Sirdən Günəşə gedən yola poetik baxış

Bəzən bir kitabı oxumağa onun adından başlayırıq; bəzən isə müəllifin özündən... Elə kitablar da olur, adla müəllif bir-birini tamamlayır, belə demək olarsa, bir-birini izah və təqdim edir. Tahir Rzanın yeni işıq üzü görmüş "Günəş torpağımdan doğur cahana" kitabı məhz belə kitablardan biri kimi qəbul edilə bilər.  
("RS Poliqraf"da çıxan kitabın önsözünü Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, dostumuz İlqar Fəhmi yazıb; redaktoru isə bu sətirlərin yazarının keçmiş iş yoldaşı, istedadlı gəncimiz Fərqanə Məcidovadır.)

Millət vəkilinin yaradıcılığı haqqında 5 il öncə yazdığım məqaləni "Tahirəm, sirrimi qəsdən yazıram..." adlandırmışdım. O zaman mənə elə gəlirdi, Tahir müəllimin poeziyasının əsas açarı məhz "sirr" anlayışıdır. Çünki o, görünən həqiqətin arxasındakı görünməyəni duymağa çalışan söz adamlarındandır; Tahir Rza şeirə nə gizlənmək üçün gəlib, nə də görünmək üçün... Sadəcə olaraq, o, könlünün səsi və qələminin apardığı yol ilə gedir - sonrası nə olar-olar... - Yanılmıramsa, belə insanlar haqqında epos tipli insan deyilir. Epos tiplilik Tahir müəllimə yaraşır; o, zəngin elat mədəni irsinə malik Ağcabədidə doğulub, boya-başa çatıb, orada çalışıb, orada yazıb və neçə ildir Ağcabədini Milli Məclisdə təmsil edir, Aqrar siyasət komitəsinin sədridir. 
Bunlar öz yerində.

İndi isə yeni kitabı vərəqlədikcə düşünürəm, bayaq vurğuladığımız həmin sirr öz poetik yolunu davam etdirib. Sirr qalıb, amma artıq qaranlıqdan çıxıb (çıxarılıb); indi o, Günəş işığında qərəlincə görünür.

Tahir Rzanın öncəki kitablarında daha çox insan taleyi, ömür müşahidələri, fərdi duyğular ön planda idisə, yeni kitabda həmin duyğular daha geniş bir üfüqə çıxır. Burada artıq bir insandan ötə, bir ulusun duyğuları, bütöv bir Vətənin ağrıları və sevincləri danışır...

Elə kitabın adı da bunu deyir:
"Günəş torpağımdan doğur cahana."  

Günəş hər yerdən doğur; ancaq şair onu öz torpağından doğurur. Çünki burada söhbət astronomiyadan yox, mənsubiyyətdən gedir. Ruhun günəşi var, yaddaşın günəşi var, Vətənin günəşi var...
Müəlkuf burada insanı dəyişməyən mərkəz kimi götürüb.
Bəli, Tahir Rza yaradıcılığında dəyişən mövzular ola bilər, lakin dəyişməyən bir obraz var: insan.
Bu kitabın səhifələrində də ən çox qarşılaşdığımız müraciət məhz budur:
"Ey insan...",
"Sözüm sənədir, insan...",
"İnsan...".

Şair dünyanın bütün problemlərini insanın içdünyasından başlayaraq izah etməyə çalışır. O, nə taleyi günahlandırır, nə dövranı, nə də zamanı.
Onun qənaəti sadədir: əgər dünya əyilibsə, onu əyən də insanoğludur.
Əgər dünya düzələcəksə, onu düzəldəcək olan da insandır, insan.  
Bu baxımdan Tahir Rza yaradıcılığı klassik Azərbaycan hikmət şeirinin bir növ çağdaş davamı təsiri bağışlayır. Burada öyüd, insan sevgisi, ustadnamə ruhu və nəhayət vətəndaş yanğısı eyni poetik axarda görüşür.

Bəs şair-millət vəkilinin mənəvi pasportu nələrin əsasında formalaşıb? - Mənim üçün hər şairin yaradıcılığında onun mənəvi pasportu sayılan misralar olur.
Tahir müəllimin bu kitabında belə misralar az deyil.
Onun şeirlərini oxuyanda hiss edirsən ki, müəllifin əsas sərvəti vəzifə, şöhrət və ya titul deyil.
Onun əsas sərvəti inamdır.
Haqqa inam, ədalətə inam, insana inam!
Bəlkə də buna görə onun poetik dünyasında ümidsizlik kök sala bilmir.
Dünya haqqında nə qədər sərt danışsa da, insanın yanlışlarını nə qədər açıq göstərsə də, sonunda yenə bir ümid işığı görünür.
Bu ümid isə təsadüfi sayıla bilməz.
Çünki Tahir Rza poeziyası ümidsizlikdən yox, mənəvi dirənişdən ilham alıb və ümid yayır, inam aşılayır.

