Paris öz vasitəçilik missiyasına hörmətsizlik edir
Məhəmməd Əsədullazadə: “Öz prinsiplərini tapdalayan ölkə necə Qarabağ danışıqlarında beynəlxalq hüququn təmin olunmasına çalışa bilər”
16 Noyabr 2018 13:33 SiyasətMəhəmməd Əsədullazadə: "Öz prinsiplərini tapdalayan ölkə necə Qarabağ danışıqlarında beynəlxalq hüququn təmin olunmasına çalışa bilər"
Dağlıq Qarabağ münaqişəsi meydana gələndən bu münaqişənin həllinə olan biganə mövqe, eyni zamanda ikili yanaşma təəssüflər olsun ki, günümüzdə də davam edir. Zaman-zaman üzə çıxan, özünü açıq şəkildə büruzə verən bu mövqelərə qarşı Azərbaycan tərəfi rəsmi şəkildə öz etirazını ifadə edərək dövlətləri, təşkilatları, ayrı-ayrı siyasiləri, fərdləri obyektiv, ədalətli olmağa çağırıb. Bəzi hallarda dövlət səviyyəsində səsləndirilən iradlar, etirazlar öz məntiqi nəticəsini göstərsə də, lakin bu kimi mənfi tendensiyaların davam etdiyinin də şahidinə çevrilməkdəyik. Təəssüf doğuran məqamlardan biri isə ondan ibarətdir ki, münaqişənin həllinə olan ikili yanaşma, ədalətsiz, qeyri-obyektiv mövqe elə Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən təşkilatlar, dövlətlər tərəfindən ortaya qoyulur. Bu cür ədalətsizlik, ermənipərəsət mövqe daha çox ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa tərəfindən sərgilənir. Özü də davamlı olaraq. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin rəhbərliyinin bu günlərdə Fransaya səfər etməsi və orada çoxsaylı görüşlər keçirməsi də bunun əyani sübutudur.
Ümumiyyətlə, rəsmi Parisin dövlət siyasətinə nəzər yetirsək aydın şəkildə görərik ki, bu ölkə açıq-aşkar ermənipərəst mövqeyi ilə seçilir. Bu azmış kimi Fransa beynəlxalq hüquq və prinsipləri ayaqlar altına ataraq separatçı rejimlərin fəaliyyətinə, ölkələrin ərazi bütövlüyünün pozulmasına bəraət qazandıran addımlar atır. Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya səfər etməsi də bunun əyani sübutudur.
Əgər proseslərə və Fransanın dövlət siyasətinə nəzər salsaq görərik ki, bu rəsmi Parisin praktikasında yeni bir şey deyil. Ermənilərin ikinci vətəni sayılan Fransa hər zaman bu və ya digər məsələlərdə, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyində Ermənistan maraqlarını hər zaman üstün tutub. Qondarma erməni soyqırımı məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması, Fransanın bir neçə iri şəhər bələdiyyəsi rəhbərlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və orada çoxsaylı görüşlər keçirərək əməkdaşlıq sazişləri imzalaması deyilənlərin təsdiqidir. Yaxud Fransa prezidenti Emmanuel Makronun oktyabr ayında Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana səfər etməməsi fonunda da Parisin ermənipərəsət mövqeyini aydın şəkildə görmək mümkündür. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər ki, Fransa açıq-aşkar öz ermənipərəsət mövqeyi ilə seçilir. Elə bundan dolayı da rəsmi Parisin artıq ATƏT-in Minsk qrupunda qalması, burada fəaliyyətini davam etdirməsi yolverilməzdir. Çünki hazırda, elə bundan əvvəl də Fransanın ortaya qoyduğu mövqe beynəlxalq hüquq prinsipləri və vasitəçilik missiyasına ziddir.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Fransanın Azərbaycana qarşı siyasətində erməni amili, bu ölkənin öz prinsiplərinə ziddir. Eyni zamanda həmin prinsiplərin ayaqlar altına almasına gətirib çıxarır: "Rəsmi Paris öz vasitəçilik missiyasına hörmətsizlik edir. Öz prinsiplərini tapdalayan ölkə necə Qarabağ danışıqlarında beynəlxalq hüququn təmin olunmasına çalışa bilər. Ona görə də Fransa vasitəçilkdən çıxarılmalıdır. Artıq, Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyindən dəyişdirilməsi labüddür. Qarabağ separtçılarının rəhbəri Bako Saakyanın Fransaya səfərini mütləq şəkildə rəsmi Paris icazə verməməli idi. Hazırkı məqamda rəsmi Parisin mövqeyi srparatizmi dəstəkləmək anlamına gəlir". Politoloq hesab edir ki, Xarici İşlər Nazirliyi Fransa səfirindən izahat tələb etməli, bu ölkəyə nota verməlidir: "Hətta Fransadakı səfirimiz məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Qeyd edim ki, ermənilərin Qarabağda yeni su anbar tikintisinə Fransa şirkətləri maliyyə ayıracaq. Fransa şirkətlərinin nümayəndıləri yoxlanılarsa, hazırda Qarabağda bu layihənin icrası və smeta işləri ilə məşğuldurlar"
Məhəmməd Əsədullazadə deyib ki, Fransanın davranışı beynəlxalq qanunların pozulması və dost, tərəfdaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyidir: "Sabah Fransanın tərkib hissəsi olan Korsika adasında separatizm baş qaldırsa, oradakı separtçıları Azərbaycan qəbul etsə, Fransa beynəlxalq hüquqdan danışacaq, sərt reaksiya verəcək. Hesab edirəm ki, Qarabağ icması Fransanın ölkəmizdəki səfirliyinə müxtəlif yollarla etiraz etməlidir".
Süleyman