Ağ Evin qarşısındakı etirazları lentə alan jurnalistin “OLAYLAR”-a eksklüziv müsahibəsi
3 İyun 2020 11:33 SiyasətAytən Məmmədova: "Ag Evin tarixində belə bir aksiya görünməmişdir"

Bu günlərdə dünyanın əsas diqqəti okeanın o tayına, Birləşmiş Ştatlara yönəlib. Amerikan polisi tərəfindən qaradərili bir vətəndaşın fiziki güc tətbiq etməklə qətlə yetirilməsi ölkədə genişmiqyaslı kütləvi aksiyalara səbəb olub. Artıq kütləvi ixtişaşlar və xaos həddinə çatan etiraz aksiyaları Vaşinqtonu, Ağ Evi də ciddi təhdid edir. İnsanların qrup halında ticarət mərkəzlərinə basqın edərək dağıntılar törətməsi, avtomobillərə od vurmasının qarşısını almaqda amerikan polisi də hələlik aciz durumdadır. Bəs görəsən, bu proseslərin sonu nəylə nəticələnəcək? Ümumiyyətlə, Birləşmiş Ştatlarda yaşanan hadisələr sırf qaradərili bir şəxsin qətlə yetirilməsindən irəli gəlir, yoxsa illərlə insanlardə formalaşmış qəzəb, kin son olayların meydana gəlməsinə yol açdı? Bu və ya digər suallarla Vaşinqtonda keçirilən etiraz aksiyalarını yaxından izləyən, onu işıqlandıran İHLAS Haber Ajansının əməkdaşı Aytən Məmmədovaya müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Aytən Məmmədova Birləşmiş Ştatlardakı peşə fəaliyyətinin maraqlı tərəflərindən də danışıb.
-Aytən xanım, bu günlərdə bütün diqqətlər okeanın o tayına yönəlib. Artıq bir neçə gündür ki, Birləşmiş Ştatlarda silsilə etiraz aksiyaları, ciddi şəkildə qarşıdurmalar baş verir. Amerika siyasətini, cəmiyyətini kifayət qədər yaxından izləyən biri kimi qənaətinizi bilmək istərdik. Bu qədər gərginlik, iğtişaşlar yalnız bir qaradərilinin öldürülməsindən irəli gəldi, yoxsa illərdir insanların içərisində olan qəzəb hissinin büruzə verilməsi üçün məlum olay bir bəhanə oldu?
-Mən artiq 8 ilə yaxındır ki, Amerikadayam. Bu illər ərzində bir necə dəfə öldürülən qaradərililərə etirazlar edilib. Adətən həmin etirazlar qaradərilinin öldürüldüyü ştatlarda keçirilib. O ki qaldı sualınızın ikinci hissəsinə, buna qəzəb deməyək. Sadəcə son hadisə artıq insanları son həddə gətirdi. Ag Evin tarixində belə bir aksiya görünməmişdir. Yəqin ki, bu hadisədən sonra ciddi qərarlar qəbul ediləcək. Təsəvvür edin, bir irqçi polisin törətdiyi hadisəyə görə bütün Amerika ayaqlandı. Bundan zərər görənlər həm polislər, həm də sadə xalq oldu.
-Bir KİV təmsilçisi, jurnalist olaraq qənaətiniz nədir və proseslər hansı məcrada inkişaf edəcək?
