İnsan hüquq və azadlıqlarının qorunması ölkəmiz üçün prioritet məqsəddir

İkinci dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülhü və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı-Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının maddələrinin birində göstərilirdi ki, bu təşkilatın vəzifəsi "hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir".  Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı. Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin arvadı Eleonorun başçılıq etdiyi xüsusi komitə özündə dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahısını əks etdirməli olan beynəlxalq bəyannamə üzərində işə başladı. Qərb ölkələri bəyannamədə əsasən siyasi və vətəndaş hüquqlarının əks olunmasına çalışdıqları halda, SSRİ nümayəndələri tələb edirdilər ki, bəyannamədə üstünlük sosial və iqtisadi hüquqlara verilsin, belə ki, onların fikrincə, bu hüquqlar SSRİ-də lazımınca təmin edilmişdi və bunlarsız siyasi hüquqların heç bir əhəmiyyəti yox idi. Bəyannamədə hər iki tələbə əməl olundu, lakin sosialist ölkələri onu imzalamaqdan imtina etdilər. Nəhayət sənədin mətnində dəyişikliyin lehinə 1400 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı ,Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT-nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. Ümumdünya insan hüquqları bəyannaməsi(ÜİHB) hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. BMT kimi ÜİHB də insan hüquqlarını irəli çəkərək dünyəvi sülhə nail olmaq məqsədilə yazılmışdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartlarını yaratdı. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir. Ümümbəşərilik o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz.

İnsan hüquqlarının təməl prinsipləri

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Azərbaycanda belə bir sənəd ölkəmizdə hər bir kəsin hüquqlarının təmin olunmasına, insan hüquqları sahəsində ardıcıl, sistemli işin aparılmasının özülü Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı İnsan Hüquqları sahəsində ilk Dövlət Proqramı olub. Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi. Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Müstəqil Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra  "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşulub. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürüb. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olunub.

Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda qəbul edilən qanunvericilik sənədlərində hüquqların bərabərliyi əsas götürülür. Müəyyən istisnalarla əcnəbi vətəndaşların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni şəkildə qorunur. Azərbaycan hökuməti hər kəs üçün bərabər hüquqların bərabər imkanlara çevrilməsi istiqamətində eyni şəraiti təmin edir. Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə İnsan Hüquqları üzrə ilk Milli Fəaliyyət Planı, 2011-ci ildə ilk Milli Fəaliyyət Proqramını təsdiq edib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib. Bu siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər hüquqi dövlət quruculuğu prosesini şərtləndirən amillərdəndir. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair qəbul olunan dövlət proqramlarında Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir.

Bir milyondan artıq soydaşımızın hüquqlar pozulmaqda davam edir

Yeri əlmişkən xatırladaq ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. Lakin indiyə qədər işğalçı Ermənistan dövləti tərəfindən bir milyondan artıq soydaşımızın insan hüquqlar pozulmaqda davam edir.

Alim                                         

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31