Dövlət, xalq, millət üçün çalışırıq - ÖZƏL

Nəcəf Əhmədov: "Kiminsə bizə yaxşı və ya pis qiymət verməsi üçün fəaliyyət göstərmirik"

"Biz dövlətimizi, millətimizi, mədəniyyətimizi təbliq etmək, Qarabağ həqiqətləri, üzləşdiyimiz problemləri dünyaya çatdırmaq üçün bu işləri görürük"

Azərbaycan diasporunun postsovet məkanında aktiv olduğu ölkələrdən biri də Ukraynadır. Düzdür, bu ölkədə çoxsaylı diaspor təşkilatları mövcud olsa da, lakin uzun müddət həmin diaspor təşkilatları arasında birlik və bərabərliyi tam mənada təmin etmək, ayrı-ayrı təşkilatlar, cəmiyyətlər arasında fikir ayrılıqları,  ziddiyyətləri aradan qaldırmaq mümkün olmayıb. Son illərdə isə bu istiqamətdə müsbət tendensiya müşahidə edilir ki, bu prosesdə Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin fəaliyyətini qeyd etməmək doğru olmazdı. Bəs görəsən bu gün Ukraynadakı diaspor təşkilatlarımız arasında münasibətlər necədir? O cümlədən pandemiya dövründə diaspor təşkilatları bu ölkədə yaşayan soydaşlarımız, həmçinin kimsəsiz, ehtiyacı olan insanlara hansı formada dəstək oldular? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepr vilayəti üzrə rəhbəri Nəcəf Əhmədovla söhbətləşdik.

- Nəcəf müəllim, öncəliklə bilmək istərdim ki, bütün dünyanı bürüyən koronavirus pandemiyasının Ukraynada yayılma tendensiyası hansı səviyyədədir və məlumatınız olduğu qədər bu ölkədə yaşayan soydaşlarımızdan pandemiyaya tutulanlar varmı?

- Bütün dünyada olduğu kimi Ukrayna da koronavirus pandemiyasından dolayı karantin vəziyyətindədir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, minlərlə insan bu virusa yoluxub və onlar arasında həlak olanlar da var. Məlumat üçün qeyd edim ki, Ukraynada yaşayan azərbaycanlılar arasında Birləşmiş Azərbaycanlılar Konqresinin prezidenti Rövşən Tağıyev də koronavirus infeksiyasına yoluxmuşdu. Şükürlər olsun ki, artıq onun vəziyyəti yaxşıdır və sağalıb. Bundan əlavə Ukraynanın Dnepr şəhərində iki azərbaycanlı karantinə alınaraq xəstəxanaya yerləşdirilib. Bunlar Nemət və Sabir Paşayev qardaşlarıdır. Həmin şəxslərin ailələri və övladları da karantinə götürülüb.  Hər iki şəxs reanimasiyadadır. Şükürlər olsun ki, onların da vəziyyəti yaxşılığa doğru dəyişir. İnşallah onlar da qısa müddətdə sağalıb xəstəxananı tərk edərlər. Qeyd etdiyim kimi ölkə ümumilikdə karantin rejimindədir. Ancaq müəyyən yumşalmalar da tətbiq edilir. Bir sıra obyektlər, eləcə də bəzi qaydalara əməl etməklə kafelərdə yay fəsli üçün olan ərazilərin fəaliyyətinə icazə verilir. Həmçinin ictimai nəqliyyatın hərəkəti, insanların şəhərə çıxması bəzi yumşalmalarla təmin ediləcək. Ancaq hələlik karantin tam olaraq aradan qaldırılmır.

- Səhv etmirəmsə Siz Ukraynadakı Birləşmiş Azərbaycanlılar Konqresinin Dnepr bölgəsi üzrə sədrisiniz və bilmək istərdim ki, təşkilatınız bu ölkədə yaşayan azərbaycanlılara pandemiya dövründə necə dəstək olur, onlara hansısa köməklik göstərə bilirmi?

- Məlumat üçün qeyd edim ki, Dnepr vilayətində 30 mindən artıq azərbaycanlı yaşayır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepr vilayətində də nümayəndəliyi fəaliyyət göstərir. Dnepr vilayəti ərazisi və əhalisinə görə Ukraynada ən böyük vilayətlərdən biridir.  Vilayətin 7 milyona yaxın əhalisi var. Karantin günlərində köməksiz vəziyyətdə olan insanlara, soydaşlarımıza dəstək məqsədilə həmyerlilərimizlə birlikdə qərargah yaratdıq və əsasən 3 təbəqədən olan insanlara köməklik göstərmək qərara alındı. İlk növbədə yaşlı, kimsəsiz, ehtiyacı olan insanlara kömək göstərmək qərarına gəldik.  Eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqların məskunlaşdığı müəssisəyə yardım etdik. Təkcə Dnepr şəhərinin özündə deyil, ümumilikdə vilayətdə fəaliyyət göstərən bu kimi müəssisələrə köməklik edildi. Həmçinin koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanaya lazımı tibbi avadanlıqlar, çatışmayan vasitələr verildi. Eyni zamanda ehtiyacı olan soydaşlarımıza köməklik olundu. Hansı ki, həmin şəxslər mart ayından Ukraynaya gəlmişdilər və karantin səbəbindən Azərbaycana qayıda bilmirdilər. Onların qalmağı, qidalanmağı üçün lazımı köməkliklər göstərildi. Xüsusi olaraq qeyd edim ki, bütün bunlara həmyerlilərimizin birlik və bərabərliyi, yardımlaşması ilə nail olduq. Burada təhsil alan, lakin Azərbaycana qayıda bilməyən tələbələrə də müraciətləri əsasında əlimizdən gələn köməkliyi etdik.

