Təsadüf, yoxsa təxribat məqsədilə atılan addım- Siyasi analiz
Təsadüf, yoxsa təxribat məqsədilə atılan addım-Siyasi analiz
7 Fevral 2020 13:15 SiyasətAŞPA-nın müşahidə missiyasının tərkibinin dəyişdirilməsinin pərdəarxası məqamları
Sirr deyil ki, bu gün dünyanın bir sıra güc mərkəzləri Azərbaycanın qazandığı nailiyyətlərdən narahatçılıq keçirməkdədir. Cəmi üç on illik müstəqillik tarixi olan bir ölkənin qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəlməsi şübhəsiz ki, çoxlarının yuxusunu ərşə çəkib. Odur ki, dünyanın müəyyən güc mərkəzlərinin diktəsinə boyun əyməyən, müstəqil siyasət həyata keçirən, öz mili və dövlət maraqlarını yüksək səviyyədə qoruyan Azərbaycana qarşı qısqanc münasibətin olması təbii qəbul edilməlidir. Amma bu qısqanclıq əndazəsini aşanda əlbəttə ki, dövlətin və millətin qüruruna toxunmuş hesab olunur. Çox təəssüf ki, biz belə münasibəti üzv olduğumuz Avropa Şurasından dəfələrlə görmüşük. Hər dəfə Azərbaycan uğurlu addımlar atanda, buna qarşı AŞ-dakı qüvvələr adekvat tədbirlər görməyə çalışırlar. Azərbaycanı sevməyən, erməni diasporunun nəzarətində olan dairələr öncədən ölkəmizin atdığı və yaxud atacağı addımlara qarşı müxtəlif tədbirlər görməyə cəhd göstərirlər. Elə Avropa Şurası Parlament Assambleyasında da bir sıra hallarda Azərbaycana qarşı müəyyən qərəzli, ədalətsiz mövqenin şahidi olmuşuq. Çox uzağa getməyək, Azərbaycanda "siyasi məhbus"larla bağlı məsələnin müzakirəsini buna misal göstərə bilərik. Amma tam qətiyyətlə söyləyə bilərik ki, ölkəmizə qarşı belə mövqe həmişə iflasa uğrayıb. Bu dəfə də onların cəhdi uğursuzluqla nəticələnəcəyi şübhə doğurmur. İstər Azərbaycana qarşı qərəzi ilə bilinən parlamentarilərin ölkəmizin imicinə ləkə vurmaq məqsədilə söylədiyi fikirlər, istərsə də antiazərbaycançı mərkəzlərin təlimatı ilə oturub - duran "beşinci kolon" təmsilçilərinin təxribatları sabun köpüyündən artıq effekt verməyəcəyi gün kimi aydındır.
Bu dəfə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisi AŞ PA-dakı antiAzərbaycan qüvvələrinin fəallığını artırıb. Yaranmış fürsəti əldən vermək istəməyən sözügedən dairələr bütün mümkün variantlardan istifadə etməyə çalışırlar ki, ölkəmizdə reallaşdırılan parlament seçkisinə kölgə salsınlar. Belə ki, Azərbaycanda keçiriləcək parlament seçkisini müşahidə etmək üçün ölkəmizə gələn AŞPA-nın seçki müşahidə missiyasına son anda 2014-cü ildə qeyri-qanuni olaraq işğal olunmuş ərazilərimizə səfər etmiş və buna görə də adı "qara siyahı"ya salınmış Yatsek Protasieviçin adı salınıb. Əslində son anda AŞ PA tərəfindən belə bir siyasi qərarın qəbul edilməsini heç də təsadüfi hesab etmək olmaz. Bu təxribat məqsədilə atılmış addımdır. Aydındır ki, Azərbaycan həmin deputatın ölkəyə girişinə imkan verməyəcək. Bundan sonra AŞPA-da Azərbaycana qarşı yeni böhtan kampaniyası başlanacaq. Bu baxımdan demək olar ki, sözügedən qərarın qəbul olunması üçün qurum daxilində ciddi iş aparılıb və heç şübhəsiz ki, kimlərinsə maddi maraqları təmin olunub. Məlumat üçün qeyd edək ki, AŞPA katibliyinin seçki müşahidə şöbəsinin müdiri Çemavon Şahbazyandır. AŞPA-nın seçkilərlə bağlı belə reaksiyasının səbəbləri arasında yəqin ki, bu amil də yer alır.
