"Eleni Teoxarus kimi admalar erməni lobbisindən "güc" alaraq belə addımlar atırlar"
14 Noyabr 2018 16:40 Siyasət"Beynəlxlaq təşkilatlarda təmsil olunan parlament üzvləri həmin təşkilatlar tərəfindən ciddi cəzalandırılmalıdır".
Bunu Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərdən danışarkən millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, AP-da təmsil olunanlar əslində beynəlxalq hüququn bütün normlarına əməl etməlidirlər:
"Onların özləri bu normalara əməl etmirlərsə, digər ölkə və qurumlardan bunu gözləməyə haqları çatmır. BMT, AŞPA və başqa təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Baxın, Avropa Parlamenti BMT-nin bu qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquq normlarına sadiq qalmaq gərəkir".
A.Hüseynov onu da bəyan edib ki, Eleni Teoxarus ədalətli, vicdanlı, dürüst adam olsaydı Albaniya onu arzuolunmaz şəxs elan etməzdi:
"Azərbaycan suveren bir dövlətdir. Azərbaycanın dünya səviyyəsində nüfuzu var. Belə adamların yüksək bir qurumda təmsil olunmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı çatır. Əgər həmin şəxs cəzalandırılmasa, bu o demək olacaq ki, AP-ın özü də separatizmə dəstək verir. AP məsələyə münasibət bildirməldir. Baxın, Eleni Teoxarus kimi admalar erməni lobbisindən "güc" alaraq belə addımlar atırlar. AP buna reaksiya verməzsə, yaxın müddətdə Avropada analoji separatizmlər baş alıb gedəcək".
Qeyd edək ki, Avropa Parlamentinin üzvü, Dağlıq Qarabağa qanunsuz səfərlər edən ermənipərəst Eleni Teoxarus Albaniya hökuməti tərəfindən də arzuolunmaz şəxs elan olunub. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edənTeoxarus Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan edilib.
sherg.az