- Ümumiyyətlə, Ukraynadakı diaspor təşkilatları bu ölkədə yaşayan azərbaycanlılara, orada təhsil alan tələbələrimizə nə dərəcədə dəstək olurlar?

- Ukraynada təhsil alan tələbələrə köməklik göstərmək, onların problemlərini həll etmək məqsədilə tələbələrin təhsil aldıqları universitetlərlə əlaqədə oluruq. Həmin təhsil müəssisələrinin rəhbər heyəti, müəllimləri ilə yaxından ünsiyyətdə olur, onları təşkil etdiyimiz tədbirlərə dəvət edirik. Beləliklə, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində tələbələrimiz hər hansı problemlə qarşılaşdığı təqdirdə onu həll etməyə çalışırıq. Məlumat üçün qeyd edim ki, bu yaxınlarda Ukraynanın Qornı Universitetində Azərbaycan kitabxanası açıldı. Təhsil ocağının rəhbrəliyi müəssisədə bunun üçün bizə guşə verdi. Bundan əlavə həmin təhsil müəssisəsi ilə əldə edilmiş razllaşmaya əsasən universitetdə Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzinin açılması üçün bizə yer ayrıldı. Bununla bağlı müqavilə də imzalanıb. Koronavirus pandemiyası ilə əlaqdar proses bir qədər ləngisə də, vəziyyət yoluna düşdükdən sonra bizə ayrılan yerdə yaxşı bir Mədəniyyət Mərkəzi açacağıq. Onu da qeyd edim ki, azərbaycanlı tələbələr də bu prosesdə aktiv iştirak edirlər. Həmin tələbələri də keçirdiyimiz tədbirlərə dəvət edirik. Eyni zamanda azərbaycanlı tələbələr hər hansı bir haqsızlıq, problemlərlə üzləşdikləri təqdirdə, dərhal həmin problemin həlli istiqamətində hərəkətə keçirik.

- Müşahidə etdiyimiz müsbət bir tendensiya da ondan ibarətdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi də müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza maddi dəstək oldu, onların ehtiyaclarını müəyyən mənada qarşıladı. Siz də təşkilat olaraq Ukraynada bu dəstəyi hiss etdinizmi və Dövlət Komitəsi Ukraynada yaşayan azərbaycanlılara yardım ayırdımı?

- Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək göstərilməsinə gəlincə, onu qeyd etmək istərdim ki, Ukrayna Azərbaycanlıları Radası yaradılıb və onun Kiyevdə baş ofisi var. Həmin ofisin fəaliyyəti, yerləşməsi və s. ilə bağlı Komitə tərəfindən yardım olur. Həmçinin Radaya müəyyən miqdarda vəsait ayrılıb ki, Azərbaycana qayıda bilməyən soydaşlarımıza yardım edilsin. Dnepr şəhərində isə yalnız öz hesabımıza, eyni zamanda həmvətənlərimizin dəstəyi sayəsində bu yardımları etmişik. Konkret bizə bunun üçün heç bir yardım göstərilməyib.

- Uzun zaman Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında müəyyən fikir ayrılıqlarının olduğu bildirilirdi və son illər bu istiqamətdə müsbət irəliləyiş nümayiş olunur, diasporumuz Ukraynada da birlik və bərabərlik şəraitində fəaliyyət göstərir. Ümumiyyətlə, hazırda Ukraynadakı Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirərdiniz?

