Azərbaycan koronavirusla nümunəvi mübarizə aparan dövlətlərdən biridir MÜSAHİBƏ

Mayis Səfərli: "Sosial şəbəkələrdə ölkəmizə qarşı səslənən fikirləri  qərəzli, hətta düşmən mövqe kimi dəyərləndirirəm"

Bəşəriyyəti cənginə almış Koronavirus (COVİD-19) pandemiyası insan həyatına son qoymaqda davam edir. Artıq bu virusa yoluxanların və xəstəlikdən dünyasını dəyişənlərin sayı milyonlarla hesablanır. Çox təssüf ki, hələ də beynəlxalq aləm səfərbər olub COVİD-19-a qarşı birgə mübarizəsini ortaya qoya bilməyib. Elə bu səbədən ayrı-ayrı dövlətlər kroronavirusa qarşı özəl mübarizə tədbirlərini həyata keçirilər. Etiraf edilməlidir ki, Azərbaycan koronavirusa qarşı ən efektli  mübarizə aparan ölkələr sırasında qərarlaşıb, bunu dəfələrlə beynəlxalq təşkilatlar da etiraf ediblər. Lakin bəzi antiAzərbaycan qüvvələr ölkəmizi gözdən salmaq məqsədilə həyata keçirilən tədbirləri aşağılamağa çalışırlar. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Yurddaş Partiyasının sədri Mayis Səfərli cavablandırıb.  

-  Mayis bəy, bəzi qüvvələr tərəfindən Azərbaycanda koronavirusa qarşı aparılan mübarizənin yetərli olmadığı barədə fikirlər səslənir. Necə hesab edirsiniz, Azərbaycan dövləti tərəfindən pandemiyaya qarşı mübarizəni yetərli hesab etmək olarmı?

- Bəri başdan deyim ki, istər sosial şəbəkələrdə, istərsə də xaricdən "YouTube" vasitəsilə yayımlanan internet televiziyalarında səslənən bu fikirləri nəinki yanlış hesab edirəm, onları Azərbaycana qarşı qərəzli, hətta, düşmən mövqe kimi dəyərləndirirəm. Adambaşına yoluxanların və dünyasını dəyişənlərin sayına baxsaq, Azərbaycan vəziyyətin ən qənaətbəxş olduğu ölkələrdəndir. Gəlin konkret misallarla sosial şəbəkələrdəki antiazərbaycan fikirlərin gerçəkliyi  əks etdirmədiyini araşdıraq. Azərbaycanla əhalisi demək olar ki, eyni sayda olan Belçikanı götürək. Kifayət qədər böyük iqtisadi potensiala, geniş səhiyyə imkanlarına malik olan və Avropa Birliyi, NATO kimi beynəlxalq qurumların yerləşdiyi bu ölkədə son məlumata görə, 62 mindən çox insan infeksiyaya yoluxmuşdur.  Xəstəlikdən dünyasını dəyişənlərin sayı 10 minə yaxındır, letallıq dərəcəsi 15.7%-dir. Müqayisə üçün Azərbaycandakı statistikanı da xatırlatmağı vacib sayıram. İyulun 8-nə olan məlumata görə, virusdan xəstələnlərin sayı 20,8 min, həyatlarını itirənlərin sayı isə 258 nəfərdir. Belə müqayisələri MDB məkanındakı, yaxud, dünyanın digər bölgələrindəki əhalisi bizimlə eyni sayda olan dövlətlərlə də aparsaq, Azərbaycanın bu məsələlərdə xeyli yaxşı vəziyyətdə olduğunu görərik. Təbii ki, bütün bunlar dövlətimizin pandemiya ilə apardığı ciddi və ardıcıl mübarizənin nəticəsi kimi dəyərləndirilməlidir. Böhranlı vəziyyətlərdə idarəetmə sistemlərindəki kiçik boşluqlar bir çox ölkələri, o cümlədən bəzi inkişaf etmiş dövlətləri əsl fəlakətlə üzbəüz qoydu. Onlardan fərqli olaraq ölkəmizdə tətbiq edilən mükəmməl idarəçilik və yeni mexanizmlər epidemiyanı nəzarətdə saxlamağa kömək etdi.

