Rüstəm İbrahimbəyov AXCP və Müsavatı sıradan çıxardı
Cümşüd Nuriyev: “Müxalifət iqtidarın üzərinə indi getsə, qarşı tərəfi daha da gücləndirəcək və seçkiləri əvvəlcədən uduzacaq”
12 Fevral 2013 16:04 SiyasətRüstəm İbrahimbəyovun "El" hərəkatının ortaya çıxmasından sonra AXCP və Müsavatın siyasi proseslərdən kənarlaşması başlayıb. Siyasi analitiklər hesab edirlər ki, bu müstəvidə ənənəvi müxalifət tamamilə sıradan çıxıb. "Ənənəvi müxalifət terminini işlətmək səhv fikirdir. Ənənəvi müxalifət o deməkdir ki, bunlar heç vaxt iqtidarda olmayıb və olmayacaq" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan müxalifətində olan siyasətçilərin əksəriyyəti dövlət vəzifələrində çalışıb, bir hissəsi də vəzifəsindən kənarlaşandan sonra müxalifət olub: "Ona görə də bu termin bir qədər müxalifəti aşağılamaq kimi qəbul olunur. Müxalifət indiki məqamda iqtidarın üzərinə getsə, qarşı tərəfi daha da gücləndirəcək və seçkiləri əvvəlcədən uduzacaq. Ona görə də müxalifətin indiki məqamda susması daha düzgün addımdır. Müxalifət gör, nə günə qalıbdır ki, Elnur Məcidli kimi bir adam Elşad Abdullayev kimi bir dələduza vəkillik edirsə, yəqin ki, bunun arxasında başqa maraqlar yatır. Həm xarici qüvvələrin tapşırıqları, həm də özlərinin maddi maraqları əks olunub. Bu adamın iqtidara olan nifrəti Azərbaycan xalqına olan nifrətinə çevrilib. Elnur də müxalifəti ittiham edir ki, müxalifət videogörüntülərdən asılı vəziyyətə düşüb. Bunun özü də müxalifətə təhqirdir. Bu mənada Azərbaycan müxalifətinin ənənələşdrimək lazım deyil. Beynəlxalq praktikada da seçkilərə hələ uzun müddət qalmış müxalifətin müəyyən mənada sakit dayanması qəbulediləndir". ("OLAYLAR" İA)