“KTMT-nin baş katiblik postunda Ermənistandan nümayəndə olmayacaq”
13 Noyabr 2018 15:14 Siyasət"Bu vəziyyət sırf olaraq müstəqil Ermənistan dövlətinin apardığı təcavüz siyasəti ilə birbaşa əlaqədardır. Əvvəllər Ermənistanı yazıq obrazında tanıyırdılarsa artıq bu gün işğalçı dövlət kimi tanıyırlar".
Bu fikri politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Ermənistana daha yüksək arenalarda yer vermək lazım deyil: "İstər Belarusiya, istər Qazaxıstan yaxud digər kollektiv təhlükəsizlik təşkilatları və ya Avrasiya İttifaqında yer alan ölkələr artıq başa düşürlər ki, Ermənistana çox arena, tribuna vermək olmaz. Bu təsadüfi deyil. Onlar anlayır ki, ermənilərə nə qədər çox tribuna verilsə o qədər çox öz həyasızlıqlarını göstərəcəklər".
Politoloq qeyd edib ki, artıq bəllidir, KTMT-də baş katiblik postunda Ermənistandan nümayəndə olmayacaq: "Baxmayaraq ki, Paşinyan bunu çox istəyirdi və 2020-ci ilə qədər ermənilərin vaxtı var idi. Astanada Lukaşenko ilə Paşinyan arasında saatlarla davam edən mübahisə, Nazarbayev və Lukaşenkonun müzakirəsi Paşinyanın fikirlərini alt-üst etməsi ilə nəticələndi. Beləliklə, yeni sədr ya Xaçaturovun vəzifəsini icra edən Rusiya nümayəndəsi, ya da belarusiyalı namizəd olacaq".
Azadinform