-Proseslər ilk başladığı gündən hadisəni yerindən, Ag Evin önündən izləyirəm, cərəyan edənləri lentə alıram. Gorduklərimdən yola cıxaraq deyə bilərəm ki, etiraz edənləri iki qrupa ayırmaq olar. Gündüz saatlarında meydanlara gələnlər və hava qaralandan sonra küçələrə çıxanlar. Gündüz meydanlara gələnlər heç bir zorakılıq olmadan, hətta polislə üz-üzə gəlsələr də, qarşıdurma olmadan aksiya keçirirlər. Ən azından Vaşinqtonda belədir. Təbii ki, izlədiyim görüntülərdə başqa ştatlarda zorakılıqıar görmək olur. Sizlərin də izlədiyi kimi hava qaralandan sonra gələn yağmacı qruplar rəsmən terror əsdirirlər. Binalarin şüşələrini sındırırlar, maşınları yandırırlar, mağazalatı talan edirlər. Mən bu hadisələri yaşadıqdan sonra düşünürəm ki, Tramp doğru qərarlar verir. Yağmacı qrupun qarşısını almaq üçün hərbiçilərin hadisələri nəzarətə götürməsi düzgün olar. Düşünün, son iki gecədir komendant saatı tədbiq edilir. Bu tədbiq etirazçıların çölə çıxmasına o qədər mane olmasa da, ən azından təyziqlər və ətrafa zərər verənlər olmur. Bunun da səbəbi hərbiçilərin hadisələrə nəzarət etməsidir.
-Bildiyimiz qədər aksiyalar zamanı Siz də xəsarət almısınız. Sizin media təmsilçiniz olmasını Amerikan polisi bilmədimi, yoxsa bildikləri halda belə belə bir situasiya ilə rastlaşdınız?
-Bəlkə məni qınayacaqsınız, amma inanın ki, nə polisdən nə də etirazçılardan heç bir təyziq görmədim. Bəzi hallarda polislərin mudaxiləsi zamani belə "mətbuatam" dediyim halda, mənə təyziq göstərmədən hadisə yerindən uzaqlaşmağımı istəyirdilər. Bəli, mən də kiçik bir hadisə yaşadim. İlk hadisələr cərəyan edən zaman. polislə etirazçıların arasında çəkiliş edirdim. Yuxarıda da qeyd etdiyim kimi artiq gecə idi və hər yeri yandıran, dağıntı törədən qrup artıq iş başında idi. Bu ərəfədə etirazçılar fişəng atdılar və mənim yanımda partladı. Buna qarşılıq olaraq qrupu dağıtmaq üçün polisin atdiğı gözyaşartıcı qaz mənim qoluma dəydi. Cox maraqlıdır ki, etirazlarda konullu tibbi yardım göstərənləri də görmək olur. Hansı ki, onlar məni də gördülər və yanıma gələrək yaxşı olub-olmadığımı soruşdular. Elə oradaca ayaq üstə yaramı təmizləyib bağladılar. Onu da deyim ki, etirazçılar arasında mübahisələri də görmək olur. Hansı ki, hər yeri yandıranlar, talan edənlərə qarşı. Bir hadisəni də deyim, üzü bağlı bir iki qrup Ag Evin qarşısındakı, agaclara yandırıcı maddə töküb yandırdılar. Digər etirazçılar onlara qarşı çıxdı və nəticədə onlarla mübahisə başladı. Nəticədə onlar hadisə yerindən qaçdılar.
-Maraqlıdır, adətən Azərbaycan və digər ölkələrdə hər hansı bir aksiya olanda və media təmsilçisi bilərəkdən və ya bilməyərəkdən təzyiqlə qarşılaşanda dərhal kəskin reaksiya verilir, Azərbaaycanda mətbuata təzyiqlərin olduğu bildirilir. Bəs, hazırda Amerikada aksiyalar keçirilən ərəfədə Siz hansı situasiyanı müşahidə edirsiniz və mətbuatın aksiyaları maneəsiz işıqlandırması üçün şərait yaradılırmı?
-Təbii ki, burada da istisnalar var. Bildiyiniz kimi CNN TV əməkdaşı canlı yayımda həbs edilir. Hələ ki mən belə bir zorakılıqları öz gözümlə görməmişəm. Gözümlə görmədiyim hadisə haqqında nəsə bir şey demək yaxşı olmaz. Qaldı ki, belə bir hadisələrdə mənə dəyən zərərə görə heç bir tərəfə nəsə haqq tələb etmək deyə bir şey yoxdu. Bu çur hadisələrdə nə polis, nə də etirazçılar tərəfindən gələn zərbəyə heç bir tərəf cavabdeh deyil. Mənim işlədiyim şirkət mənim üçün, eləcə də işləyən işçilər üçün xüsusi tibbi siğortası elətdirib. Ümumiyyətlə, Amerika mediası çalışanları üçün bunu edir. Əsas da operator və muxbirlər üçün edilir. O zaman da cüzi bir təzminat ödəyirlər. Bu tip işləyənlərin iş başında xəsarət almaları daha yüksəkdir.
