Diaspor təşkilatlarının koordinasiyası ölkəmizin beynəlxalq gücü deməkdir
8 Noyabr 2018 14:33 SiyasətBu gün xaricdə yaşayan azərbaycanlılara ən çox tövsiyə edilən məsələlərdən biri də koordinasiya-əlaqələndirmə işinin gücləndirilməsidir. Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə davamlı işlər görür. Komitənin müəyyənləşdirdiyi yeni strategiya diasporlarımız tərəfindən də dəstəklənir və təşkilatlar birgə fəaliyyətlə bağlı razılığa gəlirlər. Artıq bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların koordinasiya şuraları yaradılır, həmçinin diaspor təşkilatlarının qitələr üzrə birləşdirilərək əlaqələndirilməsi də nəzərdə tutulur. Xatırladaq ki, son bir neçə ay ərzində Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Belçika kimi iri dövlətlərdə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb. Soydaşlarımızın və eləcə də ictimaiyyət nümayəndələrinin rəyinə görə, yeni təşkilatlanma prinsipi diaspor fəaliyyətinin canlanmasına əlavə stimul verib. Belə ki, Koordinasiya Şuraları soydaşlarımız, eləcə də diaspor təşkilatları arasında inteqrasiya meyllərini gücləndirəcək, daha yaxşı əlaqələndirilməklə onların daha məqsədyönlü, konsrtuktiv və aktiv fəaliyyətini təmin edəcəkdir.
Ən son yaradılan Skandinaviya Azərbaycanlıları Koodrinasiya Şurası İsveç, Norveç, Finlandiya və Danimarkadakı azərbaycanlıları birləşdirəcək, diaspor təşkilatlarınınfəaliyyətini koordinasiya edəcək. Şuranın təsis edilməsi ilə əlaqədar keçirilən konfransda vurğulanıb ki, hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizin milli maraqlarına, dövlət məsələlərinə diqqətlə yanaşmalı və vətənimizin ümumi reallıqlarının təşviq olunmasında, tanıdılmasında əlindən gələni etməlidir.
Skandinaviya regionunda fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağıran Dövlət Komitəsinin sədri deyib: "Bizim məqsədimiz hər bir ölkədə, ümumi diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi və yerlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsindən ibarətdir. Bunun üçün isə dünyadakı bütün azərbaycanlıların azərbaycançılıq ideyasını rəhbər tutaraq birləşdirilməsi vacibdir". Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür.
Azərbaycanlıların Koordinasiya Şuralarını formalaşdıran soydaşlarımız bu qurumların yaranması ilə Azərbaycan diasporunda yeni mərhələnin başlandığını etiraf edirlər. Soydaşlarımız bu şuraları Azərbaycan diasporunun həmrəylik nümayiş etdirməsi, yeni metodlardan istifadə etməsi dövrü adlandırır. Onların fikrincə, diaspor sahəsində tətbiq edilən yeni metodlar tezliklə lobbi quruculuğunda da özünü göstərəcək. Gənclərimizin yerli partiyalara üzv olmasının aktual məsələyə çevrildiyini və gündəmdə olduğunu deyən xaircdəki azərbayanlılar hesab edir ki, əsas hədəflərdən biri də yerli cəmiyyətə inteqrasiyanın dinamikliyidir.
Dövlət Komitəsinin nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkənin siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüşündə də Skandinaviya regionunda yaşayan həmyerlilərimizin siyasi təşkilat və partiyalara uğurlu inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Dövlət Komitəsinin sədri Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verilməsinin vacibliyini bildirib. Bu mənada İsveçdəki azərbaycanlıların qazandıqları uğurların təqdirəlayiq olduğu vurğulanıb, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələ olan lobbiçilik fəaliyyətinə keçməsinin reallaşması istiqamətində də mühüm planların olduğu diqqətə çatdırılıb. Görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb.
Bundan başqa, azərbaycanlıların daha çox məskunlaşdığı ölkələrdə eyni fəaliyyət sahəsində çalışan həmvətənlərimiz arasında əlaqələrin yaradılmasına səyləri gücləndirilir. Bu məqsədlə azərbaycanlı iş adamları, azərbaycanlı jurnalistlər, elm adamları, mədəniyyət xadimləri birliklərinin yaradılması istiqamətində işlər aparılır.
Həmçinin, təşkilatlanma işində qadınların da dəstəyindən geniş istifadə edilir, xarici ölkələrdə yaşayan azərbaycanlı qadınların diaspor fəaliyyətinə cəlb olunmasına diqqət artırılır. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasına ölkələr üzrə seçilən əlaqələndiricilərin hamısının qadın olması da buna sübutdur. Belə ki, Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı Eluca Atalı, diaspor fəalı Sara Eveberger və Norveçdəki "Can Azərbaycan" təşkilatının rəhbəri Şervin Nəcəfpur Şuranın əlaqələndiriciləri seçilib. Daha bir xanım Mayisə Ağamirzəyeva isə Hollandiya-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Beləliklə, Dövlət Komitəsi soydaşlarımızı Azərbaycan və azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək istiqamətində fəaliyyətini davam etdirir. Soydaşlarımızın da bu prosesdə aktiv iştirakı Azərbaycan diaspor hərəkatının gücləndirilməsinə kömək edir və beynəlxalq aləmdə ölkəmizin daha yaxşı təmsil olunmasına gətirib çıxarır.
Süleyman