"Günəş torpağımdan doğur cahana" kitabımı müəçlifin öncəki kitablarından fərqləndirən ən önəmli cəhətlərdən biri Qarabağ və Zəfər mövzusunun daha geniş yer tutmasıdır.
Əlbəttə, Tahir müəllim hər zaman vətənpərvər şair olub; lakin bu kitabda Vətən sevgisi yeni bir emosional qat qazanıb.
Artıq burada həsrətin yerini qürur, itkinin yerini qələbə, arzunun yerini isə gerçəklik tutur.

"Qarabağ", "Yenilməz Azərbaycan", "Ordum", "Qələbə eşqinə", "Bir olmasaq" kimi şeirlərdə müəllif yalnız qələbəni tərənnüm etmir; o qələbənin arxasında dayanan milli iradəni, birlik duyğusunu və mənəvi gücü göstərməyə çalışır.  
Və şeirlərdəki pafos süni alınmayıb.
Çünki onların arxasında yaşanmış tarix dayanır.

Bildiyimiz kimi, Azərbaycan poeziyasında ustadnamə ənənəsi heç vaxt itməyib. Sadəcə, zaman-zaman forması dəyişib.
Tahir Rzanın yaradıcılığı da bu ənənənin çağdaş davamı kimi görünür.
Onun şeirlərində tez-tez rast gəldiyimiz öyüd tonu müəllifin didaktik olmasına bağlanmır; öyüdçülük həyat təcrübəsinin çoxluğundan qaynaqlanır.
O, oxucuya yuxarıdan aşağı baxmır.
Əksinə, həyat yolunda qazandığı müşahidələri bölüşür. - Bəzən ata kimi, bəzən dost kimi, bəzən də uzun bir yolun yolçusu kimi. Onsuz da özünü dərk edən hər kəs "uzun, incə bir yolda" olduğunu bilir... Amma heç də hər kəs bildiyini ifadə edə bilmir, poetik ifadəni isə çox az insan bacarır.

Uzun sözün qısası, Tahir Rzanın şeirlərindəki öyüd yad təsir bağışlamır. Əksinə, xalq hikmətinin yeni ifadəsi kimi qəbul olunur.

Sevgi isə bütün yolların başlanğıcıdır (və bəlkə həm də sonudur)...
Haqqında danışdığımız kitabın başqa bir önəmli xətti sevgidir. Əgər bu sevgi yalnız iki insan arasındakı münasibətlə sınırlı olsaydı diqqətimizi ona yönəltməyə də bilərdik.
Sevgidən danışanda müəllif həm də insan sevgisini, torpaq sevgisini, ailə sevgisini, övlad sevgisini nəzərdə tutur.  
Sevgi olmayan yerdə nə insan bütöv olur, nə cəmiyyət. - Əslində, kitab boyu dolaşan əsas fikir də elə budur.

Onun ictimai fəaliyyəti ilə poetik fəaliyyəti arasında ciddi fərq yoxdur.
O, tribunada hansı dəyərləri müdafiə edirsə, şeirlərində də həmin dəyərlərin keşiyində dayanır. - Tahir Rzanın şəxsiyyətini tanıyanlar bunu yaxşı bilir. Bax, bu uyğunluq günümüzdə az rast gəlinən özəlliklərdən deyilmi?

Bəzən insanlar bir cür yaşayır, başqa cür yazırlar.
Tahir müəllim isə yazdıqlarını yaşamağa çalışan qələm adamlarındandır.
Bəlkə də onun şeirlərində hiss olunan səmimiyyətin əsas səbəbini elə bunda axtarmaq lazımdır.

Kitabın son səhifələrini çevirdikcə adam düşünür:
Görəsən, müəllif niyə məhz Günəş obrazını seçib?
Məncə, bunun cavabı kitabın özündədir.
Çünki Günəş işıq qaynağıdır.
İşıq isə həqiqətdir.
Tahir Rzanın poetik dünyası da məhz həqiqəti axtarmaq üzərində qurulmayıbmı?

O, bəzən sevgidə axtarır həmin həqiqəti, bəzən Vətəndə, bəzən insanın vicdanında, bəzən də haqqın və ədalətin səsində...
Bu anlamda yeni kitabı oxuyarkən oxşar qənaətə gəlmiş ola bilərik:
Bir vaxtlar "sirrini qəsdən yazan" şair indi o sirrin üstünə günəş salır.
Və həmin günəş yalnız onun torpağından doğmur, həm də onun qəlbindən şəfəq saçır.
Şairlərin ən böyük vətəni elə öz ürəkləri deyilmi?..

Tahir Rzanın yeni kitabı həmin ürəyin işığından doğan, günəşli, işıqlı və ümidli bir poetik yol xəritəsidir.
Yolçu yolda gərək! Uğurlar, Tahir müəllim!

Əkbər Qoşalı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31