Azərbaycanın İslam Həmrəyliyi nümunəsi
Və ya Bakının Fələstin probleminin həllinə yönəlik dəstəyi Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman yaxın və uzaq qonşuları ilə normal əməkdaşlıq, dostluq əlaqələrinə üstünlük verib və bu gün də öz siyasətinə sadiqdir. Sevindirici haldır ki, rəsmi Bakının bu mövqeyi dünya ölkələri tərəfindən də təqdir edilir, hörmətlə yanaşılır.
5 Noyabr 2018 18:32 SiyasətVə ya Bakının Fələstin probleminin həllinə yönəlik dəstəyi
Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman yaxın və uzaq qonşuları ilə normal əməkdaşlıq, dostluq əlaqələrinə üstünlük verib və bu gün də öz siyasətinə sadiqdir. Sevindirici haldır ki, rəsmi Bakının bu mövqeyi dünya ölkələri tərəfindən də təqdir edilir, hörmətlə yanaşılır.
Rəsmi Bakının normal əməkdaşlıq qurduğu, bu əlaqələri inkişaf etdirdiyi ölkələr sırasında Fələstinin də öz yeri var. Azərbaycan Fələstinlə münasibətlərdə bir neçə faktora üstünlük verir ki, bu sırada din, eləcə də Fələstinin də Azərbaycan kimi uzun illər problemlə üzləşməsi amilidir. Məlumat üçün qeyd edək ki, Yaxın Şərqdə uzun illərdir ki, mövcud olan bu problemin aradan qaldırılmasında Azərbaycan qarşılıqlı anlaşmaya üstünlük verir. Zaman-zaman Qüdslə bağlı problem daha qabarıq şəkil alanda və Qəzza zonasında qarşıdurmalar baş verəndə rəsmi Bakı problemin sülh, danışıqlar, qarşılıqlı anlaşma yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Bir müddət əvvəl İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı keçirilən toplantısında da Azərbaycan öz mövqeyinə sadiqliyini nümayiş etdirmişdi. Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında Azərbaycan ən yüksək səviyyədə, dövlət başçısı İlham Əliyevin iştirakı ilə təmsil olunmuşdu. Bu həm də öz-özlüyündə Fələstinə siyasi dəstəklə yanaşı, Azərbaycanın məsələyə dini faktordan yanaşması, İslam həmrəyliyi nümayiş etdirməsinin göstəricisi idi. Ümumiyyətlə, Azərbaycanın son illərdə İslam dünyası ilə bağlı ortaya qoyduğu mövqe, yanaşma bu coğrafiyada həmrəyliyə, birlik və bərabərliyə xidmət edir ki, rəsmi Bakının bu mövqeyi də elə İslam dünyası tərəfindən ən yüksək səviyyədə dəstək görür. Bunun ən bariz nümunəsi kimi 2017-ci ildə Bakıda sayca IV İslam Həmrəylik Oyunlarının keçirilməsini göstərə bilərik. Həmin oyunlara müsəlman dünyasının mütləq əksəriyyəti qatılmışdı ki, bu da Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələrdən biri idi. Eyni zamanda Azərbaycanın İslam dünyasında mövcud olan bir sıra problemlərin həlli məqsədilə göstərdiyi təşəbbüskarlıq və ortaya qoyduğu siyasi iradə də təqdir olunmaqdadır. Bu sırada noyabrın 5-də Bakıda keçirilən Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısını qeyd etmək yerinə düşər. Məhz Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi rəsmi Bakının Fələstin məsələsinə nə qədər həssas yanaşdığı və bu məsələdə Fələstinə həmrəylik nümayiş etdirdiyinin əyani sübutudur. Məlumat üçün qeyd edək ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib. Ümumiyyətlə, Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. Yiuxarıda qeyd etdiyimiz kimi bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə noyabrın 4-də keçirilən görüşdə də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki tərəfindən bu məqam xüsusi vurğulanmışdı.
Məlumat üçün qeyd edək ki, əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. Hələ 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində "Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi"nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi" adlı tədbirlər Bakıda keçirilib.
Ümumiyyətlə. Azərbaycan Fələstinlə bağlı məsələdə bütün istiqamətlər üzrə Fələstin dövlətinə öz dəstəyini nümayilş etdirib, İslam həmrəyliyi prinsipindən çıxış edərək bu məsələdə öz yardımını əsirgəməyib. Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olmuş və islam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib. 2014-cü il. Sentyabr ayının 29-da isə Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb.
Göründüyü kimi həm dini faktorlar, həm də belə demək mümkünsə oxşar talelər Azərbaycanla Fələstin dövlətini bir-birinə daha da yaxınlaşdırır, iki ölkə arasında münasibətləri inkişaf etdirir. Bütün bunlar isə tərəflər arasında münasibətləri daha da inkişaf etdirmək üçün yeni-yeni perspektivlər açır.
Füzuli