Satılmışların və atılmışların birlik cəhdləri
Yaxud müxalifətə xaricdən gələn təlimat nədən ibarətdir?
19 Dekabr 2018 16:14 SiyasətYaxud müxalifətə xaricdən gələn təlimat nədən ibarətdir?
Uzun illərdir ki, passiv vəziyyətdə fəaliyyət göstərən Azərbaycan müxalifəti deyəsən fəallaşmaq qərarına gəlib. Hər halda yaxın günlərdə keçirilməsi nəzərdə tutuıan "Müxalifət zirvəsi" adlı görüş belə deməyə əsas verir. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun sədrliyi ilə keçiriləcək zirvə görüşündə iştirak üçün ölkədə fəaliyyət göstərən 36 siyasi partiya rəsmisi, rəhbərliyinə dəvət də göndərilib. Hələlik sözügedən zirvə görüşündə hansı məsələlərin müzakirə ediləcəyi tam açıqlanmasa da, ehtimal edilir ki, əsas fikir mübadiləsi müxalifət düşərgəsinin toparlanması və qarşıdan gələn parlament seçkilərində birgə iştirak etmək olacaq. Nəzərə alsaq ki, müxalifət cameəsi adəti üzrə bu və ya digər seçki ərəfəsində fəallaşır, o zaman "Müxalifət zirvəsi" ilə bağlı irəli sürülən ehtimalı da reallığa yaxın kimi qiymətləndirmək olar. Ancaq yaxın tariximizdə dəfələrlə təkrarlanmış acı təcrübə bu düşərgənin bu dəfəki cəhdlərinin də səmərəsiz olacağı qənaətini formalaşdırır. Əgər son 25 ildə müxalifət düşərgəsində cərəyan edən proseslərə, aparılan birlik oyunlarına diqqətlə nəzər yetirsək yuxarıda qeyd etdiklərimiz təsdiqini tapmış olar. SİDSUH, DUH, DUB, "Bizim Azərbaycan" Bloku, "Azadlıq" bloku, Milli Şura və s. kimi birlik "təcrübəsi"ndən çıxış edərək deyə bilərik ki, müxalifətin bu dəfəki birlik təşəbbüsü də heç bir nəticə verməyəcək. Əslində bunun səbəbi hər kəsə bəlli olsa da, lakin bir qədər sadalamağa, ehtiyac var.
İlk növbədə müxalifət düşərgəsində bir-birini qəbul etməmək kimi mənfi tendensiyalar bu düşərgənin hər hansı formada birləşməsinə ciddi şəkildə mane olur. Bir neçə, onlarla partiya deyil, hətta iki siyasi təşkilatın belə eyni mövqedən çıxış etməsi hər zaman müşkül məsələyə çevrilib. Bunun əyani sübutu kimi Milli Şura adlanan qurumda yaşananları göstərmək olar. Sözügedən qurumda əsas iki siyasi qüvvə -Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası-fəaliyyət göstərirdi ki, hətta onlar belə ən xırda məsələdə Milli Şura daxilində ortaq nöqtəyə gələ bilmədilər və nəticə edibarilə sözügedən qurum daxilində AXCP və Müsavatın müttəfiqliyinə son qoyuldu. Bu da təbii ki, müxalifət liderlərinin bir-birini qəbul etməməsi, bir-birinə qarşı kampaniya aparmasında irəli gəlirdi. Bu günün özün də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası sosial şəbəkələr, özlərinə yaxın media qurumları vasitəsilə bir-birini gözdən salmaq üçün bütün vasitələrdən istifadə edirlər. İndi təsəvvür edin ki, adıçəkilən iki partiya "Müxalifətin zirvəsi"ndə təmsil olunacaq və birgə əməkdaşlıq edəcək.
Müxalifətin indiyə qədər uğursuzluqlara düçar olması və yaratdığı birliklərin iflasa uğramasının digər bir səbəbi isə bu düşərgənin rəngarəngliyi ilə bağlıdır. Sağçılar, solçular. Demokratlar, liberallar, hətta islamçılar belə müxalifət cameəsində təmsil olunurlar. Müxtəlif siyasi yöndə olan, hadisələrə, cərəyan edən proseslərə fərqli münasibət və yanaşma ortaya qoyan təşkilatların isə bir mərkəzdə təmsil olunması, vahid mövqe ortaya qoyması qətiyyən mümkün görünmür. Ona görə də yaxın günlərdə nəzərdə tutulan "Müxalifətin zirvəsi"ndən də hər hansı müsbət nəticə gözləməyə dəyməz.
Digər vacib və diqqət çəkən məqam sözügedən zirvəyə dəvət olunanların yaxın keçmişdə yol verdikləri ciddi nöqsanlarla bağlıdır. Məsələn, "Müxalifətin zirvəsi"nə AXC-Müsavat hakimiyyəti dövründə baş prokuror işləmiş İxtiyar Şirin də dəvət edilib. Hansı ki, həmin İxtiyar Şirin 1993-cü ilin iyun hadisələri zamanı sabiq prezident Əbülfəz Elçibəyin həbsi barədə qərar vermişdi. İndi maraqlıdır ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov onun prezidenti barədə həbs qərarı vermiş birisi ilə necə eyni sıranı bölüşəcək və onunla əməkdaşlığa hansı əsaslandırma ilə gedəcək. Yaxud AXC-Müsavat hakimiyyətinin devrilməsində bu və ya digər formada iştirakçı olan, Gəncədə baş qaldıran qiyama qeyri-rəsmi olaraq silahlı dəstək verən sabiq müdafiə naziri Rəhim Qazıyevlə müxalifətin digər təmsilçiləri necə əməkdaşlıq edəcək? Kifayət qədər maraqlı suallar var və ehtimal etmək olar ki, "Müxalifətin zirvəsi" təşəbbüsü ilə çıxış edənlər bütün bunlara aydınlıq gətirəcəklər.
Yuxarıda sadaladığımız nüanslara diqqət yetirdikdən sonra ortaya maraqlı bir sual çıxır. Görəsən keçmişdə baş verənləri unutdurmağı, bir-birinə qarşı düşmən mövqeyində olan qüvvələri bir araya gətirməyi nə vadar edir? Əslində bu sualın cavabı aydındır. Xaricdəki antiAzərbaycan şəbəkədən gələn təlimat. Adəti üzrə bu və ya digər seçki ərəfəsində xaricdəki Azərbaycanı sevməyən qüvvələr tərəfindən Azərbaycan müxalifətinə təlimat gəlir. Həmin təlimat da ondan ibarət olur ki, seçkilərə qədər maksimum dərəcədə fəallıq ortraya qoysunlar və mümkün qədər ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərilsin. Ehtimal etmək olar ki, elə "Müxalifətin zirvəsi"ndə də yaxın vaxtlarla kütləvi aksiyaların keçirilməsi barədə qərar qəbul edilsin. Çünki yaxın coğrafiyamızda baş verən proseslər, xüsusilə Ermənistanda baş verən aprel inqilabından sonra xaricdəki antiAzərbaycan şəbəkə əsas diqqəti ölkəmizə, burada ictimai-siyasi sabitliyi pozmağa yönəldib. Ancaq qətiyyətlə demək olar ki, məkirli qüvvələrin bu dəfəki planı da baş tutmayacaq. Çünki Azərbaycan cəmiyyəti satılmışlara, atılmışlara, xalqa qarşı xəyanət yolunu tutanlara inanmır, onlara etimad göstərmir.
S.İsmayılbəyli