Bakıda beynəlxalq forum keçirilir - FOTO
Bakı 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.
1 May 2019 13:59 SiyasətBakı 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.
Əhəmiyyətli forumun ilk günü YUNESKO-nun təşkilatçılığı ilə dinlərarası dialoq və dini müxtəlifliyin idarəolunması mövzusuna həsr olunmuş görüş keçirildi.
Müxtəlif ölkələrdən olan nümayəndələr və beynəlxalq təşkilatların üzvləri Bakıda bir araya gəlib hazırda dünyada baş verən dini mübarizələr, savaşların həlli mövzusunda fikir mübadiləsi apardı. Avropa Birliyinin insan haqları üzrə mütəxəssisləri dini məbədlərin məhvi ilə bağlı təəssüflərini dilə gətirdilər. Həmçinin kilsələri, məscid və sinaqoqları, eləcə də digər dini binaları qorumaq məqsədilə dəfələrlə qanun qəbul edildiyini və bu missiya ilə məşğul olan müxtəlif təşkilatların yaradıldığını bildirdilər. Azsaylı xalqlarınn və Afrika ölkələrindən olan mühacirlərin üzləşdikləri problemlər müzakirə olundu. Avropada yaşayan müsəlman qadınların hicab geyinmək azadlıqlarının da toxunulmaz olduğu vurğulandı.
"Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən konfransda çıxış edən İsrail nümayəndəsi Alon Qoşen sülh içində yaşayan dünya, təmiz ekologiya, güclü tibb və təhsil sisteminin qurulması yolunda müxtəlif dini icmaların mütəmadi olaraq görüşməsinin, çətin suallara birgə cavab tapmasının vacibliyini vurğuladı. Roma papası Fransiskin, Dalay Lamanın və digər dinlərin liderlərinin birgə görüşündən hazırlanmış videoçarx iştirakçılara təqdim olundu. Çarxda sülh mesajı verən bütün icma liderləri, dini xadimlər, Tanrı sevgisinin müxtəlif dinlərə ibadət edərək mümkünlüyünü, bu ilahi sevgi naminə birləşməyin müqəddəs addım olduğu bildirirlər. Həmçinin təmiz dünya uğrunda dini savaşların dayandırılmasının vacib olduğunu vurğulayırlar. Sosial harmoniyanın, mənəvi inkişafın təbliğ olunduğu bu çarx digər iştirakçılar tərəfindən də maraqla qarşılandı.






