Azərbaycan Türk dünyasının, İslam aləminin bütün mənalarda birliyi baxımından açar ölkədir -MÜSAHİBƏ-ÖZƏL

Telman Nüsrətoğlu: "Qarabağ bütün Türk dünyası üçün qırmızı çizgı halına gəlməlidir"

Son illər İslam aləmi, türk coğrafiyasında maraqlı proseslər cərəyan edir. Hər iki cəbhənin, dünyanın inkişaf, tərəqqi yolu keçməsi həm islamafobiya, həm də türkofobiya kimi  mənfi tendensiyaların meydana çıxmasına səbəb olub. Biz də qlobal miqyasda baş verən bu proseslərə nəzər yetirmək üçün Türk İslam Araşdırmalar Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Telman Nüsrətoğlu Azərbaycan və Türkiyənin türk dünyasındakı yeri və rolundan da söhbət açıb.

-Telman müəllim, Türk İslam Araşdırmalar Mərkəzi olaraq hazırda türk dünyası və İslam aləmində cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə sadəcə Türk İslam aləmi deyil,  bütün dünya iqtisadi münasibətlər sistemindən geopolitiq güc episentrinin dəyişiminə qədər ciddi transformasiya prosesinin içindədir. Əlbətdə köhnə sistem və güc dağılımının əsasında şəkillənsə də çox qütüblü yeni dünya nizamının da konturlarının yavaş-yavaş ortaya çıxdığını  müşahidə edirik. Türk İslam aləminə gəlincə  Şərqi Türküstandan Aralıq dənizinə yerləşdikləri coğrafiyanın dünya geopolitikası , stratejiq  Avrasiya   hakimiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu idrak etsək nədən  bir neçə əsrdir müxtəlif güc mərkəzlərinin müstəmləkə siyasətinin hədəfi halına gəldiklərini anlaya bilərik. Çinin yüksəlişiylə tarixi İpək yolu yenidən canlanırkən , Asiya yeni cazibə mərkəzi halına gəlirkən Türk islam coğrafiyalarının əhəmmiyəti daha da artır. Türk dünyası keçən əsrki  vəziyyətlə müqayisədə daha əlverişli vəziyyətdədir. Müstəqil dövlətləri , orduları, kəşfiyyatları, mili iqtisadiyyatları var. Ancaq Rus müstəmləkəciliyinin gətirdiyi problemlər də ortadadır. Çətin coğrafiyada yaşayırıq, amma imperyal təsirlərdən, hücrələrdən qurtularaq  zehniyyət , sistem dəyişiminı sürətləndirib ortaq güc ortaya çıxarmaqdan başqa da çarəmiz yoxdu. Bunun üçün təhlükəsizlik bürokratiyasından təhsilə  milli dövləti , müstəqilliyi təhlükələrdən qoruyacaq yerli və milli kadrları iş başına gətirəcək sistemi qurmalı, coğrafiyamızın da, qədərimizin də sahibi özümüz olmalıyıq. Türkiyə də Türk dünyasının lokomotiv gücü kimi bu dəyişimdə, Türk dünyasının müstəqilliyinin daha da dərinləşdirilməsində maraqlıdır. Potensial gücümüz var, amma onu aktiv gücə cevirmək məcburiyyətindəyik. İslam ölkələrindəki durum isə bütövlükdə  mürəkkəb və çoxyönlü bir dəyərləndirmə tələb edir. Ona ayrıca toxunarıq.

-Rəhbərlik etdiyiniz mərkəz Azərbaycanın hər iki coğrafiya ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hansı layihələr, tədbirlər həyata keçirir?

-Bizim  araşdırma mərkəzi bir elm və düşüncə quruluşu kimi tarix, etnoqrafiya, mədəniyyət , dil və din kimi sahələrďə araşdırmalar apararaq tarixdən günümüzə  Türk İslam aləminin doğru anlaşılmasına, bir-biriylə  yaxınlaşmasına töhfə vermək üçün qurulub. Bu günə qədər Mosul - Kərkük cöğrafiyasından,   Türküstana qədər tariximiz və günümüzün məsələləriylə bağlı müxtəlif konfranslar , panellər keçirməyə , elmi araşdırmalar , hesabatlar hazırlamağa çalışmışıq.

-Sirr deyil ki, hazırda dünyada həm türk, həm də islamafobiya kimi mənfi fəsadlar, meyillər mövcuddur. Bu mənfi tendensiyanın aradan qaldırılması üçün hər iki coğrafiyada təmsil olunan dövlətlərin sözün həqiqi mənasında birlik nümayiş etdirməsi zəruri deyilmi?

