda qlobal miqyasda müşahidə etdiyimiz mənzərə ondan ibarət oldu ki,  Azərbaycanın düşməni təkcə Ermənistan hakimiyyəti və ona rəhbərlik edən cinayətkar rejim deyilmiş. Özünü Azərbaycana dost hesab edib, lakin dostluq, ikitərəfli münasibətlərə zidd siyasət həyata keçirən bir sıra dövlətlər də elə Ermənistan qədər Azərbaycan üçün təhlükəliymiş.  Hər halda hərbi əməliyyatların getdiyi günlərdə işğalçı Ermənistana hərbi yardımın göstərilməsi, Azərbaycanın işğal altında olan ərazilərini azad etmək uğrunda başladığı mübarizədən müəyyən ölkələrin ciddi narahatçılıq keçirməsi bunu təsdiqləyir.

Cəbhədə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar fonunda ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqe sərgiləyən ölkələr sırasında təəssüflər olsun ki, Fransa da yer almaqdadır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin nizamlanmasına yönəlik cəhdlər, təşəbbüslərdən daha çox işğalçıya bəraət qazandırmaq, onu himayə etmək kimi bir davranış ortaya qoyan Paris nə qədər qəribə və təccüblü də olsa işğalçıya işğal etdiyi əraziləri dərhal tərk etmək çağırışı etmək əvəzinə, Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb edir. Halbuki Parisin timsalında Fransa prezidenti Emmanuel Makronun rəsmi Bakıya belə bir çağırış etməsi özü beynəlxalq hüquq və normalara qarşı çıxmaq, ərazi bütövlüyünün pozulması cəhdlərinə şərik olmaq deməkdir. Çünki hazırda Azərbaycan Respublikası, onun qüdrətli Ordusu heç bir ölkənin ərazisinə müdaxilə etmir. Rəsmi Bakı beynəlxalq hüququn ona verdiyi imkanlardan yararlanaraq Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərini azad etmək uğrunda mübarizə aparır, müharibə edir.  Belə bir şəraitdə Fransa prezidentinin Azərbaycana hərbi əməliyyatları dayandırmaq barədə çağırış etməsi Parisin açıq-aşkar ermənipərəst mövqe sərgilədiyini ortaya qoyur.

Bu gün sülhdən, diplomatiyadan ağız dolusu danışan Fransa prezidenti Makrona gün kimi aydındır ki, Azərbaycan tərəfi hər zaman problemin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlarla həll olunmasına tərəfdar olub və ötən 30 ildə Bakı bu siyasətə sadiqlik nümayiş etdirib. Lakin Azərbaycanın bu humanist davranışları və səbr nümayişindən nə işğalçı Ermənistan, nə də bu gün ona açıq-aşkar dəstək gösrərən Fransa kimi ölkələr heç bir nəticə çıxarmayıb, problemin həlli istiqamətində hər hansı bir addım atmayıblar. Lazım gələndə istədikləri ölkələrə qarşı sanksiya tətbiq edib, həmin ölkəni küncə dirəməyi bacaran dünya birliyi, beynəlxalq təşkilatlar, Birləşmiş Ştatlar, Fransa və bu kimi ölkələr eyni münasibəti Dağlıq Qarabağ probleminin həllinə yönəltməyiblər. Əgər Fransa prezidenti Makron doğurdan da regionda sülh, sabitlik tərəfdarı olsaydı, o zaman Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin erməni təxribatı baş vermədən bir neçı saat əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı dünya dövlətlərinə ünvanladığı xəbərdarlıqdan nəticə çıxarar, Ermənistanın işğal etdiyi ərazilərdə yol verdiyi qeyri-qanuni hərəkətlərə göz yummazdı.

Düzdür, Fransanın sərgilədiyi ermənipərəsət mövqe onun ATƏT-in Minsk Qrupundakı vasitəçilik missiyasına daban-dabana ziddir və münaqişənin tənzimlənməsi missiyası ilə məşğul olmalıykən Paris açıq-aşkar tərəf tutur, Ermənistanın mövqeyindən çıxış edir. Bununla da işğalçıya aşkar şəkildə bəraət qazandırır, ona haqq verir. Ancaq məsələnin digər tərəfində gəldikdə, Fransanın işğala haqq qazandırması başadüşüləndir. Çünki Fransanın özü tarixdə işğalçı bir dövlət adını qazanıb. Yaxın və uzaq tariximizdə Əlcəzairdə, Liviyada yaşayan olaylar Parisin işğalçı siysət həyata keçirən bir ölkə olduğunu təsdiqləyir və ona görə də indiki situasiyada Paris keçmiş ənənəsinə sadiq qalaraq işğala haqq qazandırır. Əslində Fransa kimi işğalçı bir ölkənin ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi daxil edilməsi zamanında atılmış yalnış addım idi. Belə olan halda işğalçıdan başqa bir mövqe gözləməyə dəyərmi?

Ümumiyyətlə isə, Fransada tarixən müsəlmana, türkə qarşı patoloji nifrət hissi hökm sürüb. Həm Əlcəzair, Liviya örnəyi, həm də bu ölkənin qanunverici orqanında qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin gündəmə gəlməsi fonunda bunu aydın görə bilirik. Odur ki, bütün bunları nəzərə alaraq işğal altında olan ərazilərimizi düşməndən azad etdikdən sonra ermənipərəst ölkələrlə münasibətlərə yenidən nəzər salmaq zərurəti yaranacaq. Prezident İlham Əliyevin təbirincə desək, bu ərəfədə kimin bizə dost, kiminsə düşmən olduğunu aydın şəkildə görə bildik.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31