Paşinyanın siyasi səriştəsizliyi Ermənistanı uçuruma aparır
Aprel inqilabından sonra xunta rejimini devirərək hakimiyyəti zorla ələ keçirən Nikol Paşinyan hər nə qədər Ermənistanı ağ günə çıxarmağa çalışsa da, lakin inqilabçı lider qarşısına qoyduğu məqsədləri heç cür reallaşdıra bilmir. Əksinə işğalçı ölkənin durumu hər ötən gün daha da pisləşir, əhalinin sosial vəıziyyəti ağırlaşır. Bunun isə başlıca səbəblərindən biri Paşinyanın siyasi cəhətdən səriştəsiz olmasıdır. İstər daxili, istərsə də xarici siyasətdə naşı addımlar atan Paşinyan həm Ermənistan daxilində, həm də xaricdə artıq qeyri-ciddi siyasi fiqur kimi tanınır. Elə Nikol Paşinyanın Ermənistan hökumətinə rəhbərlik etdiyi dövrdə verdiyi bəyanatlar, etdiyi çıxışlar və atdığı addımların fonunda bunu aydın şəkildə görmək mümkündür.
3 Yanvar 2019 13:03 SiyasətAprel inqilabından sonra xunta rejimini devirərək hakimiyyəti zorla ələ keçirən Nikol Paşinyan hər nə qədər Ermənistanı ağ günə çıxarmağa çalışsa da, lakin inqilabçı lider qarşısına qoyduğu məqsədləri heç cür reallaşdıra bilmir. Əksinə işğalçı ölkənin durumu hər ötən gün daha da pisləşir, əhalinin sosial vəıziyyəti ağırlaşır. Bunun isə başlıca səbəblərindən biri Paşinyanın siyasi cəhətdən səriştəsiz olmasıdır. İstər daxili, istərsə də xarici siyasətdə naşı addımlar atan Paşinyan həm Ermənistan daxilində, həm də xaricdə artıq qeyri-ciddi siyasi fiqur kimi tanınır. Elə Nikol Paşinyanın Ermənistan hökumətinə rəhbərlik etdiyi dövrdə verdiyi bəyanatlar, etdiyi çıxışlar və atdığı addımların fonunda bunu aydın şəkildə görmək mümkündür.
Nikol Paşinyanın hökumət rəhbəri kimi verdiyi açıqlamalarından biri Türkiyə-Ermənistan münasibətləri ilə bağlı oldu. Belə ki, işğalçılıq siyasətini aradan qaldırmayan, Azərbaycan ərazilərini azad etmək istəməyən İrəvan Ankara ilə dost olmaq fikrini ifadə etdi. Ermənistanın baş naziri Nikol Paşinyan müsahibələrinin birində dedi ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və sərhədi açmağa hazırdır. Ancaq Paşinyan onu nəzərə almadı ki, Türkiyə tərəfi məhz onun İrəvan qarşısında qoyduğu şərtlərə əməl edilməyəcəyi təqdirdə Ermənistanla heç bir diplomatik münasibətin bərpa olunmayacağını qətiyyətlə bəyan edib və qardaş ölkə hər zamankı kimi bu gün də eyni mövqedə qalır. Türkiyənin Ermənistanla diplomatik münasibətləri bərpa etməsi və sərhədi açması üçün ilkin şərti isə budur. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan bu şərti yerinə yetirmədiyinə görə Türkiyə ilə münasibətlərin normallaşmasına nail ola bilmir. Qeyd edək ki, Nikol Paşinyanın açıqlamasında yeni ideya yox idi. Eyni sözləri Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Onlar da ilkin şərt irəli sürülmədən Türkiyə ilə münasibətlərin normallaşmasını arzu edirdilər. Ancaq onlar da Türkiyənin Qarabağla bağlı ilkin şərtini yerinə yetirmədilər. "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaratdı. Türkiyənin bəzi qəzetləri Paşinyanın açıqlamasına geniş yer verdilər. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün "tarixi fürsət" adlandırdı: "O, "Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik" dedi. Mustafa Sarıgül cümləsini belə tamamladı: "Bizim əlimiz elə qardaş Azərbaycanın əlidir".
