Nazir Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməyə çağırıb

Sofiyada Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda çıxış edən Müştərək Komissiyanın həmsədri Bolqarıstanın energetika naziri Temenujka Petkova Komissiyanın beşinci iclasının gündəliyi barədə qısa məlumat verib. Nazir Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb.

İclasda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Müştərək Komissiyanın həmsədri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi və sosial göstəriciləri ilə regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Kənd təsərrüfatı naziri deyib: "25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur". Nazir İnam Kərimov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, Bolqarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın Bolqarıstanın bu mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. İnam Kərimov Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31