Yeri gəlmişkən qeyd edək ki, AŞPA tərəfindən Azərbaycana qarşı bu tupli təxribat xarakterli addımlar dəfələrlə atılıb. Qurumda təmsil olunan ermənipərəst parlamentarilər dəfələrlə qərəzli məlumatlar, saxta, uydurma faktlarla Avropa ictimaiyyətini çaşdırmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışıblar. Amma Azərbaycan tərəfinin təqdim etdiyi faktlarla onların niyyətləri puç edilib, həmin qüvvələrin yalanları ifşa olunub.
Xatırladaq ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və ötən müddət ərzində Avropa Şurası ilə ən yüksək səviyyədə əməkdaşlıqda bulunub. Azərbaycan bu gün regionda ən güclü dövlətdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Ona görə də Avropa Şurasının əhəmiyyətini və rolunu onun real əhəmiyyət və rolundan yüksək qiymətləndirməyə ehtiyac yoxdur.
Etiraf edilməlidir ki, Avropa Şurasının mahiyyəti təbii olaraq tənqiddir. Ancaq tənqiddən tənqidə böyük fərq var. Tənqid obyektiv və konstruktivdirsə, belə tənqid nəzərə alınmalıdır. Amma tənqid qərəzlidirsə, yalandırsa və tənqidin arxasında hansısa başqa məqsədlər dayanıbsa, bu, tənqid edən tərəfin özünü zəiflədir, onun nüfuzuna xələl gətirir. Təsəvvür edin, AŞ PA-nın qış sessiyasında guya Azərbaycanda siyasi məhbusun olması barədə məsələ qaldırılır, ölkədəki medianın vəziyyəti əsassız olaraq tənqid edilir, ardınca parlament seçkisini izləyəcək müşahidəçi missiyanın tərkibinə "arzuolunmaz şəxsi" əlavə edirlər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanı istəməyən qüvvələr tərəfindən ölçülüb-biçilmiş addımlardır. Ancaq bu kimi addımlar deməyə əsas verir ki, Avropa Şurası kimlərinsə təsiri altına düşüb və "dirijor çubuğu" ilə fəaliyyət göstərir. Sadalanan faktlar deməyə əsas verir ki, bu gün əyani şəkildə Avropa Şurasının bir təşkilat kimi çox çətin bir böhran içində olmasının şahidi olduq. Çünki, bu təşkilatın qəbul etdiyi və ya qəbul etmək istədiyi sənədlərə ciddi müdaxilələr var.
Sirr deyil ki, Azərbaycan AŞ PA-dakı fəaliyyəti ilə yüksək nüfuz və rəğbət qazanıb. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Sədrliyi dövründə Azərbaycan bu təşkilatın inkişafına daha da geniş töfhələr verib. Qətiyyətlə demək olar ki, qurumdakı bir ovuc təxribatçının fəaliyyəti Azərbaycanla Avropa Şurası arasındakı münasibətləri sarsıtmaq gücündə deyil.
Lakin istənilən halda reallığı əks etdirməyən sənəd heç bir dövlət tərəfindən qəbul edilə bilməz. Eləcə də AŞ PA-nın müşahidə missiyasının Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlayacağı hesabat. Qətiyyətlə demək olar ki, artıq sözügedən hesabat hazırdır və elan olunacağı vaxtı gözləyir. Təəssüf ki, AŞPA-dakı "başbilənlər" məsələnin ciddiliyini nəzərə almadıqlarından bu kimi addımların qurumun nüfuzuna zərbə vuracağının fərqində deyillər. Azərbaycan isə qurumdan fərqli olaraq həmişə dialoq tərəfdarı olub. Baxmayaraq ki, bu təşkilatda elə parlamentarilər təmsil olunur ki, onları AŞ PA-nın nüfuzundan çox şəxsi təminatları maraqlandırır. Məsələn, Yatsek Protasieviç kimi şəxslərin məqsədi obyektiv hesabat hazırlamaq yox, hər hansı bir məsələnin həllinə nail olmaq yox, əksinə, vəziyyəti gərginləşdirməkdir. Bir az da dərinə getsək, Azərbaycanı Avropa məkanından uzaqlaşdırmaqdır, Azərbaycana qarşı hansısa bir ağla sığmayan hesabatı qəbul etdirməkdir. Lakin Azərbaycanı hansısa təzyiq vasitəsilə yolundan döndərmək istəyi heç bir nəticə verməyəcək. Azərbaycan keçirdiyi prezident, parlament və bələdiyyə seçkiləri ilə dəfələrlə dünyaya sübut edib ki, şəffaf və ədalətli seçki keçirmək iqtidarına malikdir. Ölkəmizdə keçirilən bu siyasi aksiya dəfələrlə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Heç şübhəsiz ki, növbədənkənar parlament seçkisi ilə də dünyaya sübut edəcək ki, Azərbaycan demokratik və şəffaf seçki keçirmək iqtidarındadır.
Alim
Olaylar.az