Müxalifət sosial şəbəkələrdə yazılan fikirləri siyasi şouya çevirməyə çalışır
12 Fevral 2013 17:32 Siyasət"Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin adından müxalifət mətbuatında dərc olunan məlumatlar heç də onların iddia etdiyi kimi deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Hakim partiya rəsmisi bildirib ki, Stefan Füle məxsusi olaraq Azərbaycandakı hadisələrlə əlaqədar bəyanat verməyib: "Müxalifət mətbuatı ayrı-ayrı Avropa strukturlarında çalışan şəxslərin sosial şəbəkələrdə yazdıqları fikirləri siyasi şouya çevirməyə çalışır. S.Fülenin sosial şəbəkələrdə yayılmış bir cümləsini qəzetlər götürürək manşetlərinə çıxarıb. Bununla da, guya Avropa İttifaqının Azərbaycanla bağlı məsələlərlə əlaqədar mənfi fikirli olması iddiası ortaya qoyulur". M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası ilə çox normal münasibətləri var: "Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasət beynəlxalq strukturlarda, o cümlədən Avropa İttifaqında dəstəklənməkdədir. Ona görə də, ayrı-ayrı şəxslərin fikirləri, münasibətlərimizə xələl gətirməməklə yanaşı Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil".