"Bu, Azərbaycan diplomatiyasının qələbəsidir" MÜNASİBƏT
5 Noyabr 2018 13:30 SiyasətAzərbaycanın torpaqları uzun illərdir ki, ermənilərin işğalına məruz qalıb. Təəssüf ki, torpaqlarımızın 20 faizi işğal altında olaraq qalmaqdadır. Ermənilər bizə qarşı soyqırımlar törədib. 1 milyon soydaşımız dünyaya gəldiyi, yaşadığı doğma torpaqlardan qaçqın və köçkün olub. Bütün bunlar böyük faciədir. Bizə qarşı baş vermiş bütün ədalətsizlikləri beynəlxalq səviyyəyə çıxarmaq, dünya auditoriyalarında gündəmə gətirmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq lazım idi. Bu işlərin həyata keçirilməsi üçün birinci düşünülmüş siyasəti olan dövlət başçısı lazım idi, ikincisi isə dünya iqtisadiyyatına inteqrasiya oluna biləcək güclü iqtisadiyyata malik ölkə. Təbii ki, düzgün, düşünülmüş beynəlxalq siyasətimizin təməllərini Ulu Öndər qoydu". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, BMT-də Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması istiqamətində 4 qətnamə qəbul olundu: "Artıq dünya tərəfindən Azərbaycanın işğala məruz qaldığını dünya ictimaiyyəti qəbul etdi. Bu gün isə Azərbaycan dünyada iqtisadi inkişafa, region və qitələrarası beynəlxalq əməkdaşlığa öz töhfələrini verən güclü ölkəyə çevrilib. Azərbaycanın təşkilatçılığı ilə bir çox regional iqtisadi layihələrə imzalar atılıb. Azərbaycan dünya ölkələri arasında tutduğu mövqeyi və roluna görə seçilən ölkəyə çevrilib. Ölkə başçısının və siyasətçilərimizin dünya ölkələrin rəhbərləri ilə görüşlərində və beynəlxalq auditoriyalarda Azərbaycana qarşı törədilmiş ədalətsizlikləri diqqətlərinə çatdırılır. Artıq beynəlxalq ictimaiyyət və region dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğala son qoydurmağın vaxtı çatdığını deyirlər. Bu, Azərbaycan diplomatiyasının gücünün qələbəsidir, həm də ədalətli mövqeydə olan güclü Azərbaycanın iqtisadi müstəqilliyinin göstəricisidir".
SİA