Azərbaycan prezidenti regional liderdən beynəlxalq liderə çevrilib - MÜSAHİBƏ
29 İyun 2020 14:07 SiyasətYunus Oğuz: "BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi dünya dövlətləri üçün bir həmrəylik nümunəsi olacaq"
Məlum olduğu kimi, 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Bəs, belə bir xüsusi sessiyanın keçirilməsi koronavirusa qarşı mübarizəyə nə verə bilər? Müsahibimiz Milli Vəhdəd Partiyasının sədri, yazıçı-publisist Yunus Oğuzdur.
-Yunus bəy, dünyanın 130 ölkəsinin Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsini necə dəyərləndirisiniz?
-Azərbaycan prezidenti hələ cari ilin may ayının 4-də Qoşulmama Hərəkatının sədri kimi qurumun Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü ilə çıxış etmişdi. Artıq 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi barədə qərar verilib. Əslində belə bir təklif BMT-nin aparıcı üzv dövlətləri tərəfindən irəli sürülməli idi. Təəssüflər olsun ki, etno-etnik eqo, dövlət eqosu imkan vermədi ki, belə bir təklifdə bulunsunlar. BMT-nin beş aparıcı səsvermə hüququ olan dövləti var ki, təəssüflər olsun ki, onların heç biri bu təklifi vermədi. Hansı ki, hələ də məlum deyil ki, SOVİD-19-a qarşı mübarizə nə vaxta qədər aparılacaq, onun nəticəsi nə ilə bitəcək. Digər tərəfdən, Azərbaycan prezidentinin təklifinin müsbət qarşılanması artıq onun regional liderlikdən beynəlxalq liderlik səviyyəsinə keçməsi deməkdir və bu çox mühüm bir hadisədir. Deyək ki, Ermənistan belə bir təkliflə çıxış etsəydi ona ciddi baxmazdılar. Əvvala Ermənistan bu təşkilatın üzvü deyil, amma yenə də BMT-də onun təklifinə ciddi yanaşmazdılar. Azərbaycanın isə koronavirusa qarşı mübarizədə dünyanın 30 ölkəsinə yardımı, ölkə daxilində bu pandemiyaya qarşı apardığı mübarizə xətti, eləcə də ölkənin iqtisadi resurslarının dünya dövlətlərinə inteqrasiyası, TAP və TANAP-in işə düşməsi kimi amillər bir daha göstərir ki, həm Azərbaycan dövləti, həm də onun lideri artıq dünya səviyyəsinə çıxacaq bir durumdadır. Təbii ki, bu faktlar Azərbaycana dividentlər gətirir və bunun da gələcəkdə Qarabağ məsələsinin həllində kifayət qədər təsiri olacaq.
- COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş Xüsusi sessiyadan gözləntilər nədən ibarətdir?
-Hesab edirəm ki, koronavirusa qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar üçün bir həmrəylik nümunəsi olacaq. Artıq dünyanın 130 ölkəsi yığışaraq COVİD-19-a qarşı mübarizəyə razılıq veriblərsə, artıq bu həmrəyliyin bir göstəricisidir. Bəlkə dünyanın elə bir ölkəsi var ki, koronavirusa qarşı mübarizə aparmağa imkanı yoxdur. Eləcə də bəzi ölkə rəhbərləri bu məsələyə ciddi yanaşmırlar. Məsələn, Braziliya prezidenti koronavirusun mövcudluğuna ciddi yanaşmırdı, hazırda bu ölkə dünyada virusa yoluxanlar sırasında ikinci yerdə qərarlaşıb. Eləcə də Belarus. Bunun özü bir ciddi məsələdir ki, dünya ölkələri koronavirusa ciddi yanaşsınlar və onunla mübarizədə həmrəy olsunlar. Nəzərə almaq lazımdır ki, bu pandemiyanın mutasiyası da ola bilər. Yeni növ COVİD-20 meydana gələ bilər. Hazırda biz bilmirik kiminlə və nə ilə mübarizə aparırıq. Bu baxımdan belə ciddi bir məsələnin BMT