-Türk dünyasının birliyini zəruri edən faktorar , amillər, əngəllərlə  bağlı azacıq danısdıq. Xüsusilə Özbəkistanın da Türk Şurasına üzv olması , Azərbaycan və Türkiyə arasında stratejiq proyektlərin uģurla davam etməsi , ortaq güc formalaşdırılması istiqamətində atılan addımlar ümidlərimizi daha da artırır. Lakin bu geniş Türk arealının birlik olmasını, oynanan oyunları dəf edərək milli məsələlərini həll etməsini istəməyən güclər var və onlar da boş durmur. Türk milləti tarix boyu qurduğu böyük dövlətlərlə dinindən , dilindən asılı olmadan müxtəlif millətləri , mədəniyyətləri xoşgörü, böyük bir tolerantlıqla idarə etdi. İpək yolu coğrafiyasına hakim olduqları üćün ticarətlə bərabər fikirləri , dinləri də çuğlaşdıraraq idarə etdilər , kimsənin kilsəsinə , sinaqoquna , tapınağına toxunmadılar . Bütün bu müxtəlifliyi zənginlik olaraq gördülər . Türkofob, İslamafob düşüncələrdən , əsassız qorxulardan bəslənənlər bu böyük güc və mədəniyət həmləsinin yenidən bölgə xalqlarının cazibəsi halına gəlməsini , sömürü düzənlərinin, ikili standart siyasətlərinin yıxılmsını istəmirlər. Ona görə Türk İslam aləmi elmdən yüksək texnoligiyaya daha çox yatırım edərək yeni bir Türk intibahı başlatmalı və yeni dünya nizamında layiq olduğu yerini almalıdır. Yeni dövrün dili elm, texnologiya , beyinə yatırımdır. Rəqabət , resurslara və iqtisadiyyata hakim olmaq üçün müxtəlif faktorların  istifadə edildiyi amansız bir mübarizə dövrü bizi gözləyir. İslam dünyasında , xüsusilə Ərəb dünyasındakı duruma bir az daha yaxından baxarsaq, təəssüf ki, xalqlar və devrilmiş rejimlər, elitalar  həqiqətini görmüs olarıq. Məhz tarixi arxa planıyla bu həqiqəti idrak etdiyimiz  zaman Ərəb dünyasının niyə problemlərini həll edə bilmədiyini, niyə bəzi Ərəb ölkələrinin  dostunun deyil , düsmənin yanında yer aldığını , bu qədər zənginliyə  baxmayaraq ortaya ciddi bir istehsal , universitet, marka qoya bilmədiklərini də anlamış olarıq. Ərəb dövlətləri  İslam dünyasının son qüdrətli dövləti Osmanlı parçalanaraq, dağıdılaraq  quruldu. Və onları da bir nəçə yerə bölərək , elitalarını ələ alaraq qurdular. Bu gün Türkiyə Liviyada o ölkənin stabilliyi , mustəqilliyi , imperialistlərin cəngindən qurtarılmsı üçün böyük bir mübarizə aparır. Amma təəssüf ki,  Birləşmiş Ərəb Əmirliyi  , Səudiyyə , Misir kimi dövlətlər də orada ağalarının təlimatıyla Türkiyəyə qarşı həmlələr edirlər. Ərəb xalqlarında İslam dünyasının izzəti üçün mübarizə aparan Türkiyəyə bir sevgi var. Amma bu bəzi Ərəb ölkələrinin idarəçilərində yoxdur. Çünkü iradələri öz əllərində deyil. Ancaq gündən-günə güclənən Türkiyə həqiqəti onların da siyasətlərinə yenidən baxmalarına səbəb olacaq.

-Görünən odur ki, türkdilli dövlətlər arasında birlik, həmrəylik daha çox özünü büruzə verir. Bu prosesdə Azərbaycan və Türkiyənin rolunu necə dəyərləndirərdiniz?

-Tək millət, iki dövlət olan Türkiyə ilə Azərbaycanın qardaşlığının elə tarixi dərinliyi var ki, bunu heç bir xarici güc sarsıda bilməz. Hər iki tərəfdən "beşinci kalonu" təmsil edən bəzi marjinal qüvvələr buna təşəbbüs etsələr də hər iki toplum buna imkan verməz. Bundan sonra artıq hər mənada Türkiyə ilə Azərbaycanın ortaqlıqlarının , inteqrasiyasının daha da dərinləşdirilməsi müzakirə edilə bilər. Azərbaycanla  Türkiyə birliyi  Türküstanla əlaqələrin dərinləşdirilməsi baxımından da modeldir, nüvədir. Enerjiylə birlikdə önümüzdəki dövr xüsusilə müdafiə sənayesi , hərbi sahədə birgə proyektlərin artacağını düşünürəm. Və bölgəmizdə yaşanan hadisələri , ermənilərin son Tovuz hücumunu da nəzərə alsaq, buna böyük ehtiyac var. Qarabağ Türkiyə prezidenti Ərdoğanın ifadə etdiyi kimi Türkiyənin də milli məsələsidir. Çünkü Qarabağ Türk Birliyinin , bütöv Azərbaycanın da qapısıdır . Bizim güclü olmamızı, bir olmamızı istəməyən qüvvələr bu qapıya erməni kilidi vurmağa çalışırlar. Ancaq artıq ox yaydan cıxıb . Azərbaycanın torpaqlarını  işğal altında tutmaq regiondakı stabilliyi baltalamaq, əməkdaşlıq və uzlaşma mühitini yox etmək deməkdir. Coğrafiyamızdakı Türk islam  faktorunu  , Azərbaycanın tarixi hiterlandını diqqətə almayan , sadəcə erməniləri maşa olaraq istafadə etməyə davam edən, onları öz himayəsi altında tutan  Rusiya təsir imkanlarını, gücünü itirməyə məhkumdur.

