Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər

Cavanşir Feyziyev: “Bu Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir”

Cavanşir Feyziyev: "Bu Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir"

Milli Məclisin dekabrın 18-də keçirilən iclasında millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Əvvəlcə millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, Avropa Parlamentində AXC-nin 100 illiyi ilə bağlı möhtəşəm tədbir keçirilib: " Bu il AXC-nin 100 illiyi ilə bağlı ölkə xaricində, o cümlədən Avropada çoxlu tədbirlər keçirildi. Biz nümayəndə heyətimizin üzvləri ilə Strasburqa getdik. Həmin tədbirdə 140-dan çox qonaq iştirak edirdi. Onlara Azərbaycan Xalq Cümhuriyyəti haqqında dəyərli məlumatlar verildi. Bu tədbirlərdən sonra Avropa Parlamentinin plenar sessiyası keçirildi. Və Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edildi". C.Feyziyevin sözlərinə görə, sənəddə bütün "Şərq tərəfdaşlığı ölkələri"nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığı öz əksini tapıb, sonda isə qətnamə qəbul edilib: "Qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. Müzakirələrdən sonra qəbul edilmiş qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir". 
Deputatın sözlərinə görə, sənəddə bütün "Şərq tərəfdaşlığı ölkələri"nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır: "Bu ilki hesabatda təsdiq olunur ki, "Şərq tərəfdaşlığı ölkələri"ndə dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi onu göstərir ki, Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir. Qətnamədə yer alan digər vacib müddəa isə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Sənəddə "Şərq tərəfdaşlığı" regionundakı münaqişələr zamanı yurd yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardımların edilməsini nəzərdə tutur. Avropalı parlamentarilər yekun qətnamənin obyektiv əsaslara söykəndiyini deyir. Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi parlamentarilərin cəhdləri nəticəsiz qalıb. Belə ki, onlar qətnaməyə xalqların öz müqəddəratının təyin etməsilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, təklif böyük səs çoxluğu ilə rədd edilib". C.Feyziyev bildirib ki, qətnamədə xalqların öz müqəddəratını təyin etmə prinsipindən söz açılmayıb: "Erməni lobbisinin səylərinə baxmayaraq, öz müqəddəratını təyin etmə məsələsi bu məruzəyə salınmadı. Bütün bunların arxasında  Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət dayanır. Artıq yavaş-yavaş Azərbaycana qarşı ikili yanaşmalar aradan qalxır". Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi. Deputat bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb.Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: "Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi".

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, dekabrın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə böyük uğur və qələbədir. Onun sözlərinə görə, Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul edib: "Biz adətən görürdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və  Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəstək verirdilər. İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb. Bu, Azərbaycan parlamentinin böyük uğurudur". Deputatın sözlərinə görə, ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir: "Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!"

Ardınca deputat Fəzail İbrahimli Nərmin Şahmarzadə adlı psixoloqun Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsinə münasibət bildirib. Qeyd edib ki, həmin psixoloqu danışdıran genetik koddur. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən şəhidlər, qəhrəmanlar təhqir olunur: "Bu xanım psixoloqun özünün psixiatra ehtiyacı var". Deputatın çıxışına Milli Məclisin sədri Oqtay Əsədov da reaksiya verib: "Mən mətbuatda bütün məsələləri izləmişəm. Xalqımızın buna hiddətini müşahidə etmişəm. Buna görə də, belə cılız məsələləri parlamentin iclasına çıxarmayaq. Bu heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq ya yox. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? Onun cavabını xalqımız verdi". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar: "Biz addımımızı geri qoyduqca, onlar bir az da üzərimizə gəlirlər. Kanalları, saytları açdıqca, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin, ictimai-siyasi sabitliyin qorunmasında xüsusi rolu olan şəxslərə, dövlətimizin qurucusu ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq?" Q.Həsənquliyevin sözlərinə görə, bir qrup deputat hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək: "Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başısını, ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələrində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparırlar". Üzünü hüquq-mühafizə orqanlarına tutan S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni o ölkələrin aidiyyatı strukturlarının qarşısına qoysunlar: "Sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazan kimi gecə ilə həbs edirlər. Amma Azərbaycan əlayehinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq-mühafiqə orqanları İnterpol-a konkret sənədlər təqdim etməlidir". 

Deputat əlavə edib ki, Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki barmağı barmaq üstünə qoymayıblar. O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər: "Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub. Tez-tez "Yeni Müsavat"da yazılar yazır. O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. Özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O, iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı görür və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin". 

Millət vəkili Tahir Kərimli isə bildirib ki, Azərbaycanın himni yenidən aranjiman olunacaq:  "Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq". O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etmk istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki,  himn ifa olunanda hamı ayağa durmalıdır. Lakin himn çalınanda hərə bir cür dayanır: "Bilirik ki, farağat vəziyyətində dayanmaq lazımdır. Amma bəziləri farağat, bəziləri isə əli ürəyinin üstündə dayanır. Bunlara aydınlıq gətirilməlidir". Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib. Bildirib ki, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir: "İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır.  Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir". Qənirə Paşayeva deyib ki, mövzunun da polemikaya ehtiyacı yoxdur: "Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. "Hüququndan keçən əsgər" kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq". Deputat Araz Əlizadə isə bildirib ki, himnin sözləri gözəldir, amma müəllifi Əhməd Cavad deyil: "Bu himnin müəllifi Cəmo bəy Cəbrayılbəylidir. Bu faktlarla sübut olunub". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31