Türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycanın rolu - RƏY
Türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycanın rolu- RƏY
2 Sentyabr 2019 13:51 SiyasətAzərbaycan daima Orta Asiya və Türkiyə arasında Türk coğrafiyasını birləşdirən və bu dövlətlər üçün mayak rolunu oynayan bir ölkə olub
Sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindən sonra türkdilli respublikalar arasında inteqrasiyanın sürətləndirilməsi, onlar arasında əlaqələrin daha da genişləndirilməsi gündəmin əsas mövzularından birinə çevrildi. Hətta zaman-zaman Avropa Birliyinə uyğun türk birliyinin yaradılması da gündəmə gəldi. Düzdür, sözügedən ideya reallaşmasa da, ancaq bu gün türkdilli respublikalar arasında əlaqələrin müəyyən mənada ürəkaçan olduğunu deyə bilərik. Bu gün də türkdilli respublikalar arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etməkdədir.
Müstəqil ekspert Kamran Sultanlı deyir ki, daima müzakirə edilən, mübahisələrə səbəb olan mövzu Türk dövlətlərinin inteqrasiyasıdır. Onun sözlərinə görə, türk dünyasının inteqrasiyası SSRİ dağıldıqdan sonra geniş spektrdə müzakirə edilən, arzulanan mövzuya çevrildi: "Yenicə müstəqilliyini qazanmış Türk dövlətləri bir-biri ilə əlaqələrini genişləndirməyə maraqlı idilər. O dövr Türk dövlətləri üçün dünyaya açılan qapı Türkiyə idi. Türk coğrafiyasının ən böyük, ən güclü, ən çox müstəqil olan Qərb dünyasına ən yaxın xüsusilə də Qərb sistemini mənimsəmiş Türkiyə vasitəsilə dünyaya açılmaq əsas məqsəd idi. Türkiyə ilk illər Türk dövlətlərinin özəl sektorunun inkişafına və soyuq müharibədən sonra kapital-liberal düzənə transformasiya olunan dünyamızda, Türk dövlətlərində bazar iqtisadiyyatının qurulmasına,Türk dövlətlərinin regional inteqrasiyasına yardım edə bilərdi. Azərbaycan Elçibəyin dövründə məhz lokomotiv rolunu Türkiyə oynayan Qərbyönümlü kursun tərafdarı idi. Yəni Türkiyənin köməyi, onun təcrübəsini öyrənməklə demokratik Qərbə açılmaq". Lakin ekspert deyir ki, Türk dünyasında inteqrasiyaya mane olan bir-çox amillər vardı və həmin amillər günümüzdə də qalmaqdadır: "İlk öncə qeyd etmək lazımdır ki, Türk xalqlarının eyni kökə, dil ailəsinə mənsub olmaqlarına baxmayaraq tarixi-mədəni şəraitdən irəli gələn səbəblərdən dolayı türk xalqları arasında böyük parçalanmalar və fərqli baxışlar yaranıb. Hətta Ziya Gökalp öz qeydlərində turançılıq üçün siyasi şəraitin olmadığını, lakin mədəni inteqrasiyanın mümkün olduğunu qeyd edirdi. Rəsulzadə də qeydlərində mən mədəni olaraq türkcüyəm deyirdi. Aydın Balayev özünün M.Ə.Rəsulzadə kitabında, Rəsulzadənin turançılığa utopik yanaşdığını qeyd edir, həmçinin vahid Türk millətinin olmadığını, Türk irqinə mənsub müxtəlif xalqların olduğunu vurğulayır. Əslində bu qeydlər öz-özlüyündə türk xalqlarının tarixi-mədəni şəraitdən irəli gələrək bir-birindən uzaqlaşmağının məntiqi nəticəsi idi. Ziya Gökalp Turançılığın siyasi olaraq zamanını yetişmədiyini qeyd edərək, turançılığın türk xalqlarının birlik və mədəni inteqrasiyasına böyük kömək olduğunu vurğulayırdı".
Kamran Sultanlı deyib ki, SSRİ-nin dağılması ilə Türk dövlətlərinin müstəqillik qazanması, onların xarici siyasətində də fərqliliklərə yol açdı: "Azərbaycan 2001-ci ilə qədər Avroatlantik inteqrasiya xətti ilə gedirdi, lakin 2001-dən sonra balans siyasətinə keçid etdi. Orta Asiya ölkələri isə əsasən Rusiyanın İnteqrasiya layihələrində təmsil olunurdular. Türkiyə tamamilə fərqli olaraq Qərblə birlikdə idi. Regional inteqrasiyanı şərtləndirən təkcə etnik amil və ya dil deyil, həmçinin ortaq mühit və iqtisadi bağlılığın olmasıdır. Dünyanın ən uğurlu iqtisadi modeli olan Avropa Birliyi məhz "Avropa Kömür Polad Birliyi" , "Avropa Atom Birliyi" kimi iqtisadi layihələrin dərinləşməsi ilə formalaşmağa başladı. Funskionalizm nəzəri aspektlərinə uyğun formalaşan Avropa Birliyi Transatlantik dəyərlərin formalaşmasına əlavə təkan oldu. Daha sonra Avropa Birliyinə üzv olmaq istəyən Qərb dünyasının parçası olmayan dövlətlər oldu. Buradan belə bir nəticə ortaya çıxır ki, regional inteqrasiya tək vahid din, dil və ya coğrafiyada yerləşmək anlamına gəlmir. Örnəyi Qərbi Avropada formalaşan AB bu gün az qala Xəzər dənizinə qədər inteqrasiya proseslərini həyata keçirir.