-Türkiyədən söz düşmüşkən, Ayasofyanın məscid kimi istifadəyə verilməsinə qarşı münasibət birmənalı olmadı və Azərbaycanın özündə də bununla bağlı fərqli fikirlər səsləndi. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

-İstanbul fəth edildikdən sonra Ayasofya əsrlər boyu məscid kimi müsəlmanların ibadətinə açıq olub. Ora Bizansın siyasi- dini mərkəzi olduğu üçün   fətihdən sonra hakimıyət altına almaq , məscid halına gətirmək yeni bir çağın başladığını ortaya qoyan mesajları etibarilə də mühüm idi və edildi. Ümumiyyətlə isə Osmanli dövləti təbası olan xristian əhaliyə böyük bir xoşgörüylə yanaşıb , kilsələrə , sinaqoqlara toxunmayıb. Hamısını himayəsi altına alıb. Osmanlı arxivi dövlətin öz vəsaitiylə müxtəlif coğrafiyalarda kilələri, sinaqoqları təmir etdirdiyi , din adamlarını maddi cəhətdən dəstəklədiyi sənədlərlə doludur. Nə qədər xristian dövlət adamları olub. Ancaq biz bu prosesi, anlayışı, xoşgörüyü Endülüsdə ,  1552 də Kazan xanlıği işğal edilərkən görmürük. Yəni Türk milləti tarix boyu xoşgörüşüylə bilinib. Ayasofya isə əslinə qaytarılmış oldu..Türkiyədə çox böyük bir təbəqə bunu arzulayırdı və təkrar ibadətə açıldı. Əlbəttə zamanlaması, xarici təzyiqlərə boyun əymədən həyata keçirilməsi etibarilə dünyaya , müəyyən dairələrə bir mesajı da var bu addımın.

-Azərbaycan müsəlman dövlət olub, İslam Əməkdaşlıq Təşkilatının altiv üzvlərindən olsa da, lakin bir sıra hallarda bəzi müsəlman ölkələrinin Ermənistana istər iqtisadi, istərsə də hərbi yardım belə etdiklərini görürük. Bu halda islam həmrəyliyindən danışmaq nə dərəcədə qeyri-normal görünür? -Ümumiyyətlə, Azərbaycanın həm İslam, həm də Türk dünyasında yeri və rolunu necə qiymətləndirirsiniz?

-Biz  QHT sektorundan media və elm adamlarına qədər hər birimiz İslam ölkələriylə daha intensiv iş aparmalı, əlaqələr qurmalıyıq. Haqlı davamız olan Qarabağ məsələsi , erməni separatizmi , işğal altında olan torpaqlarımızda yer alan məscidlərimizi xarabazara çevirmələri , İranın nədən erməni dövlətinə yardım etdiyi kimi mövzular Yaxın Şərqin müsəlman ölkələrinə  daha ətraflı şəkildə anlatılmalıdır. Azərbaycan Türk dünyasının da, İslam aləminin də   bütün mənalarda birliyi baxımından açar ölkədir.

-Hər zaman belə bir fikir səslənir ki, Qarabağ, eləcə də işğal altında olan ərazilər Türk bilriyinə gedən bir qapıdır. O halda nə üçün bütün türkdilli ölkələr bu qapının təhlükəsizliyi, açılması üçün çalışmırlar?

-Ölkəmizin Türk dünyasına yönəlik daha çevik və çoxşaxəli siyasət aparmasına  ehtiyac var. Bu gün Qarabağ, Kırım sabah da Türküstanın hər hansı bir vilayəti əməliyyat stolunda ola bilər. Bunun qarşısını almanın tək yolu birlik olmaqdır. Qarabağ bütün Türk dünyası üçün qırmızı çizgı halına gəlməlidir. Tovuz hadisələri zamanı Türkiyə dövləti müxtəlif instansiyalariyla tarixi dəstək və  qardaşlıq mEsajları verdi. Bu hücümun arxasında duranlar o qərarlı duruşu gördülər.

-Ümumiyyətlə, Siz yaxın zamanlar üçün bunun reallaşacağı, Qarabağın azad ediləcəyini görürsünüzmü? Bu barədə düşüncələriniz nədən ibarətdir?

-Artıq Azərbaycanın gözləmə , geri çəkilmə limiti yoxdur. Beynəlxalq hüquq da , haqq da bizdən yanadır. Xalqımız da müharibə başlayarsa qısa bir zamanda bunu zəfərlə bitirmək əzmini , iradəsini ortaya qoydu və bunu bütün dünya da gördü. Torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazırlanmaqdan başqa yolumuz yoxdu.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31