Həmsədrlərin işi regiona turist səfərləri etməkdir

Elman Məmmədov: "Budəfəki səfərlərində də ümumi sözlər danışdılar"

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri başa çatıb. Artıq danışıqların sülh yolu ilə aparılması missiyasını üzərinə götürmüş qurum səfərin yekunları ilə bağlı bəyənatla çıxış edib. Belə ki, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıb. Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə oktyabrın 29-dan noyabrın 2-dək regiona səfər ediblər: "Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan liderlərinin sentyabr ayında Düşənbədə MDB sammitinin kuluarlarında danışıqlarının yekunlarını müzakirə etmək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində növbəti addımları müəyyən etmək və yerlərdə vəziyyətin ümumi inkişafı ilə tanış olmaqdan ibarət idi". Bildirilib ki, həmsədrlər oktyabrın 29-u Yerevanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanla, noyabrın 1-də isə Bakıda Prezident İlham Əliyevlə görüşüblər: "Onlar hər iki paytaxtda iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Bakıda həmsədrlər münaqişədən zərər çəkmiş Azərbaycan icmalarının nümayəndələri ilə görüşüblər. Həmsədrlər həmçinin regionda BQXK və BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin nümayəndələri ilə vəziyyəti müzakirə ediblər".Bəyanatda o da qeyd edilib ki, həmsədrlərlə görüşlərdə hər iki ölkənin liderləri bildiriblər ki, onların Düşənbədə gərginliyin azaldılmasına sadiqliyini təsdiqləmələrindən sonra gərginliyin səviyyəsi xeyli azalıb: "Məsləhətləşmələr zamanı həmsədrlər Düşənbədəki razılaşmanın həyata keçirilməsi, o cümlədən birbaşa əlaqənin qurulması barədə ətraflı məlumat alıblar.. Həmsədrlər bu hadisələri alqışlayıblar, konstruktiv tədbirlərin düzgün şəkildə həyata keçirilməsini yüksək qiymətləndiriblər və liderlərin dialoqu davam etdirməyə hazır olmalarını dəstəklədiklərini bildiriblər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar üçün etimad mühitini qorumağın vacib olduğunu vurğulayıblar. Xarici işlər nazirləri ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər. Həmsədrlər ATƏT-in Daimi Şurasını və Minsk Qrupunun üzvlərini məlumatlandırmaq üçün yaxın zamanda Vyanaya yollanacaqlar". Maraqlıdır, həmsədrlərin bölgəyə növbəti səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə hansı töhfəni verə bilər?

Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərinin hanısısa nəticə verəcəyi inandırıcı deyil. E.Məmmədov bildirib ki, həmsədrlər hər dəfə səfərlərinin sonunda bəyanat verirlər və bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onun fikrincə, həmsədrlər Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün heç bir addım atmır, onların məqsədi mövcud vəziyəti qoruyub saxlamaq və cəbhədə gərginliyin qarşısını almaqdır: "Əgər  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər   icra olunarsa onda vəziyyət tamamilə başqa cür  olardı.  Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi turist səfərləri etməkdir. Bu dəfəki səfərlərində də ümumi sözlər danışdılar, cəbhədə vəziyyətin gərginləşməməsinin vacibliyini qeyd etdilər. Amma həmsədrlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, günahsız insanların öz doğma torpaqlarına qayıtmasının zəruriliyindən bir kəlmə də danışmırlar. Bu fakt isə onların mahiyyətini aşıq şəkildə göstərir".  Yeri gəlmişkən qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın "Focus" informasiya agentliyinə müsahibəsində deyib ki, Ermənistanda davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir. E.Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin davamlı inkişafı və tərəqqisi üçün ən vacib məsələlərdən biridir: "Müstəqilliyinin ilk günlərindən etibarən qonşu Ermənistanın işğalçı siyasəti ilə üzləşən və ərazisinin beşdə biri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və bir milyondan çox əhalisi qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini çox yaxşı anlayır. Məhz bu səbəbdən də ölkəmiz münaqişənin həlli üzrə 20 ildən çox müddət ərzində davam edən danışıqlarda iştirak edir və hər zaman münaqişənin həlli üzrə substantiv və nəticəyə yönəlik danışıqlara hazır olduğunu bəyan edib. Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında bu yaxınlarda MDB zirvə görüşü çərçivəsində baş tutmuş söhbət ölkəmizin münaqişənin həlli üzrə əsaslı danışıqlara hazır olduğunun bariz göstəricisidir". Nazirin sözlərinə görə, münaqişənin həllindən danışarkən burada hər hansı bir yeni prinsipin kəşf edilməsinə ehtiyac yoxdur, bütün fundamental prinsiplər BMT Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əks olunur: "Beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin tələbi birmənalıdır: Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı və bu ərazilərdən zor gücünə didərgin salınmış insanlar öz evlərinə geri qayıtmalıdır. Yalnız bundan sonra bölgədə sülh şəraitinin yaradılması, sabitliyin və tərəqqinin təmin edilməsi mümkündür. Lakin təəssüf edirik ki, Ermənistanda hazırda mövcud olan vəziyyət və davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir". E.Məmmədyarov bildirib ki, Ermənistan qısa zaman ərzində mövcud format çərçivəsində əsaslı dialoqa hazır olması üzrə siyasi iradəsini nümayiş etdirməli və bölgədə sülh və təhlükəsizliyə, eləcə də Ermənistanın özündə iqtisadi inkişafa gətirəcək sülh formulasının Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və yerli azərbaycanlıların bu ərazilərə geri qayıtmasından ibarət olduğunu nəhayət anlamalıdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31