- Ukrayna böyük ölkədir və bu ölkənin hər bir şəhərində demək olar ki, diaspor təşkilatları var. Ona görə də deyərdim ki, diaspor təşkilatları arasında fikir ayrılıqları mövcuddur. Mən istərdim ki, bu fikir ayrılıqları sağlam müstəvidə, sağlam mübarizə şəraitində keçsin. Xüsusilə prinsipial məsələlərdə hər bir diaspor təşkilatının bir yerdə olmasını arzu edirəm. Qeyd etdiyim kimi bizim vilayətdə fəaliyyət göstərən Birləşmiş Azərbaycanlılar Konrqresi mövcuddur və biz heç kimə fikir vermədən, heç nəyə qarışmadan öz işlərimizlə məşğuluq. Düzdür, gördüyümüz işlərə göz yumulması, dəyər verilməməsindən inciyə də bilərik. Bütün halda buna rəğmən biz fəaliyyətimizi davam etdiririk. Kiminsə bizə yaxşı və ya pis qiymət verməsi üçün fəaliyyət göstərmirik. Biz dövlətimizi, millətimizi, mədəniyyətimizi təbliq etmək, Qarabağ həqiqətləri, üzləşdiyimiz problemləri dünyaya çatdırmaq üçün bu işləri görürük. Hər il istər 20 Yanvar faciəsi, istər Xocalı soyqırımı, istərsə də başımıza gətirilən digər müsibətlər, həmçinin dövlətimiz üçün əlamətdar olan hadisələri qeyd edirik. Ancaq təəsüüflər olsun ki, bizim keçirdiyimiz tədbirlər barədə heç bir yerdə, informasiya vasitəsində bir kəlmə belə məlumat verilmir. Ancaq buna baxmayaraq biz fəaliyyətimzi davam etdiririk. Qeyd etdiyim kimi biz dövlət, xalq, millət üçün çalışırıq.

Məlumat üçün qeyd edim ki, Dneprdə bazar günü məktəbi fəaliyyət göstərir və azərbaycanlı uşaqlar bazar günləri həmin məktəbə gələrək Azərbaycan dili, tarixi, mədəniyyətini öyrənirlər. Sevindirici hal ondan ibarətdir ki, bizim məktəbin şagirdləri Ukrayna ərazisində azsaylı xalqlarla bağlı keçirilən bütün beynəlxalq tədbirlərə dəvət edilirlər. Bir neçə ildir ki, Ukraynada keçirilən beynəlxalq səviyyəli "Solnıçnıy kaştançik" adlı festivala da dəvət edilirik. Dünyanın hər yerindən həmin festivalda nümayəndələr iştirak edir. Həmin festivalda azərbaycanlı uşaqlar da iştirak edərək mədəniyyətimizi təbliğ edirlər. Bundan başqa şəhərin bütün mədəni tədbirlərində yaxından iştrak edirlər. Bununla da hər kəs bilir ki, Ukraynada, Dnenpdə belə bir cəmiyyət, təşkilat, həmçinin belə bir məktəb və onun kollektivi var.

- Ukraynadakı soydaşlarımız, diaspor təşkilatlarımız bu ölkənin ictimai-siyasi həyatında, seçkili orqanlarında nə dərəcədə fəaldırlar?

- Əvvəlki illərə nisbətən indi soydaşlarımız Ukraynada keçirilən seçkilərdə daha aktivlik nümayiş etdirirlər. Məsələn, hazırda bizim yaşadığımız vilayətdə 3 azərbaycanlı deputatımız var. Burada kifayət qədər perspektivli gənclərimiz var ki, gələcək seçkilərdə onları irəli çəkməyi düşünürük. Əgər koronavirus problemi tezliklə həllini tapsa, oktyabr ayında burada yerli orqanlara seçkilər keçiriləcək. Ona görə çalışırq ki, onlarla gənc üzvümüzün həmin seçkilərdə namizədliyini irəli sürək.  Qeyd etdiyim kimi əvvəllər isə belə hallar olmayıb. Məsələn, vilayət tarixində indiyə qədər azərbaycanlı deputat olmayıb. Ancaq hazırda 3 azərbaycanlı deputatımız var. Şəhər sovetində 1 nəfər deputatımız olsaa da, lakin vilayət səviyyəsində deputatımız  olmayıb. İnşallah gələn seçkilərdə daha çox deputat təmsilçimiz olar.

- Bəs, erməni lobbisi, diasporunun Ukraynada Azərbaycan diasporuna təsir imkanları nə dərəcədədir? Sizlərin fəaliyyətinə maneçilik cəhdi olurmu?

- Ermənilər açıq şəkildə bunu büruzə verməsılər də, ancaq pərdə arxasında əllərindən gələni edirlər. Onu da qeyd edim ki, bu gün ermənilərin də fəaliyyəti zəif deyil və əllərində hansısa imkanlar var. Bir daha qeyd etdiyim kimi fəaliyyətlər də yalnız pərdə arxasında ola bilər. Açıq müstəvidə nəsə edə bilmirlər.

- Dünya Azərbaycanlılarının II və III qurultaylarında çıxışı zamanı Cənab Prezident bildirmişdi ki, səfirliklər diaspor təşkilatları ilə əlaqəli şəkildə işləməlidir. Ukraynadakı Azərbaycan səfirliyi diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirmi?

- Azərbaycanın Ukraynadakı səfirliyi daim bizim tədbirlərə dəstək verib, keçirdiyimiz tədbirlərdə yaxından iştirak edib. Bir sözlə səfirlik olaraq səsimizə səs verib, çağırışımıza cavab veriblər. Ona görə də, bir təşkilat olaraq Ukraynadakı səfirliyimizdən tam razıyıq.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31