Mustafa Sarıgül sonuncu cümləsi ilə Azərbaycanın da maraqlarının nəzərə alınacağına işarə edib. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq fikri yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunarsa və torpaqlar azad olunarsa, Azərbaycan da Ermənistanla normal münasibətlər qurmağa hazırdır. Nikol Paşinyan müsahibəsində başqa bir fikir də işlətdi: "Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir". Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa da, Ankara "erməni soyqırımının tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin". Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Türkiyədə Mustafa Sarıgül kimi düşünənlər az olmaya bilər. Türkiyədə liberal dairələr Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Onlar Azərbaycan faktorunun əsas götürülməsini istəmirlər. Türkiyədəki liberal dairələrin yanaşması belədir ki, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa etsə və sərhədi açsa, gələcəkdə Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinin həllinə mövqeyi dəyişəcək. Ancaq bu səhv yanaşmadır. Əksinə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırandan sonra blokada zəifləyəcək. Bu faktor isə Ermənistan hakimiyyətini işğal etdiyi torpaqları boşaltmaq zərurətindən azad edəcək. İndiki vəziyyətdə isə Ermənistan işğalçı siyasətinə görə həm Azərbaycanın, həm də Türkiyənin təzyiqi altındadır".
Politoloq bildirib ki, Paşinyanın hökumət rəhbəri kimi verdiyi açıqlamalar bir daha sübut etdi ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkənin işğalçılıq mahiyyəti dəyişmir. Politoloq hesab edir ki, müntəzəm olaraq İrəvandan verilən təxribatçı açıqlamalar, eləcə də atılan addımlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəaliyyətə mane olur, müharibə riskini artırır: "Ermənistanın baş naziri Moskvada erməni lobbisinin nümayəndələri ilə görüşdə dedi ki, "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir". Bundan sonra Paşinyan dedi ki, "Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarıla bilməz" və "Dağlıq Qarabağda referendum keçirilməlidir". Bu açıqlamalar bölgədəki vəziyyəti gərginləşdirməyə xidmət edirdi. "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" sözləri danışıqların dayandırlmasına səbəb ola bilərdi. Paşinyanın Ermənistan daxilindəki problemləri də artırdı. Nazirlərin telefon danışıqları internetdə yayıldı. Məlum oldu ki, Paşinyanın nazirləri Robert Köçəryanı yenidən həbs etmək istəyirdilər və hakimə təsir edirdilər. Halbuki, Paşinyan mitinqdə demişdi ki, hakimlərin qərarlarına qarışmayacaq. Nazirlərin telefon danışığının dinlənməsi ondan xəbər verirdi ki, Paşinyan sentyabr və oktyabr aylarında administrativ resurslara nəzarət edə bilmirdi. Və ya Paşinyanın siyasətindən narazı olan Rusiyanın kəşfiyyat strukturları Ermənistan nazirlərinin telefon danışıqlarını dinlədikdən sonra internetdə yerləşdiriblər. Bu danışığın internetdə yayınlanması Paşinyanın hakimiyyətinə zərbə mahiyyəti daşıyırdı. Buna baxmayaraq, Paşinyan bu telefon danışıqlarından itkisiz çıxa bildi". Politoloq deyir ki, İrəvanın dgər təxribat xarakterli addımları Nikol Paşinyanın Dağlıq Qarabağa səfərlərinin artmasında özünü büruzə verdi: "Bununla da o, separatçılara dəstək verməyə çalışırdı. Çünki həm Paşinyan, həm də separatçılar bilirlər ki, işğal davam etdikcə bölgədə müharibə risqi artır. Ancaq Paşinyanın Qarabağa səfərləri və verdiyi açıqlamalar bölgədə sülhə xidmət etmirdi. Paşinyanın BMT-dəki çıxışı da göstərirdi ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır deyil". Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın digər bir təxribatçı addımı əsirləri dəyişməmək barədə ortaya qoyduğu mövqe idi: "Nikol Paşinyan Dağlıq Qarabağdakı iki azərbaycanlı girovu qaytarmaq istəmir. Onun iddiasına görə, iki azərbaycanlı girov Dağlıq Qarabağda adam öldürüb. Buna görə də Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar. Onlar ölkənin strateji əhəmiyyətli yollarını kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü "bütün əsirləri dəyişək" prinsipinə dəstək verirlər. Paşinyan müqavimət göstərirdi. Ermənistanın baş naziri bildirirdi ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyirdi ki, iki azərbaycanlı girov Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan haqlı idi. İki girovumuz Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaq. Bu isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir. Azərbaycan sərhəddə daha çox erməni diversantı həbs etməyə çalışacaq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə edəcək". Politoloq onu da qeyd edib ki, Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri dəyişməyib. O, rəsmi Bakının İrəvanla yanaşı Qarabağ separatçıları ilə danışıqlar aparmasının da vacibliyini bildirir: "Paşinyan separatçıların rəyini nəzərə almadan addım atmayacaq. Əslində Paşinyan separatçıların "Qarabağ klanı"ndan qorxur. Paşinyan hesab edir ki, bu iki güc onu hakimiyyətdən zorla uzaqlaşdıra bilər, buna görə də separatçıların rəyi olmadan Bakı ilə anlaşmaq istəmir. Paşinyan yalandan onu da deyirdi ki, guya keçmiş prezident Serj Sərkisyan Azərbaycanla razılığa gəlməyə hazır idi və bu zaman Qarabağ ermənilərinin rəyi nəzərə alınmayacaqdı. Bu gün Paşinyana müxalifətdə olanlar bunun tam tərsini deyirlər. Paşinyana müxalif olanlar məhz onun seçkidən sonra Azərbaycanla razılaşacağını iddia edirdilər. Azərbaycanla razılaşma o deməkdir ki, Paşinyan qeyd-şərtsiz Dağlıq Qarabağ ətarfındakı rayonları boşaldacaq. Lakin bu həqiqət deyil. Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyə hazır deyil. Çünki hakimiyyətdə olan şəxs düşünür ki, Azərbaycanla razılığa gəlmək daxildə hakimiyyəti, hətta həyatı itirmək təhlükəsi deməkdir. Misal üçün, Paşinyanın özü 1990-cı illərin sonuna qədər Azərbaycanla sülhün tərəfdarı olub. O bu haqda yaxın ətrafındakılara da deyirdi ki, Ermənistanın iki qonşusu - Azərbaycan və Türkiyə ilə barışması vacibdir: "Bu olmadan Ermənistan inkişaf etməyəcək". Ancaq Paşinyan deputat seçilən kimi sülhpərvər fikirlərindən daşındı. Çünki hakimiyyətdə bu sözlərin ona baha başa gələcəyini düşündü. Ermənistanın heç bir prezidenti və ya baş naziri öz istəyi ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Ermənistanın daxili vəziyyəti buna imkan vermir. Odur ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir. Bunun yolları məlumdur. Azərbaycan Ermənistana qarşı gələcəkdə hərbi təzyiqi yenə artıracaq. Bundan başqa, Azərbaycan müxtəlif dövlətlərdən hərbi sursat və texnika almaqda davam edəcək". Bütün bunları nəzərə alan politoloq deyir ki, Nikol Paşinyan hakimiyyəti zəbt etdiyi müddətdə qarşısında duran heç bir problemi həll edə bilməyib və hazırda da onun qarşısında 3 vacib problemi var: "Birincisi, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmalıdır. Əks halda, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Nikol Paşinyan Qarabağda həbsdə olan 2 azərbaycanlı girovu da azad etməlidir. Əgər Paşinyan həmin girovları azad etməsə, bu faktor da vəziyyəti gərginləşdirəcək. İkincisi, Nikol Paşinyan iqtisadi islahatlar aparmalıdır. Ancaq bunun üçün Ermənistanın maliyyəsi yoxdur. Digər tərəfdən, Ermənistanın xarici borcları artır. Nikol Paşinyana borc vermək istəyən dövlətlərin sayı çox deyil. Üçüncüsü, Nikol Paşinyan xarici siyasət kursunu müəyyənləşdirməlidir. Paşinyan Rusiya və Qərb arasında seçim etməlidir. Paşinyanın Qərbə yaxınlaşması Moskvanın xoşuna gəlməyəcək".
Göründüyü kimi, Nikol Paşinyanın siyasi səriştəsizliyi və bacarıqsızlığı Ermənistanı uçuruma aparır. Çox güman ki, sadə ermənilər tarana getməmək üçün inqilab yolu ilə hakimiyyəti zəbt edən Paşinyanı elə inqilab yoluyla da yola salacaqlar.
Məhəmməd