Terrorizmə qarşı mübarizədə ikili yanaşma
15 Noyabr 2018 15:24 SiyasətGünümüzdə bəşəriyyətdə geniş yayılmış problemlərdən biri də beynəlxalq terrorizm və silah qaçaqmalçılığıdır. Məhz beynəlxalq terrorizmin geniş yayılmasını şərtləndirən başlıca amillərdən biri də silah qaçaqmalçılığıdır. Bu və ya dgər silahlı qruplaşmaların, təşkilatların bu cinayətləri beynəlxalq terrorizmin daha geniş vüsət almasına yol açır. Bu gün demək olar ki, dünyanın dörd bir yanında terror təşkilatları fəaliyyət göstərməkdədir. Eləcə də bizim yerləşdiyimiz coğrafiyada işğalçı Ermənistanın terror təşkilatları mövcuddur ki, həmin təşkilatların hazırda əsas yerləşdiyi məkan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ zonasıdır.
Bir etirafı da qeyd etmək lazımdır ki, hər nə qədər beynəlxalq səviyyədə terrorizmə qarşı mübarizə aparılsa da, lakin bu problemin qarşısını almaq o qədər də asan olmur və demək olar ki, mümkünsüzdür. Bunun da başlıca səbəblərindən biri terrorizmə beynəlxalq səviyyədə olan ikili standartlardır. Daha dəqiq desək hansı dərəcədə təhlükəli olmasından asılı olmayaraq terrorçular və terror təşkilatları yaxşı və pis kateqoriyalarına ayrılırlar. Bir qayda olaraq Qərb, Birləşmiş Ştatlar üçün təhlükəli olan terror təşkilatları daha çox tənqid olunur, onlara qarşı mübarizə aparılır, ancaq terrorizmin hədəfi başqa məkan olduqda isə dərhal ikili yanaşma özünü büruzə verir. Bunun ən bariz nümunəsi isə Birləşmiş Ştatların hər il qondarma Dağlıq Qarabağ Respublikasına maliyyə yardımı ayırmasıdır. Hər kəsə məlumdur ki, separatçı rejim terrorçulardan ibarətdir və bu rejimə hər il maliyyə yardımının ayrılması elə terrorizmə olan ikili münasibətin təzahürüdür. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud da deyir ki, Birləşmiş Ştatlar dünyada Azərbaycanın işğal altında olan ərazisindəki narkoticarətin və terrorizmin əsas ünvanlarından olan qondarma Dağlıq Qarabağ "respublikasına" birbaşa maliyyə yardımı göstərən yeganə dövlətdir: "Bu günlərdə qarşıma çıxan bir yazı təsadüfən diqqətimi çəkdi. Oxuyanda məlum oldu ki, yazı Birləşmiş Ştatların terrorla mübarizəsindən bəhs edir. Braun Universiteti nəzdində Uotson adına Beynəlxalq Münasibətlər və Publik Siyasət İnstitutunun "Müharibələrə çəkilən xərclər" layihəsi çərçivəsində dərc edilmiş elmi tədqiqatın nəticələrində bildirilir ki, Birləşmiş Ştatlar 2001-ci ildən başlayaraq terrorizmə qarşı müharibəyə təqribən 6 trilyon dollar xərcləyib. İlkin olaraq rəğbət doğuran, sülhə, beynəlxalq təhlükəsizliyin təmin olunmasına xidmət etmiş kimi görünən bu məlumat məndə əks suallar yaratdı. Görəsən Birləşmiş Ştatlar terrorizmin dolayısıyla və birbaşa maliyyələşdirilməsinə sərf etdiyi vəsaitin həcmini necə, hesablayan var?" .
Elməddin Behbudun sözlərinə görə, 11 Sentyabr hadisəsindən sonra BMT Təhlükəsizlik Şurasının 2001-ci ilin 28 sentyabr tarixli 4385-ci sessiyasında qəbul etdiyi 1373 saylı qərarında aydın şəkildə və açıq mətnlə yazılır ki, "terror təşkilatlarına üzvlük, terrorçulara silah verilməsi, başqa dövlətlərin terror aksiyalarına qarışmış adam və ya qurumlarına aktiv və ya passiv şəkildə dəstək verməkdən çəkinilməlidir". Birləşmiş Ştatlar Suriyadakı teror quruplaşmalarına, o cümlədən PKK/PYD-yə açıq şəkildə hərbi və maliyyə dəstəyi verir. Açıqlanan məlumata görə Birləşmiş Ştatlar indiyədək PKK/PYD-ni 3 min yük maşını (TIR) həcmində müasir silahla təchiz edib. Həmçinin, Birləşmiş Ştatların İŞİD terror təşkilatına da gizli hərbi yardımlar etdiyinə dair faktlar bir sıra beynəlxalq qurumların hesabatlarında və media orqanlarında əksini tapıb".
Natiq qeyd edib ki, Birləşmiş Ştatlar dünyada Azərbaycanın işğal altında olan ərazisindəki narkoticarətin və terrorizmin əsas ünvanlarından olan qondarma Dağlıq Qarabağ "respublikasına" birbaşa maliyyə yardımı göstərən yeganə dövlətdir: "Birləşmiş Ştatların Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi digər separatçı qurumlardan fərqli olaraq yalnız "Dağlıq Qarabağa" "humanitar yardım" ayırmasına məntiqli izah tapmaq, qanuni don geyindirmək mümkün deyil. Məgər, Birləşmiş Ştatlar kimi dövlətin müvafiq qurumlarının rəhbərləri Dağlıq Qarabağ bölgəsinin əhalisinin təkcə erməni icmasından ibarət olmadığını, etnik təmizləmə nəticəsində doğma torpaqlarını tərk etməyə məcbur olmuş azərbaycanlı icmasının çətin vəziyyətdə yaşamaqda olduğunu bilmir? Dağlıq Qarabağdakı separatçı "liderlərin" onlarla terror hadisəsinin, mülki azərbaycanlılara qarşı yüzlərlə cinayət faktının səbəbkarı olduğundan xəbərsizdir? Nəyə görə digər separatçı qurumlardan fərqli olaraq Qarabağdakı cinayətkar erməni separatçılarına Birləşmiş Ştatlara səfər etmək üçün viza verərək marafon təşkil etməyə imkan yaradır?. Bütün bunlara görə də terrorun və terorçuların kökü kəsilmir. Çünki qlobal oyunçuların bir çoxu, o cümlədən də Birləşmiş Ştatlar üçün bizə qarşı olan terrorçular "yaxşı", onlara qarşı olanlar isə "pisdir".
Füzuli