Antonio Quterreş: "COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır, lakin onunla mübarizə apara bilərik"

BMT-də koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksəksəviyyəli görüş keçirilir. Görüş "COVID-19 pandemiyasının sonunu yaxınlaşdırmaq" şüarı altında təşkil olunur.

AZƏRTAC   bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.

Baş katib COVID-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb: "Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVID-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır".

O, COVID-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladaraq deyib: "Yoluxma halları artmaqdadır və bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətlərini görürük". BMT rəhbəri vurğulayıb ki, testlərə və müalicəyə çıxışın genişləndirilməsi və COVID-19 vaksinin həqiqətən hər kəs üçün əlçatan olması - bu hədəflər hər ölkənin milli və iqtisadi maraqlarına cavab verir. Beynəlxalq ictimaiyyət artıq lazımi vasitəyə malikdir - bu, ACT-Accelerator və COVAX vaksinləri üzrə onun komponentidir.

ACT-Accelerator - COVID-19 ilə mübarizə aparmaq üçün vəsaitlərə çıxışı sürətləndirmək təşəbbüsü bu ilin aprel ayında irəli sürülmüşdü. Bu yeni mexanizmin məqsədi COVID-19-a qarşı diaqnostika, müalicə vasitələrinin və vaksinlərin hazırlanmasını, istehsalını və ədalətli paylanmasını sürətləndirməkdən ibarətdir.

Quterreş xatırladıb ki, bu həftə ACT-Accelerator sayəsində orta və aşağı gəlirli ölkələrin COVID-19 üçün 120 milyon yüksək keyfiyyətli və ucuz sürətli test ala biləcəkləri elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31