Arzu Nağıyev: "Makron Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır"
2 Oktyabr 2020 12:09 SiyasətFransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı son bəyanatı qeyri-adekvat bəyanatdır və heç bir çərçivəyə sığmır.
Bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, beynəlxalq mandata zidd olan bəyanatlar sülhə deyil, balansın poluzmasına gətirib çıxarır: "Balansı qorumaq Fransa tərəfinin birmənlı şəkildə işidir. Çox təəssüflər olsun ki, Fransa prezidenti cənab Makron çox qeyri-adekvat mövqedən çıxış edir. Düşünürəm ki, burada əsas məqam ondan ibarətdir ki, Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda sanki mübarizə aparır. Bu əvvəllər də belə olub. Bir sıra erməni rəhbərləri olan şirkətləri vasitəsilə onlar nəyəsə nail olub, sonra belə bəyanatlarla yadda qalırlar".
A.Nağiyev qeyd edib ki, Fransa tarixən müsəlman dövlətlərinə qarşı, eyni zamanda Əlcəzairə, Liviyaya qarşı daim öz mövqesini bildirib və onun da sonun nə ilə nəticələndiyini hamı bilir: "Düşünürəm ki, bu gün Fransa kimi bir dövlətin başçısı olan Makron düşünməlidir ki, vaxtilə bu dövlətin De Qoll kimi başçısı olub və onun Azərbaycana qarşı olan münasibəti, mübrizəyə qarşı olan münasibəti nə cür olub. Eyni zamanda Fransa ilə Azərbaycan xalqları arasında daim dostluq şəraitində bir çox addımlar atılıb. Məlum məsələdir ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən sonra ilk səfərini Fransaya edib. Bu gün Azərbaycanla Fransa arasında çox ciddi neft müqavilələri var və Fransa bütün bunları nəzərə almalıdır. Bütün bunların fonunda Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil. Sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına gətirib çıxaran bəyanatlar verdilər. Ona görə, də ATƏT-in Minsk Qrupunun formatına yenidən baxılmalıdır və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir".