ABŞ-ın İranı siyasi və iqtisadi cəhətdən sarsıltmaq cəhdi
Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında ziddiyətlər getdikcə daha dərin xarakter alır və tərəflər arasında gərginlik artır. Hələlik bu gərginlik özünü iqtisadi sferada büruzə versə də, lakin bunun siyasi, hətta hərbi sahəyə də keçəcəyi istisna edilmir.
12 Noyabr 2018 13:21 SiyasətBirləşmiş Ştatlarla İran İslam Respublikası arasında ziddiyətlər getdikcə daha dərin xarakter alır və tərəflər arasında gərginlik artır. Hələlik bu gərginlik özünü iqtisadi sferada büruzə versə də, lakin bunun siyasi, hətta hərbi sahəyə də keçəcəyi istisna edilmir. Siyasi atmosferdə Birləşmiş Ştatların daha çox İranı daxildən sarsıltmağı nəzərdə tutduğu bildirilir. Elə Vaşinqtonun Tehrana qarşı artan iqtisadi sanksiyalarının da başlıca məqsədi məhz budur ki, sosial problemlər içində boğulan İran vətəndaşları hakimiyyət əleyhinə qalxaraq ölkədə inqilabi situasiya yetişdirsinlər. Yaranan situsiyadan istifadə edən Birləşmiş Ştatlar isə İranda rejim dəyişikliyinə nail olsun. Elə əksər ekspertlər də hesab edirlər ki, İrana qarşı artan iqtisadi sanksiyaların əsas məqsədlərindən biri də məhz budur. Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, Birləşmiş Ştatların İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların başlıca səbəbini 3 amildə izah etmək olar. Onun sözlərinə görə, birinci amil İranın neft və qaz satışının xarici ölkələrə satılmasının qarşısını almaqdır: "Bunun başlıca səbəbi isə Birləşmiş Ştatların əlində olan Nefti dünyaya ikinci silahı kimi çıxarmaq istəyidi. İkincisi, İranın İsrail ilə arasında pis olan münasibətinə görə İran ordusunu zəiflətmək cəhdidir. Lakin Birləşmiş Ştatların İran ordusunu zəiflətməyə gücü çatmaz. Nəhayət, üçüncüsü, əsas amillərdən biri isə budur ki, İran terror təşkilatlarına dəstək durur və onları maliyyələşdirir. Bunun üçün Birləşmiş Ştatlar əlindən gələni edir ki, İranın terror təşkilatlarına olan dəstəyinin qarşısını alsın. Vaşinqtonun bunu bacara biləcəyini isə zaman göstərəcək".
Zeynal Əmralıyev qeyd edib ki, Birləşmiş Ştatlar bu sanksiyaların səbənini açıq şəkildə söyləməsə də, lakin Ağ Ev rəhbəri Donald Tramp nüvə sazişinin ləğvini bildirib: "Birləşmiş Ştatlar ən son ballistik raket sınağına görə İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyaların raket proqramı ilə əlaqəsi olduğu deyilən 11 müəssisə və şəxsin Birləşmiş Ştatların bank sistemindən istifadəsi qadağan edilib. Bu hadisələr isə İrana qarşı beynəlxalq nüvə sanksiyalarına qarşı edilən hadisələrdən sonra baş vermişdir. Bəzi qərb ölkələri də bu sanksiyalarda yaxından iştirak edib".
Bəs görəsən Birləşmiş Ştatlar İranı zəiflətmək üçün daha nələr edə bilər? Ekspertin qənaətincə, bu halda belə ehtimal ortaya çıxır Birləşmiş Ştatlar İslam Respublikasını 3 istiqamətdə zəiflədə bilər: "Birincisi, İranın nüfuzunu Yaxın Şərqdə sıfıra endirmək. İkincisi, İran daxilində etnik ve müxalif qrupları canlandırıb, onlara güclü dəstək verməklə proseslərdən uduşlu çıxmaq. Üçüncüsü, Birləşmiş Ştatlar İranin əlaqəsi olan ölkələri müxtəlif vasitələrlə bu əlaqələri pozmağa məcbur edə bilər".
Zeynal Əmralıyev onu da diqqətə çatdırıb ki, Birləşmiş Ştatların yürütdüyü sanksiyalara baxmayaraq Türkiyə, Çin və Rusiya Federasiyası rəsmi Tehranla ticarət edəcəklərini bildiriblər: "Birləşmiş Ştatlar İrana qarşı sanksiyalarda İranın gücünün devrilməsi təbii ki, sual altına alır. Lakin Vaşinqton iqtisadi cəhətdən İranı çökdürmək gücünə malikdir. Hazirda Birləşmiş Ştatlar dünya dövlətləri arasında ən güclü silahından istifadə edir. Təbii ki, bu da dollardır. Birləşmiş Ştatların sanksiyalarına görə İran neftinin 30 faizini sata bilməyəcək, belə şərtlərdə isə böyük dövlətlər və transmilli şirkətlər İrandan neft ala bilməyəcəklər". Zeynal Əmralıyev hesab edir ki, Birləşmiş Ştatlar istədiyinə nail olsa, vətandaş müharibəsini yarada bilsə, İranın vəziyyəti Suriyadan daha bərbad vəziyyətə düşəcək: "Belə demək olar ki, Azərbaycan bu sanksiyalara qatılmasa da, İranla sərhəddə olduğumuza görə bizə də toxuna bilər. Cənubi Azərbaycanda olan həmvətənlilərimizə zərər dəydiyi halda Azərbaycan bu məsələyə qarışa bilər. İranın bu sanksiyaların qarşısında nə qədər dayanacağını isə zaman göstərəcək".
Ekspert qeyd edib ki, bütün halda Birləşmiş Ştatlarla İran arasında münasibətlər gərgin atmosferdə davam edir.
Məhəmməd