Hulusi Kılıç: “Azərbaycanın işğal olunmuş əraziləri üzərində uçuşlar qeyri-qanunidir”

“Biz Ermənistanın əleyhinə deyilik, lakin Ermənistan həmin ərazilərdən dərhal çıxmalıdır”

Bu il fevralın 6-7-də Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısında Türkiyə nümayəndə heyətinin tərkibində iştirak etmiş qardaş ölkənin Azərbaycandakı sabiq səfiri, hazırda Türkiyənin Xarici İşlər Nazirliyinin Afrika ölkələri ilə əlaqələr departamentinin idarə rəisi, səfir Hulusi Kılıç tədbirlə bağlı təəssüratlarını AzərTAc-a açıqlayıb.

Müsahibəsinə dörd il yarım fəaliyyət göstərdiyi Azərbaycandan xoş xatirələrlə başlayan H.Kılıç deyib: "Bu gözəl ölkədə olduğum illəri böyük məmnuniyyətlə xatırlayır və fürsətdən istifadə edərək, daimi dəstək və diqqətinə görə Azərbaycan prezidenti İlham Əliyevə, eyni zamanda, səmərəli əməkdaşlığa görə hamıya öz təşəkkürümü bildirirəm. Azərbaycanda çalışmaq hər kəs üçün şərəfdir. Bu dörd il yarım mənim üçün olduqca dolğun və səmərəli keçib. Azərbaycan mənim üçün ürəyi qidalandıran damardır, həmçinin, mənim vətənimdir".

Diplomat vurğulayıb: "Bakıdan qayıtdıqdan sonra mən Türkiyənin Xarici İşlər Nazirliyində Afrika ölkələri departamentində Saxarayanı ölkələrlə əlaqələr üzrə təyinat almışam. Bu, Türkiyənin xarici siyasəti üçün çox mühüm coğrafiyadır, çünki ölkəmiz Afrika dövlətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində siyasət həyata keçirməkdədir. Türkiyənin Səhraaltı Afrika ölkələri ilə əlaqələri son illərdə dinamik inkişaf edir. Belə ki, Səhraaltı Afrika ilə ticarət dövriyyəsi 2005-ci ildə 1 milyard ABŞ dollar idi, 2012-ci ildə isə 10 milyard ABŞ dollarına çatıb. Biz 2008-ci ildə xüsusi siyasi əhəmiyyət kəsb edən Türkiyə-Afrika Birliyi Sammitini keçirmişik. İkinci Sammit 2013-cü ilin oktyabrında Türkiyədə keçiriləcək. Afrika Türkiyə üçün çox mühüm qitədir və mən bu mühüm coğrafi ərazini əhatə edən fəaliyyətə rəhbərlik edir və bu çərçivədə Azərbaycanın maraqlarını müdafiə etməyə hazır olduğumu bildirirəm".

Sammitin yekunları ilə bağlı sualını cavablandıran diplomat deyib: "Bildiyiniz kimi, İƏT sammiti islam dünyasını narahat edən bir sıra mühüm məsələləri nəzərdən keçirib. Ölkələrimiz üçün sammitin ən mühüm nəticəsi təşkilatın XIII zirvə toplantısının 2016-cı ildə Türkiyədə keçiriləcəyi haqqında qəbul olunmuş qərardır. Burada xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Türkiyənin həmin məsələyə dair namizədliyini dəstəkləyən birinci ölkələr sırasında olub. Biz öz tərəfimizdən İƏT-in növbəti zirvə toplantısının Azərbaycanda keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Şübhəsiz ki, rəsmi Ankara bu istiqamətdə səylərini əsirgəməyəcək. Yəni, Azərbaycan və Türkiyə arasında heç bir fərq qoymuruq və qardaş ölkə üçün mövcud imkanlardan istifadə etməyə hazırıq. Məsələn, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsində Türkiyə göstərdiyi dəstəyi bu dəfə də əsirgəməyəcək".

"Bu zirvə toplantısında Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi, torpaqların işğalı ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Bu məsələlər necə qarşılanmışdır?" sualını cavablandırarkən H.Kılıç vurğulayıb: "Bəli, həmin məsələlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən haqlı olaraq qaldırılıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana dəstək olaraq etdiyi çıxış zamanı bu münaqişənin dərhal həllinin, eləcə də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. Ə.Davudoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb. Bu da mühüm məqamdır. Bununla yanaşı, "Xocalıya ədalət" kampaniyasına dəstək də sammitin Yekun Bəyannaməsində əks tapmışdır. Bu da son dərəcədə əhəmiyyətlidir, çünki həmin bənddə İƏT-in üzvü olan ölkələri Xocalıda törədilmiş faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini artırmağa dəvət ediliblər. Yekun Bəyannamədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən Şimali Kipr məsələsinə və digər problemlərə dair mühüm bəndlər əksini tapıb. Bundan əlavə, Malidə cərəyan edən vəziyyət və bu ölkədə hərbi əməliyyat müzakirə olunub".

"Sammitin yekunları bütövlükdə qənaətbəxş hesab edilə bilərmi?" sualına isə diplomat belə cavab verib: "Fikrimcə, bu sammit həm Türkiyə, həm də Azərbaycan üçün çox səmərəli olub. Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının sammitdə gündəmə gətirilməsi Azərbaycan üçün son dərəcədə mühüm məqam və Azərbaycan diplomatiyasının xarici siyasətindəki növbəti uğurudur".

Türkiyənin Azərbaycanın işğal olunmuş ərazisi olan Xocalıda hava limanının açılması ilə əlaqədar Ermənistanın növbəti təxribatına diplomatın münasibətini öyrənərkən o deyib: "Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurası səviyyəsində tanınıb. Bu nüfuzlu beynəlxalq təşkilat dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Bütün bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək və Azərbaycan ərazilərinin işğal faktı açıq-aydın və birmənalı şəkildə qeyd edilib. Beləliklə, işğal olunmuş ərazilərin hava məkanı da Azərbaycana məxsusdur. Bununla belə, işğal olunmuş ərazilər üzərində mümkün uçuşların gerçəkləşdirilməsi mövcud vəziyyətin daha da gərginləşdirilməsi və münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vurur. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Bunu Türkiyə və Azərbaycanla yanaşı, BMT da təsdiqləyir. Yəni ki, həmin ərazilər üzərində hər hansı uçuşlar qeyri-qanuni və əsassızdır. Biz münaqişənin dinc vasitələrlə dərhal həllinin tərəfdarıyıq və gələcək nəsillərin sülh və əmin-amanlıqda yaşamasını istəyirik. Bu məqsədlə də hərtərəfli dəstək verməyə hazırıq. Biz həmçinin, arzu edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hava uçuşlarının qarşısının alınması istiqamətində daha fəal addımlar atacaq. Ümid edirik ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə uçuşlar həyata keçirməyəcək. Biz Ermənistanın əleyhinə deyilik. Lakin Ermənistan həmin ərazilərdən dərhal çıxmalıdır".

Sammit çərçivəsində keçirilmiş türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə hansı mövzuların müzakirə olunduğu barədə suala cavab verən H.Kılıç vurğulayıb: "Türkdilli ölkələrin xarici işlər nazirləri regionda inkişafın və əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən Türkdilli ölkələr Şurasının bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusunun əldə edilməsi, habelə bu və ya digər məsələlər üzrə əlaqələndirmə məsələlərini müzakirə etmişlər. Şəksiz ki, nazirlərin görüşü yetərincə məhsuldar olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00