Ailə institutları artıq əvvəlki ənənələrə söykənmir

Fəzail Ağamalı: “Azərbaycanda əhali artımında ciddi problem mövcuddur”

Fəzail Ağamalı: "Azərbaycanda əhali artımında ciddi problem mövcuddur"

Son vaxtlar ən çox müzakirə olunan və narahatçılıq yaradan məsələlərdən biri  ölkəmizdə uşaq doğumunda sayın azalması ilə bağlıdır. Doğrudanmı, ölkədə uşaqların sayının azalması ilə bağlı vəziyyət bu dərəcədə ciddidir? Məlumata görə, son 20-25 il ərzində Azərbaycanda əhalinin təbii artım göstəriciləri aşağı düşüb, ölüm göstəricisi yüksəlib. Belə ki, sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərib, nəticədə təbii artım göstəriciləri aşağı düşüb, ölüm göstəricisi yüksəlib. Hazırda isə demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac var. Onu da qeyd edək ki, son illər ərzində uşağın ana bətnindəcə tələf edilməsi - abort halları çoxalıb. Bu isə daha çox valideynlərin xüsusi aparatlar vasitəsilə bətndəki uşağın cinsini müəyyənləşdirəndən sonra qız uşaqlarını dünyaya gətirmək istəməməsi ilə bağlıdır. Heç şübhəsiz ki, bu da nəticə etibarilə respublikada doğumun sayının azalmasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, ölkədə əhalinin artım faizini yüksəltmək, eləcə də abort hallarını azaltmaq məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Stimullaşdırıcı tədbirlər kimi hər uşağa verilən birdəfəlik yardımın artırılması, eləcə də yaş yarıma qədər uşaqları olan aztəminatlı ailələrə əlavə ödənişlərin verilməsi təklif olunur. Bütün sadalananlara baxmayaraq, fakt ondan ibarətdir ki, ölkədə yeni doğulan uşaqların sayında azalma müşahidə olunur. Yeri gəlmişkən xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli gələn ilin dövlət büdcəsinin müzakirəzi zamanı qeyd edib ki, uşaq doğumu ilə bağlı bu ilin göstəriciləri  narahatlıq doğurur: "2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib. Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir". Elə bu səbədən də komitə sədri 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara verilən müavinatın artırılmasını xahiş edib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, bu məsələ həqiqətən ciddi və düşündürücü bir məsələdir. Bu məsələ demoqrafik təhlükəsizliyimizə də əngəl yaradan bir məsələdir. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir: "Milli Məclisdə statistik rəqəmlər dilə gətirildi və bəlli oldu ki, 2011-lə 2017-ci ilin arasında, hətta, 2018-ci ilin 9 ayı arasında hardasa 40-50 min civarında  bir azalma var. Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, eyni zamanda, nigahdankənar uşaqların da doğulma prosesi gedir. Burada da böyük problemlər var. Ailə institutları bizdə artıq əvvəlki ənənələrə söykənmir. Kifayət qədər aşılanıb. Bütün bunların hamısı nəzərə alınaraq birmənalı şəkildə demək olar ki, Azərbaycanda artıq əhali artımında ciddi problem mövcuddur. Yəni, uşaq doğumunda problem var. Mən çıxışımda da dilə gətirdim ki, imkanlı ailələr iki uşaqdan artıq övlad dünyaya gətirmirlər. Baxmayaraq ki, imkanları var, pulları var və sairə, ancaq iki uşaqdan çox uşaq istəmirlər. Ancaq əhali artımında həlledici rolu aztəminatlı və bir də orta təminatlı ailələr oynayır. Araşdırmalar da bunu göstərir. Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də burada həyəcan təbili vurulmalıdır, necə ki, biz həyəcan təbilinin ilkin səslərini, həyəcanların önə çəkdik.  Həmçinin, kütləvi informasiyalar vasitələri bununla bağlı araşdırmalarını, təhlillərini aparmalıdır, yazılarını verməlidir, bu məsələ ictimailləşdirilməlidir və  biz hökmən çalışmalıyıq ki, həm doğulan uşağa birdəfəlik yardımın miqdarı artırılsın, hardasa minimum 200 manat olsun və bir də hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilsin. Mənə elə gəlir ki,  bununla bir az vəziyyəti tənzimləyə bilərik. Ailələri hökmən həvəsləndirməliyik, onların problemlərinin, xüsuslə,  uşaqla, övladla bağlı problemlərinin həllində onlara yardımçı olmalıyıq. Azərbaycan xalqı nəsil verən xalqdır. Biz genetika baxımından nəsil verən xalqıq. Yəni,  bir çox  xalqlar kimi qocalan, qocalığa meyl edən xalq deyilik. Ona görə xalqın bu ənənəsinə söykənərək, biz onu stimullaşdırmalıyıq".

Qeyd edək ki, ölkədə uşaq doöumunun sayının azalmasının səbələrindən biri ki, qanundankənar nikanlar, ailə istitutunun dağılmasına yönələn məqamlar göstərilir. Maraqlıdır, bu məsələdə kənardan bizə ötürülməyə, pərçimlənməyə çalışılan zərərli, mental dəyərlərimzlə uzlaşmayan, daban-dabana zidd elementlərin rolu varmı? Millət vəkili bildirib ki, bu məsələdə yad elementlərin təbii ki, böyük təsiri var: "Ancaq bununla bərabər həm də sosial problemlər də var. Gənc ailələr evlənirlər, bir çoxunun evləri olmur və ata-ana ilə bərabər yaşayırlar, müxtəlif qarşıdurmalar, müxtəlif söz-söhbətlər, ailə münaqişələri olur. Yəni,  yaşayış tərzi aşağı olanda, ehtiyaclar ödənilməyəndə ailədə istər-istəməz söz-söhbətlər meydana gəlir - ya kişi tərəfindən, ya qadın tərəfindən. Özü də  fərqi yoxdur, bunların hər ikisi var. Bununla belə, mənə elə gəlir ki, artıq sosial evlərin hazırlanması və ehtiyacı olan gənc ailələrə verilməsi ilə bağlı dövlət proqramının özünün evlə bağlı ehtiyacların ödənməsinə təsiri olacaq. Ancaq yad elementlərin Azərbaycana təsirini azaltmaq üçün də heç şübhəsiz ki, kütləvi informasiya vasitələrində maarifləndirmə işini genişləndirməliyik və çalışmalıyıq ki, əsrlərdən bəri bizə gəlib yüksək səviyyədə qiymətləndirdiyimiz, miras qalan ailə institutunu möhkəmləndirək, o ənənələri qoruyaq, saxlayaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31