“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplu Gürcüstanda təqdim olunacaq

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)  hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluların fevralın 15-də Gürcüstanda təqdimatı keçiriləcək. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən təşkil ediləcək tədbirdə Gürcüstan ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV və QHT təmsilçiləri iştirak edəcəklər. Tədbirdə millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri də iştirak edəcəklər. Qeyd edək ki, "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluda 20-ci əsrin əvvəllərində erməni terror dəstələrinin, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar "Soyqırım:Bakı", "Soyqırım:Quba", "Soyqırım: Şamaxı" adlı 3 film şəklində 3 diskdə topluda öz əksini tapır. Topluda Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edən zaman həyata keçirdiyi soyqırımlar "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa kataloqda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən "Şuşa:Dağıdılmış mədəniyyət beşiyi" və " Ağdam: Qafqazın xirosiması" filmləri də öz əksini tapır. "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət toplu Azərbaycan və ingilis dillərində hazılanıb. Toplunun nüsxələri Azərbaycan həqiqətlərinin daha da geniş yayılması məqsədilə Gürcüstanın dövlət qurumlarına, parlamentinə, millət vəkillərinə, qeyri-hökumət təşkilatlarına, KİV, universitet və kitabxanalarına təqdim olunacaq. Eyni zamanda kataloqin azərbaycan dilində olan nüsxələri soydaşlarımız arasında, böyüyən gənc nəsillər arasında həqiqətlərimizin daha geniş öyrənilməsi üçün gənclər təşkilatlarına, QHT-na, KİV-lərə və böyük məktəblərə veriləcək. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00