VI Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olunub
2 Noyabr 2018 14:05 SiyasətAzərbaycan Dillər Universitetində (ADU) 25-26 oktyabr tarixlərində paytaxtımızda keçirilən "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusuna həsr edilən VI Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olunub. Universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası tərəfindən təşkil edilən dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqi təhlil edilib.
Açılış nitqi ilə çıxış edən Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqları salamlayaraq Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov söyləyib ki, budəfəki forumda əsas müzakirə mövzuları sırasında ən mühüm məsələlərdən biri də multikulturalizmlə bağlı olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusi bir panellə təmsil olunub. ADU Multikulturalizm ETL-ın elmi işçisi Əli Fərhadov, BBMM-in şöbə müdiri Rəşad İlyasov forumu əlamətdar hadisə, dünya qlobal forumları sırasında seçilən bir tədbir kimi xaraterizə ediblər.
Alban-Udi Xristian icmasının sədri Robert Mobili və "Rohani" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar azsaylı xalqların nümayəndəsi olaraq yaradılan multikultural mühitə görə ölkə prezidentinə təşəkkürlərini bildiriblər. Dəyirmi masa müzakirələrlə davam edib.