səviyyəsində müzakirəsi, onun vaksiyasının tapılması sözün həqiqi mənasında həmrəylik tələb edir. Faktiki olaraq bu virusu yox edəcək dərman tapılmayıb, nə olsun ki, müxtəlif xəbərlər yayılır ki, hansısa dərman icad edilib. Elə Ermənistan da qışqırır ki, dəman tapılıb. Bu ona bənzəyir ki, ötən əsrin səksəninci illərində QİÇS yayılanda Ermənistan elan etmişdi ki, onun dərmanını tapıblar. İndi də deyirlər ki, koronavirusun dərmanını tapıblar. Ona görə bə belə qeyri-ciddi ölkənin təşəbbüsünə heç vaxt ciddi yanaşmazlar. Amma Azərbaycanın təşəbbüsü ilə iclasın keçirilməsinin özü həmrəyliyə start verib, yalnız bundan sonra koronavirusa qarşı mübarizə məsələsinin müzakirəsinə başlanılacaq. Düşünürəm ki, Azərbaycan prezidenti bu təklifi vaxtında irəli sürüb. İndi o zamandır ki, Avropa İttifaqının özünün mərkəzdənqaçma proses başlayıb. İtaliya Avropa İttifaqından çıxmaq istəyir, gətirdiyi səbəb odur ki, mənə heç kim kömək etmək istəmir. Baxmayaraq ki, bu ölkəyə Rusiya və Azərbaycan müəyyən köməklik göstərdi. Fakt ondan ibarətdir ki, Avropa İttfaqında da hər dövlət özü üçün çalışır, amma bütövlükdə dünyanı xilas etmək üçün heç bir addım atılmır. Bu baxımdan prezident İlham Əliyevin təşəbbüsü vaxtında verilmiş qərardır.
- Prezident İlham Əliyev dəfələrlə qlobal siyasi və iqtisadi məsələlərlə bağlı təşəbbüslə çıxış edib. Bu baxımdan sonuncu təşəbbüs Azərbaycan dövlətinə və dövlət başçısına inam və etimadı artıracaqmı?
- Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı istənilən məsələ gündəmə gələndə ölkəmizə və dövlət başçımıza olan inam və etimad özünü büruzə verir. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı səsvermədə, istər BMT, istərsə də Avropa və Asiya ittifaqları təşkilatlarında ölkəmizin fikri nəzərə alınır. Bu isə o deməkdir ki, artıq prezident İlham Əliyev regional liderlikdən beynəlxalq liderliyə startını verib.
- Təkcə Erməistan Azərbaycanın təşəbbüsünə qarşı çıxıb. Bu, işğalçı dövlətin məkrli siyasətinin göstəricisi kimi dəyərləndirilə bilərmi?
- Hazırda dünya koronavirusa qarşı mübarizə aparır. Ermənistan isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində zor gücünə "seçki" keçirir. Təkcə bu fakt deməyə əsas verir ki, işğalçı dövlət üçün koronavirus, pandemiya, buna qarşı mübarizə heç bir əhəmiyyət daşımır. Əslində Ermənistan bununla özünü dünyadan təcrid edib. Dünya dövlətlərinin liderlərindən birinin dediyi kimi "Ermənistan bu məsələdə sussaydı, daha yaxşı olardı". Ermənistanın bu mövqeyi dövlət üçün utancgətirən məsələdir. Necə ola bilər ki, dünya koronavirusla mübarizəyə çağırış edir, işğalçı dövlət isə buna qarşı çıxır. Ermənistan açıq-aşkar görür və dərk edir ki, Azərbaycan prezidenti dünya liderinə çevrilir, Azərbaycana və onu prezidentinə beynəlxalq aləmdə hörmət və etimad var, ölkəmiz tərəfindən istənilən təklifə qısqanclıqla yanaşır. Ermənistan gələcək təhlükəni indidən görür ki, Azərbaycan xarici siyasətdə əldə etdiyi uğur nəticəsində gücünü ortaya qoyacaq. Odur ki, Ermənistanın mövqeyini nəzərə alınmadan Azərbaycan tərəfindən düzgün addım atılır və beynəlxalq aləmdə ölkəmizin reytini sürətlə artır.
Alim
Olaylar.az