Milli Məclisdə maaş söhbəti

Milli Məclisdə maaş söhbəti

Deputatlar hakimlərin əmək haqqının on min manata qaldırılmasını təklif etdilər

Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb. Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qeyd edib ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Dövlət məhkəmə ekspertizası haqqında", "İnzibati icraat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb, statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilib, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təklifləri və rəyləri toplanıb. Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir. "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir. Layihəyə əsasən, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir. Qanun layihələrinə əsasən, məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən, yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək. Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir. Ə.Hüseynli əlavə edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanının icrası ilə bağlı gələcəkdə də yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur. Komitə sədri qeyd edib ki, dəyişiklik layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək: "Proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir. Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq".

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə yenidən baxılmalıdır. Əgər hakimin evi yoxlusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir". Q. Həsənquliyev deyib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: "Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhəkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır". Deputat Tahir Kərimli təklif edib ki, meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilsin: "Cinayətlərlə bağlı özəl ekspertiza tətbiq olunmayacaqsa, özəl ekspertizaya nə qalacaq? Mən də deputat həmkarım Qüdrət Həsənquliyev kimi özəl ekspertizalara belə səlahiyyət verilməsini dəstəkləyirəm. Bu qanun ekspertiza binaları, avadanlıqları ilə bağlı deyil, özəl ekspertlərin səlahiyyəti ilə bağlıdır". Millət vəkili təklif edib ki, meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilsin: "Niyə cinayətlə bağlı özəl ekspertizalar tətbiq edilməsin? Əgər sümük çıxıbsa, bu, ağır xəsarətdir, bunu özəl ekspertiza niyə ekspertizadan keçirməməlidir?"

Millət vəkili Siyavuş Novruzov isə məhkəmələrin ixtisaslaşmasını təklif edib:"Dünyada uşaqlarla bağlı məhkəmələr tamamilə ayrıdır: "Eyni orqanın həm həbs etməsi, həm istintaq aparıb, qərar verməsi nə dərəcədə ədalətli ola bilər? Biz istintaq idarələrini də mərkəzləşdirməliyik". Millət vəkili deyib ki, mülki ziyan vuranlar həbs edilir: "Xarici ölkələrdə belə insanlar həftənin 5 günü işləyir, şənbə və bazar həbsxanada olur. Bu yolla onun vurduğu ziyanı ödəməsi təmin edilir. Ancaq bizə həbsdə saxlayırlar, vurulan zərər isə ödənilmir. Bizdə Penitensiar Xidmət tikinti şirkətləri, digər qurumlarla müqavilə bağlaya, həmin şəxslər işləyərək həm vurduqları ziyanı ödəyə, həm də ailələrinə kömək edə bilərlər". Onun sözlərinə görə, bina tikən şəxs bir mənzili 5 nəfərə satır: "Məhkəmə qərar verəcək ki, mənzil onlardan birinə çatır. Digər 4 şəxs narazı qalacaq. Təbii ki, məhkəmə hakimlərinin hamısı əməli-saleh deyil, fərqli olanları da var. Ancaq burada obyekti və subyektiv səbəblər var. İnsanlar işlərini qanun, hüquq çərçivəsində görmür, iş məhkəməyə düşəndə də narazı qalırlar. Tutaq ki, əmək müqaviləsi olmadan şirkətlər insanları işə götürürlər, bir məsələ olanda, iş məhkəməyə gedib çıxır. Həm şirkət qanunları pozur, həm də vətəndaşlar əmək müqaviləsi olmadan işləyir. Ona görə də ümumilikdə məsələlərə kompleks yanaşılmalıdır".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31