Prezidentin xəbərdarlıqlarından icra başçıları nəticə çıxarmalıdır- EKSPERT
1 May 2019 15:02 SiyasətAzərbaycan vətəndaşı hər zaman, ən xoş və ən çətin anında dövlət başçısı, Cənab Prezidenti öz yanında hiss edir, görür. Hər addımda dövlət başçısının diqqət və qayğısını hiss edən vətəndaş eyni münasibəti, yanaşmanı Cənab Prezidentin təyin etdiyi məmurlardan, icra hakimiyyəti başçılarından da görmək istəyir. Təəssüflər olsun ki, bu əksər hallarda belə olmur. Daha dəqiq desək dövlət başçısının təyin etdiyi məmurlar, icra hakimiyyəti başçılarının heç də mütləq əksəriyyəti bu etimadı doğrultmur, dövlət başçısının dediyi kimi xalqa xidmət prinsipindən bir qədər uzaq olur. Elə Cənab Prezidentin də əksər hallarda irad tutduğu məsələ məhz budur. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə toxunaraq məmurlara, xüsusilə də yerli icra hakimiyyəti başçılarına xalqa xidmət etmək barədə ciddi tapşırıqlar verib. Elə ötən gün Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında da çıxışı zamanı Cənab Prezident bir daha yerli icra hakimiyyəti başçılarına xəbərdarlıq edib. Dövlət başçısı özü kimi təyin etdiyi məmurların da hər zaman, ən ağır zamanlarda belə xalqla bir yerdə olmasını tövsiyə edib: "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq". Prezident çıxışı zamanı idraəetmə sahəsində islahatlara da toxunub, qeyd edib ki, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar".
Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyib ki, dövlət başçısının təyin etdiyi icra başçılarından ən birinci tələbi xalqa sədaqətlə xidmət etməkdir: "Azərbaycan prezidenti İlham Əliyev son illər bütün iclaslarda haqlı olaraq icra başçılarını daima eyni sözlərlə xəbərdar edir: "Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. Onlara bu barədə göstəriş verilib. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər". Prezident onu da deyir ki, ictimai nəzarət daha da güclü olmalıdır". Elxan Şahinoğlunun sözlərinə görə, dövlət başçısı bunu hər dəfə ona görə təkrar-təkrar deyir ki, icra başçılarının bir çoxunun fəaliyyətində müsbətə doğru dəyişən bir şey yoxdur: "Məsələn prezidentin yanaşmasından və sonuncu cümləsindən çıxış edərək bir neçə ay əvvəl həyətimizi uzaqdan seyr edən Yasamal rayonunun icra başçısı Əziz Əzizova yaxınlaşdım. Ətrafında ən azı 10-15 kostyumlu şəxs var idi, onların çərgəsini yarıb icra hakiminə yaxınlaşıb həyətimizin ətrafındakı qanunsuz tikililərdən danışdım, ağacların gecə ikən kəslidiyini və bunu edən mafia ilə mübarizəmizi nəql etdim. İcra hakimi bu məsələ ilə məşğul olacağını vəd etdi. Üstündən aylar keçib, qanunsuz olan tikilini bitirməyə çalışmaları bir yana həyətimiz bir az daha mühasirəyə alınıb, hasar tikib küləyin qarşısını alıblar, üstəgəl həyətdən özləri üçün yol açıblar ki, indi maşınlar həyətimizdən keçərək baş yola çıxırlar. İcra başçıları beləmi yerinə yetirirlər prezidentin təlimatlarını? Ötən dəfə ağbirçək qonşumuz mənə yaxınlaşaraq deyir ki, gedək icra başçısının qəbuluna. Dedim ki, yalandan vəd verəcək, heç bir nəticə də olmayacaq. İcra başçıları yeni təyin olunanda bir neçə gün gözə kül üfürmək üçün həyətləri gəzirlər, daha sonra həmişəki kabinet fəaliyyətinə keçirlər".
Füzuli