Ənənəvi müxalifət yeniliyə qarşı - SİYASİ ANALİZ

İP-dən kənar bütün namizədlərə qarşı qara piara başlanacaq

Bir müddət öncə "Yeni Müsavat"ın yazdığı radikal namizəd projesinin müəllifi artıq bəllidir. Sosial şəbəkələrdə "Qərb-Şərq" Araşdırma Qrupunun rəhbəri, politoloq Ərəstun Oruclunun seçki qərargahı yaratdığına dair xəbərlər yayılıb.  Xatırladaq ki, bir neçə həftə öncə Müsavatın təbliğat maşını həyəcanla bir xəbər yaymışdı: hakimiyyət müstəqil politoloq imicli bir şəxsi irəli çıxarmaq, ondan "radikal namizəd" yapmaq niyyətindədir. Qəzet həyəcanla bildirirdi ki, bu şəxs kimdirsə, radikallıqda İctimai Palatanın namizədlərindən seçilməyəcək, seçki kampaniyasını sərt tənqidlərlə aparacaq, sonra isə qalib namizədi təbrik edəcək. O zaman Müsavatın nəzərdə tutduğu namizədləri sərf-nəzər edən siyasi şərhçilər bildirdilər ki, Müsavatın nəzərdə tutduğu şəxs ya İlqar Məmmədovdur, ya da Ərəstun Oruclu. Ərəstun Oruclu daha ağlabatan qəbul edildi. Çünki İlqar Məmmədov QHT sədri olsa da, elə indidən radikaldı və İP-dən seçilmir. Həm də ki İlqar Məmmədovun siyasi iddiaları var. Müsavata yaxın mətbuat elə Ərəstun Oruclunu  nəzərdə tuturdu. Ərəstun Oruclu bir müddət öncə İctimai Palatadan çıxmış və sosial şəbəkələrdə prezidentliyə namizəd olacağını açıqlamışdı. Ona qarşı qəzəb həm də Rauf Arifoğlunun İP Koordinasiya Şurasına sədr seçilməsindən sonra yaranmışdı. Ərəstun Oruclu həm də ənənəvi müxalifəti qəbul etmədiyi üçün dışlanırdı. "Radikal namizəd" projesi ilə Ərəstun Oruclunun vurulması təkcə bu şəxsə qarşı deyil. Ərəstun Oruclu müstəqil imicli şəxs olsa da, hər halda partiya liderləri bir kənara, heç Arif Hacılı, Həsən Kərimov qədər siyasi təcrübəyə malik deyil. Onun seçkilərdə iştirakı, komanda yaratması o qədər ciddi sayılacaq məsələlər deyil. Ərəstun Oruclunun yanında, komandasında hər halda Əli Kərimlinin, İsa Qəmbərin yanında, komandasında olan adamlar olmayacaq. Ənənəvi müxalifəti qorxudan Ərəstun Oruclu deyil, onun da içində olduğu tendensiyadır. Köhnə müxalifətin ifşa olunması və sıradan çıxması tendensiyası. Keçirilən son aksiyalar, baş verən hadisələr göstərdi ki,  köhnə müxalifət dövrünü bitirib, xalqın etimadını itirib. Amma bu qüvvələr siyasəti tərk etmək niyyətində deyillər. Siyasət onlar üçün dolanışıq, xaricə getmək, qrant almaq, gündəmdə qalmaq imkanıdır. Onlar bunu itirmək istəmirlər. Ona görə də Ərəstun Oruclu, İlqar Məmmədov kimi müstəqil şəxslərə qarşı qəzəblidirlər. İlqar Məmmədovun həbsinə bilərəkdən az diqqət ayrılması, daha çox partiya funksionerlərinin həbsinin qabardılması bu siyasətin tərkib hissəsidir. Aşkar görünür ki, ənənəvi müxalifət Rafiq Əliyevə, Rüstəm İbrahimbəyova qarşı da  qəzəblidir. Sadəcə, onların vurulmasının zamanı deyil.  Zamanı çatanda Pənah Hüseyn, Arif Hacılı, Asəf Quliyevin dili ilə öncə "arxasında təşkilati, informasiya gücü olmayan namizəd uğursuzluğa məhkumdur" tipli tezislər dövriyyəyə buraxılacaq. Sonra onların siyasi orientasiyası, keçmiş fəaliyyəti qabardılacaq. Məsələn, "Rafiq Əliyev indiyə kimi harda idi" tipli. Bütün bu "artilleriya hazırlıqlarından" sonra müxalifətin qara piar maşını işə düşəcək. Amma məsələ burasındadır ki, indi müxalifətin qara piar maşını da dişsizdir. Böyük ehtimalla, ənənəvi müxalifətdən kənardakı qüvvələri, üçünçü qüvvəni elə bitərəflərin (əslində köhnə müxalifətə yaxın) əli ilə vuracaqlar.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00