Region təhlükəli və uzaq perspektivdə həlli görünməyən xaosa doğru- ŞƏRH
Region təhlükəli və uzaq perspektivdə həlli görünməyən xaosa doğru-ŞƏRH
13 Yanvar 2020 12:42 SiyasətYaxın Şəqdə vəziyyət getdikcə gərginləşir. Ən son Birləşmiş Ştatlarla İran arasında yaşanan gərginlik regionda durumun daha da drammatik şəkil almasına səbəb olub. Onsuz da dünyanın super güclərinin döyüş poliqonuna çevrilən Yaxın Şərq bu gün bəşəriyyətin ən gərgin, ən təhlükəsi zonası hesab edilir. Hazırda Yaxın Şərqin ən təhlükəli fiquru Birləşmiş Ştatlar və İran İslam Respublikası hesab edildyindən region ölkələri həm Vaşinqton, həm də Tehranın regiondan uzaq durmasını istəyir. Ancaq nə Birləşmiş Ştatlar, nə də İran regiondan kənarlaşmaqda maraqlı görünmür. Elə İraq parlamentinin Amerikan əsgərlərinin bu ölkədən çıxarılması tələbinə Ağ Evin olan münasibəti də belə deməyə əsas verir. Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Amerikan əsgərlərinin 35 milyard dollar qarşılığında İraqdan çıxa biləcəyini qeyd edib. Həm bu, həm də regionda cərəyan edən digər proseslərə diqqət çəkən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp İraq parlamentinin ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə qərarına qarşı olaraq 35 milyard dollar məbləğ ödənildikdən sonra çıxa biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, əslində həmin məbləği İraqa ödəməli olan Birləşmiş Ştatlardır: "Çünki, İraqa trilyon dollar məbləğində zərbə vurub, ölkəni işğal edib, dövlət təsisatlarını dağıdıb, İraqı İranla öz arasında savaş poliqonuna çevirib. İndidə, müəyyən məbləğ ödənilmək şərti ilə çıxaracaqlarını qeyd edir. Həmçinin regionda təhlükəli və uzaq perspektivdə həlli görünməyən bir xaosa imza atıb. Məhz ABŞ Səddam Hüseyni devirib, İraqda öz hərbi mövcudluğunu qurduqdan sonra İranın regionda təsirləri artmağa başladı, terror təşkilatları meydana çıxdı. Bu gün İraq bir bataqlıqdı və ölkə məzhəblərə bölünərək xaos və siyasi istiqrarsız şəraitindədir. İran kifayət qədər burada möhkəmlənib və digər ölkələrə qarşı ideoloji-siyasi və hərbi fəaliyyətini yayır". Politoloq bildirib ki, uzun illər Səddam Hüseyn İranın regionda fəaliyyətinin qarşısını almışdı: "Tehranın "İslam İnqilabı" ixracının qarşısında bir baryer idi. O, devriləndən sonra İraq, Suriya, Livan Tehranın təsiri altına düşdü. Bu gün İranın regionda deskalasiyaya xidmət edən siyasəti Vaşınqtonun İraq işğalının nətiəcəsidir. Birləşmiş Ştatlar və İran arasında İraqda tərəflərin vəkalət müharibəsi davam edir. ABŞ bazalarına yenidən İran dəstəkli qüvvələr tərəfindən Katyuşa raketlərinin atılması vəziyyəti daha da mürəkkəbləşdirəcək". Politoloq İran ərazisində Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması məsələsinə də diqqət çəkib. Məhəmməd Əsədullazadə deyib ki, Tehran çox təhlükəli manevrlər edərək, "Boing" sərnişin təyyarəsini vurmaqla öz etibarlılığını itirdi: "Bu dövlətin nüvə silahı əldə etməsi regionumuz üçün təhlükəli bir amildir. İranın əlində nüvə silahı olarsa "səhvən" istədiyi yerə yönəldə bilər.Göründüyü kimi Qərbin İrana qarşı nüvə siyasəti regionumuzun və ölkəmizin təhlükəsizliyi baxımından mühüm amildir".
***
Politoloq bu arada Pakistanla Ermənistan arasında əlaqələrin qurulması mümkünlüyü barədə yayılan xəbərlərə də diqqət çəkib. Bildirib ki, Azərbaycanın daima yanında olaraq Ermənistanı məhz işğalçı ölkə olaraq heç bir diplomatik əlaqələr qurmayan Pakistan barədə narahatedici xəbərlər gəlir. Onun sözlərinə görə, rəsmi İslamabad ölkəmilzə hərbi -texniki əməkdaşlıqda maraqlı olub və yeri gələrsə hərbi köməklik etmək üçün dəfələrlə təkliflər verib: "Türkiyədən sonra Azərbaycanın təbii müttəfiqi məhz Pakistandır. Qeyd edim ki, Pakistanın Kəşmir bölgəsi Hindistanın işğalı altındadır və burada rəsmi Dehli ötən ildən başlayaraq etnik qarşıdurma yaradır və muxtariyyətin idaretmə sistemini dəyişib. Bu da qardaş ölkə olan Pakistanın sərt mövqeyi ilə qarşılanıb. Nəticədə İki ölkə arasında lokal hərbi qarşıdurma yaşandı. Pakistanı Kəşmir məsələsində daima dəstəkləmişik. Amma, ötən il Pakistan Kəşmir məsələsində rəmi Bakıdan dəstək istədi və səfir bunu açıq şəkildə vurğuladı. Amma, Kəşmir məsələsində rəsmi Bakı neytrallığını qorudu və açıq dəstək nümayiş etdirmədi. Görünür, bu da Pakistan tərəfinin incikliyinə səbəb olub. Həmin vaxt Pakistana dəstək verilməsini qeyd etmişdim. Görünür, Hindistanla münasibətlər və beynəlxalq konyukturada vəziyyətə görə rəsmi Bakı Kəşmir məsələsində susqunluq nümayiş etdirdi. Kiçik ölkə olaraq bizim qorunmağımız, beynəlxalq səviyyəli münaqişələrdə tərəf tutmağımız əleyhimizə işləyə bilərdi. Amma, Pakistan kimi bizim də bu ölkənin yanında olmağımız lazım idi". Politoloq qeyd edib ki, hazırda Pakistan tərəfinin Ermənistanla diplomatik əlaqələrin qurulması istiqamətində işlərin getdiyi haqda informasiyalar dolaşır: "Pakistanın öz mövqeyindən geri çəkilməsi üzücü ola bilər. 30 ildir ki, davamlı siyasətin üstündən xətt çəkmək Pakistan-Azərbaycan əlaqələrinə mənfi təsir edə bilər. Ermənistanın Pakistan üçün heç bir iqtisadi-siyasi perspektivi yoxdur. Bunu Azərbaycanı cəzalandırmaq üçün edirsə, kökündən yanlış siyasətdir. Pakistanın ölkəmizdə səfirlyi bu barədə açıqlma verməlidir. Bundan əlavə, rəsmi Bakı Pakistanla danışıqlar aparmalıdır. Buna imkan vermək olmaz".
Məhəmməd
Olaylar.az