-Bəs. Amerikada yaşayan soydaşlarımızın bu aksiyalara reaksiyası necə oldu? Yaxud təsadüfən aksiya ərazisindən keçən soydaşlarımızdan qarşıdurmalar zamanı xəsarət alanı oldumu?
-Bilirsiniz ki, COVİD 19 pandemiyayla bağlı Amerikada insanların çoxu evdən işləyir. Bura azərbaycanlılar da daxildir. Mən hələ ki aksiyalarda azərbaycanlıya rast gəlməmişəm.
-Mümkünsə Birləşmiş Ştatlardakı fəaliyyətinizə diqqət çəkərdik. Okeanın o tayında fəaliyyət göstərmək, orada yaşamaq ideyası, arzusu haradan qaynaqlandı?
-Mən bura ANS-in ilk ofisi açıldığında, 2012-ci ildə ezam olundum. O, vaxtan burda müəyyən televiziya şirkətlərində işləyirəm. Lider TV Vaşinqton Birosu, CBC TV Vaşinqton Birosu. TRT Haber Vaşinqton Birosu, TRT Diyanet TV Vaşinqton Birosunda çalışmışam. Hal- hazırda İHLAS Haber Ajansinda işləyirım.
-Okeanın o tayında çalışmaq Sizin üçün nə dərəcədə asan və ya çətindir? Siz də peşə fəaliyyətiniz dövründə hansısa təzyiq, təqiblə qarşılaşmısınızmı?
-İlk gəldiyim illər çətinlik yaşadım. Bu da Amerikaya ilk gələn biri üçün normaldır.. Əslində başqa imiqrantlara baxanda mən daha şanslı idim. Çünki iş, vizam, ev, vs kimi məsələlər həll edilmişdir. Sadəcə çəkilişlərə getmək qalırdı. Burada maşınsız hərəkət etmək çox çətindir. İlk illər bunun çətinliyini yaşadım. İnsan yaşaya- yaşaya hər şeyi yoluna qoyur.
-Bəs, Vaşinqtonda yaşayan azərbaycanlılarla münasibətiniz, əlaqələriniz hansı səviyyədədir. Soydaşlarımız əsasən nə ilə məşğul olurlar?
-Münasibətlərimiz yaxşıdır. Adətən çoxunu Azərbaycanla bağlı tədbirlərdə görürəm. Amerikada iş seçimi yoxdur. Hamı hər işdə işləyə bilər. Azərbaycanlıların sayı da son illərdə artığı üçün bir çox sahələrdə azərbaycanlılara rast gəlmək olur.
-Aytən xanım, okeanın o tayından baxanda Azərbaycan necə görünür?
-Azərbaycanda hər hansı bir hadisələr olanda orada olmaq istəyirəm. Pandemik dövrünü uzaqdan da olsa hər gün izləyirəm və dualar edirəm ki, belə bəlalar bizdən uzaq olsun. Xaricdə yaşasam da, ürəyim ordadır.
-Vətən yada düşərkən bu hissi, bu duyğunu nəylə qarşılayırsınız, nəylə təsəlli tapırsınız?
-İndi elə bir dövrdə yaşayırıq ki, darıxmaq sözü mənə uzaq bir sözdür. İstədiyin vaxt, istədiyin dəqiqə görüntülü danışa bilirik. Necə deyərlər bir zəng qədər uzaqlıqdayıq. Evdə oz yeməklərimizi bişirirəm. Çaylarımızdan ərzaqlarımıza qədər burada hər şeyi əldə edə bilirik. Yeməklərinin dadında fərq olsa belə.
Süleyman İsmayılbəyli