Türk dövlətləri arasında dərin inteqrasiyaya malik olan məhz təhlükəsizlik, iqtisadi bağlılıqların olduqca zəif olmasıdır. Azərbaycan daima Orta Asiya və Türkiyə arasında Türk coğrafiyasını birləşdirən və bu dövlətlər üçün mayak rolunu oynayan bir ölkə olub. Rəsulzadə də öz qeydlərində məhz Azərbaycanın Türk dünyasının mədəni inteqrasiyası üçün əsas lokomotiv olmasını qeyd edirdi. Türk ölkələri arasında, BTC, BTƏ, BTQ, TANAP, TAP, Transxəzər kimi iqtisadi layihələr həyata keçirilsə də, Orta Asiya bu layihələrdən faktiki kənarda qalır. Azərbaycan ilə Türkiyə arasında Gürcüstan var ki, o tamam fərqli regional inteqrasiya formatını formalaşdırır. Üstəlik Rusiyanın Türkiyəyə və Türk coğrafiyasına qarşı formalaşdırdığı, Ermənistan dekordinasiya xətti Türk dünyasının tam inteqrasiyasına mane olan amillər arasında öncül yer tutur. Sirr deyil ki, məhşur Qobl planına Moskva məhz Türk qurşağının formalaşdırılması kimi yanaşmışdı. Bu gün Qazaxıstan və Türkmənistanın Xəzərin dibi ilə bu layihələrə qoşulacaqları deyilsə də, hələlik bu dövlətlər arasında iqtisadi bağlar zəifdi. Regional inteqrasiya da isə iqtisadiyyat olduqca böyük önəm kəsb edir".
Ekspert onu da diqqətə çatdırıb ki, təhlükəsizlik tədbirləri regional inteqrasiya proseslərində böyük əhəmiyyət daşıyır: "Türkiyə NATO üzvüdür, Azərbaycan balans siyasəti həyata keçirsə də, NATO standartlarına çatmağı hədəfləyir, Türkiyə ilə müttəfiqdir. Orta Asiya ölkələri isə NATO-nun rəqibi Rusiyanın təhlükəsizlik formatı olan KTMT-nin üzvüdürlər. KTMT-nin bir üzvü də Azərbaycanın düşməni Ermənistandır ki, Orta Asiyanın Türk dövlətləri Ermənistanla müttəfiq sayılırlar. İkinci bir tərəfdən Rusiya ilə Türkiyənin yaxınlaşması, Türkiyənin Rusiyadan assimetrik aslılığı Moskvanın Ankaranı Qarabağ və özünün digər həyati maraqları mövzusunda kompromisə vadar edə bilər. Bəllidir ki, Türkiyə üçün Cənubi Qafqaz həyati deyil. Türkiyə də Moskvadan Yaxın Şərqdəki maraqlarının təminin də dəstək istəyə bilər. Üstəlik Ankaranın, Orta Asiyaya olan mövqeyidə güclü deyil. Orta Asiya Türkləri arasında hətta ciddi fikir ayrılıqları da var. Orta Asiya ilə Azərbaycan arasında Rusiyanın təsiri, Azərbaycanla Türkiyə arasında Gürcüstan orda artan Rusiya təsiri və Rusiyanın forpostu Ermənistan var ki, bu amillərdə regional inteqrasiya proseslərinə mane olan amillərdir. Bütün bunlardan əlavə Türk dövlətlərinin daxilində olan fərqliliklər və problemlər dərin inteqrasiyaya mane olan amillərdir. Nəticə olaraq deməliyəm ki, inteqrasiya prosesləri tək etnik və din yaxınlığı ilə olmur, örnəyi Ərəb Dövlətləri Liqasıdır ki, eyni dilə, dinə etnik mənsubiyyətə malik olmağına baxmayaraq vahid inteqrasiya modeli yarada bilmiyib. Türk dövlətlərinin uğurlu inteqrasiyası üçün güclü iqtisadiyyat və qarşılıqlı iqtisadi aslılıq vacib şərtlərdəndir".
Süleyman