"Ermənistan İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməsindən qorxur" ŞƏRH
2 Noyabr 2018 18:43 Siyasət"Ermənistan hazırda regional təcrid qorxusunu yaşayır". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, son İstanbul bəyannaməsində İranın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunması Ermənistanı narahat etməyə başlayıb: "Müsəlman ölkələri, xüsusilə də İran daha da prinsipal olaraq Ermənistanla ticarət əlaqələrini kəsərək baykot taktikasına qoşulsa, bu düşmən ölkənin daha da acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxara bilər".
İran tərəfindən Dağlıq Qarabağ münaqişəsinin məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə çağırış edildiyini deyən politoloq söyləyib ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir: " Gərək müsəlman ölkələri ümumiyyətlə, Ermənistanın ayaqda durmasına kömək etməyələr. Çünki, xristian dövləti müsəlman ölkəsinin ərazisini işğal edib, müsəlmanların ölümünə səbəb olmaqla yanaşı, onların öz yurd-yuvalarından didərgin salıb".
Q. Hüseynli qeyd edib ki, Ermənistan İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməsindən çəkinir: " Ermənistan qorxur ki, İran onlara müxtəlif məhsulların göndərilməsini dayandırar. Çünki, Ermənistan ərzaq, sənaye məhsulları ilə bağlı tələbatının 80 faizini İranın hesabına ödəyir. Bu baxımdan Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmalıdır. Əks halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşcək".
SİA