Cənubi Azərbaycanla məşğul olanlar bir arada
12 Fevral 2013 12:19 SiyasətAzərbaycan Media Mərkəzində Ümid Partiyasının təşəbbüsü ilə "Güney Azərbaycan məsələsi beynəlxalq müstəvidə" adlı dəyirmi masa keçirilib.
Partiyanın mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirə Güney Azərbaycanın əksər siyasi partiya və qurumları, habelə Quzey Azərbaycanda Güneylə bağlı fəaliyyət göstərən qurumlar, bu sahədə tanınmış fikir sahibləri dəvət olunub.
Tədbiri giriş sözü ilə açan Ümid partiyası sədrinin müavini, Uluslararası Güney Azərbaycan konseyinin Bakı təmsilçisi Aynur İmranova Güney Azərbaycan məsələsinin heç də sadə bir məsələ olmadığını və bu məsələnin xeyli aktuallaşdığını vurğulayıb. İranda Azərbaycan türklərinin hüquqlarının müzakirə olunması üçün petisiyanın uğurla başa çatması münasibətilə də hamımız təbrik edirəm. Bu bizim uğurla başa çatan ilk birgə işimiz olub.
Ümid partiyasının Xaricdə yaşayan azərbaycanlılar və diaspora ilə iş üzrə sədr müavini Rüfət Muradlı Güney Azərbaycandakı mövcud ictimai-siyasi durum, milli hərəkatın hazırkı durumda fəaliyyət perspektivləri və hərəkatın qarşısında duran problemlərlə əlaqədar məsələlərə aydınlıq gətirib. İranda demokratikləşmə prosesinin getdiyi vaxtda soydaşlarımızın milli kimlik məsələləri sual altına düşə biləcəyini bildirib.
Güney Azərbaycan məsələsinin beynəlxalq səviyyədə gündəmə çıxmasının tarixi bir zərurət olmasına toxunan politoloq, REAL hərəkatı idarə heyətinin üzvü Azər Qasımlı məsələnin qərb dünyasında da izləndiyini ,amma bu sahədə prosesə daha çox həqiqət görənliklə baxılmasının tərəfdarı olduğunu bildirib. Politoloq qeyd edib ki, Güney Azərbaycan məsələsində region ölkələrinin də baxışı müsbət olmasa da bu yöndə fəaliyyətləri intensivləşdirmək gərəkir.
Güney məsələsinin beynəlxalq müstəviyə çıxarılmasına siyasi aspektdən yanaşan digər məruzəçi Atlas araşdırma mərkəzinin direktoru Elxan Şahinoğlu isə məsələyə istər beynəlxalq, istərsə də regional səviyyədə fərqli yanaşmaların mövcud olduğunu bildirib. Politoloq qeyd edib ki, həm qərb ölkələrinin , həm də ərəb dünyasının Güneylə bağlı fərqli siyasətləri mövcuddur. Son illər beynəlxalq aləmin Cənubi Azərbaycan məsələsinə münasibətinin müşahidə edildiyini deyən politoloq Elxan Şahinoğlu isə Türkiyə istisna olmaqla, region dövlətlərinin bu məsələyə qarşı çıxacaqlarını bildirib.