Prosesin ilk günlərindən tibb müəssisələrində xəstə çarpayılarının sayının təcili olaraq artırılması, yeni klinikaların, o cümlədən modul tipli səhiyyə ocaqlarının inşası, bütün lazımi avadanlıq və ləvazimatların alınması üçün dövlət başçısı öz ehtiyat fondundan böyük həcmdə vəsait ayırdı. Hazırda Azərbaycanda 45 xəstəxanada infeksiya tutmuş xəstələr müalicə alırlar. Bu tibb müəssisələrinin 36-sı son aylar ərzində inşa edilərək istifadəyə verilib. Modul tipli xəstəxanaların bir neçəsi artıq istifadəyə verilib, əlavə 10 modul müalicə ocağının tikintisi də nəzərdə tutulur. Tibb sənayesinin də inkişafı aktual məsələlərdən biridir. Bildiyiniz kimi, koronavirus qapımızı kəsdirəndə biz tibbi maska, qoruyucu vasitələr, dezinfeksiya məhsulları qıtlığı ilə üz-üzə qalmışdıq. Onlar ölkəmizə xaricdən gətirilirdi. Tarixdə görülməmiş qısa bir müddətdə bu problemlər uğurla həll edildi və apteklərimizdə artıq milli istehsalımıza məxsus maskalar, qoruyucu vasitələr satışdadır. Prezident Ilham Əliyevin və Birinci Vitse Prezident  Mehriban xanım Əliyevanın epidemiya şəraitində göstərdikləri fədakar fəaliyyət təkcə səhiyyənin imkanlarının genişləndirilməsi ilə bağlı deyil. Məlumdur ki, epidemiya əhalinin maddi durumuna, sahibkarlığa, iqtisadi subyektlərə böyük itkilər gətirmişdir. Bu ziyanların qarşılanması, insanlara maddi dəstək verilməsi, iş adamlarına, iqtisadi təsisatlara yardım etmək üçün ölkə rəhbərliyinin tapşırığı ilə 3 milyard manatdan çox vəsait xərclənmişdir. Bir sözlə, Azərbaycan koronavirusla nümunəvi mübarizə aparan dövlətlərdən biridir. Bunu ÜST-ün Azərbaycan Prezidentinə ünvanladığı bir neçə təşəkkür məktubu da sübut edir. Pandemiya ilə mübarizədə ölkəmiz 30-dan artıq ehtiyacı olan dovlətlərə yardım göndərmiş, Prezidentimiz bu bəşəri bəla ilə bağlı beynəlxalq birliyin səylərinin birləşdirilməsi barədə konkret təşəbbüslər irəli sürmüş, videokonfrans formatında Türk dövlətləri Sammitinin,Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünü təşkil etmişdir.

-Məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı atılan addımları necə dəyərləndirirsiniz?

- Məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı verilən qərarlar bir qayda olaraq, ciddi təhlillərə əsaslanır. Virusa yoluxmalarla bağlı son günlərin statistikası, onun yayılma coğrafiyası, epidemioloji vəziyyətin bu və ya digər bölgələrdəki xüsusiyyətləri nəzərə alınaraq məhdudlaşdırıcı tədbirlərə gedilir. Hərəkətin məhdudlaşdırılmasının mənası ondan ibarətdir ki, virusun yayılma sürəti yavaşıdılsın, onun yoluxduğu insanların sayı mümkün qədər az olsun, xəstəxanalarda gərginlik yaranmasın. Bir sözlə, məhdudlaşdırıcı tədbirlərin görülməsi epidemioloji vəziyyətə və müvafiq qanunlara uyğun həyata keçirilir, insanların həyat və sağlamlığınin qorunması belə tədbirlərin əsas məgsədidir.

- Bir sıra hallarda vətəndaşlar məhdudlaşdırıcı tədbirlərə ciddi yanaşmırlar. Hesab etmirsiniz ki, mövcud qanunlar və karantin rejimi  ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır?

-  Bu günlərdə ölkə başçısı Ilham Əliyev mətbuata verdiyi müsahibədə birmənalı şəkildə bildirdi ki, mövcud qanunlar və karantin qaydaları hər kəs tərəfindən əməl edilməlidir. Çünki bütün bunlar insanların, o,cümlədən qanundan yan keçməyə çalışanların özlərinin sağlamlığının qorunması üçün vacibdir. Söhbət təkcə ayrı - ayrı fərdlərin deyil, bütövlükdə xalqımızın, genefondumuzun təhlükəsizliyindən gedir. Heç kim qanundan üstün deyil. Odur ki, karantin rejiminə əməl etməyənlər polisin, ictimaiyyətin sərt üzü ilə qarşılanmalıdırlar.

 - Prezident də deyib ki, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Ümumiyyətlə, karantin rejimini pozanlara qarşı sərt addımların atılmasına ehtiyac varmı?

- Təmamilə doğrudur. Cənab Prezident tam haqlıdır. Əgər bəzi insanların məsuliyyətsizliyi olmasaydı, ölkəmizdə vəziyyət daha yaxşı ola bilərdi. Əfsuslar olsun ki, hələ də öz həyatı, yaxınları, cəmiyyət qarşısında məsuliyyət hissləri zəif olan, yaxud, heç olmayan vətəndaşlarımız da var. Onların nizam-intizama riayət etmələri, ictimai davranışlarında mövcud normaları gözləmələrini təmin etmək üçün qanunlardan istifadə olunmalıdır. Hər bir qanun pozuntusuna adekvat reaksiya verilməlidir. Lazım gələrsə sözügedən hüquq pozmalara qarşı sərt addımlar atılmalıdır. Əks təqdirdə pandemiyanı nəzarətdə saxlamaq mümkün olmaz.

-Niyə ictimai nəzarət mexanizmini canlandıra bilmirik?

- Ümumiyyətlə, bizim bir çox ictimai bəlalarımızın səbəbi ictimai nəzarətin olmaması ilə bağlıdır. Ictimai nəzarət nədir? Cəmiyyətin birgə yaşayışını təmin edən, bütün sosial maraqları özündə əks etdirən  qanun və normalara əməl edilməməsinə göz yummamaq, onları pozanlara qarşı səsini çıxarmaq, məsuliyyətə dəvət etmək, bu məsələdə ətrafımızdakıların həmrəyliyinə nail olmaq və qanun pozucularının hüquq qarşısında cavab verməsini təmin etməkdir. İndiki həssas məqamda düşünürəm ki, buna daha çox ehtiyac var.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31