İlham Əliyev: “Belarus-Azərbaycan əməkdaşlığının bütün sahələrində konkret nəticələr var”
19 Noyabr 2018 13:41 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdədir.
Azərbaycan lideri Belarus prezidenti ilə Minskdə görüş keçirib. Görüş zamanı İlham Əiiyev bildirib ki, Belarus-Azərbaycan əməkdaşlığının bütün sahələrində konkret nəticələr var.
"Bizim münasibətlər razılaşdığımız hər şeyi yerinə yetirməyimizlə fərqlənir. Bütün beynəlxalq strukturlarda bir-birimizi dəstkələyirik. İqtisadi-ticari əlaqələr artır. Sənaye kooperasiyası çox aktiv şəkildə inkişaf edir. Eyni zamanda hərbi-texniki, mədəni və təhsil sahələrində də əməkdaşlığımız var. Yəni, bütün sahələrdə pozitiv, yaxşı əhval-ruhiyyə, konkret nəticələr var", - deyə cənab İlham Əliyev bildirib.
Azərbaycan prezidenti Belarusa səfər etməkdən məmnun olduğunu bildirib. Onun sözlərinə əsasən, yüksək səviyyədə müntəzəm səfərlər Azərbaycan və Belarus arasında, ümumi tarixi olan iki ölkə arasında yaxın və dost münasibətlərindən xəbər verir. İlham Əliyev bildirib ki, bu gün iki ölkə arasında münasibətlər tamamilə yeni səviyyəyə keçib:
"Azərbaycanda Belarus haqqında danışanda ikitərəfli münasibətlərimizə aid hansısa hadisə xatırlanır, cəmiyyətdə hər zaman pozitiv hisslər var. Bizim dost münasibətlərimizin ölkələrimizin cəmiyyətləri tərəfindən belə pozitiv qarşılanması çox vacibdir. Mən bilirəm ki, Belarusda Azərbaycana çox xoş münasibət göstərirlər. Azərbaycanda da Belarusu qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də bütün dünyada ən yaxın partnyorlardan biri sayırlar", - deyə Azərbaycan prezidenti əlavə edib.
İlham Əliyev qeyd edib ki, iki ölkə liderinin şəxsi münasibəti də buna təsir edir:
"İnsanlar bizim problemləri necə həll etdiyimizi, qoyulmuş məqsədə necə nail olduğumuzu görür və qiymətləndirirlər. Əminəm ki, biz bu gün vacib qərarlar qəbul edəcəyik".
İlham Əliyev öz növbəsində Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.
Ölkə.Az