Gürcüstanda keçirilən seçkilərdə azərbaycanlılar faktoru

Soydaşlarımız artıq ictimai-siyasi proseslərin aktiv iştirakçısına çevrilirlər

Zaman-zaman dünyanın müxtəlif bölgələrində, dövlətlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də həmin ölkələrdə yaşayan soydaşlarımızın yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına fəal təsir edə bilmədikləri, ölkə həyatı üçün mühüjm əhəmiyyət kəsb edən siyasi proseslərdə aktiv olmadıqları barədə haqlı və haqsız iradlar, fikirlər səsləndirilir. Düzdür, bəzən bu iradları bəzi ölkələrin timsalında, orada yaşayan soydaşlarımızın bir qədər aktiv olmaması fonunda haqlı qəbul etmək olur. Ancaq tamamilə bu halı bütün ölkələrə aid etmək o qədər də doğru yanaşma deyil. Necə ki, yaxın qonşumuz sayılan Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında o qədər də fəal rol oynamadıqları barədə zaman-zaman fikirlər səsləndirilib, iradlar bildirilib. Ancaq Gürcüstanda keçirilən son prezident seçkiləri bu fikrin, iradın kökündən yalnış olduğu qənaətini ortaya qoydu. Prezident seçkilərində mübarizə aparan əsas  namizədlərdən biri Salome Zurabişvilinin seçkilərin təbliğat-təşviqat kampaniyası zamanı Azərbaycanın maraqlarına zidd açıqlamalar verməsi və daha çox işğalçı Ermənistanın maraqlarına xidmət edən yanaşma ortaya qoyması bu şəxsin seçkilərin qalibi olmasına əngəl yaratdı. Haqlı olaraq Gürcüstanda yaşayan azərbaycanlıları seçkilərdə Salome Zurabişviliyə səs verməyərək digər əsas namizəd Qriqor Vaşadzeyə etimad göstərdilər. Prezident seçkilərinin birinci turunun  nəticələri məhz qonşu ölkədə yaşayan soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatına hansı formada təsir edə bildiklərini ortaya qoydu və indiyə qədər irəli sürülən iradları laxlatdı. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Gürcüstanda yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynaması tendensiyası artıq sürətlənib. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Gürcüstanda prezident seçkilərinin birinci turunda namizədin prezident seçilməməsi, ikinci tur seçkilərində məlum olacaq: "Bu ölkədə dekabrın ilk günlərində prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur hakim partiyanın namizədi Salomi Zurabişvili və müxalifətin əsas namizədi "Güc Birlikdədir" koalisiyasının nazmizədi Qriqor Vaşadze arasında keçiriləcək. Qeyd edim ki, Gürcüstanda prezident seçkilərinə ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin  siyasi təsirləri kifayət qədər böyükdür. Məhz birinci turda Salomi Zurabişvilinin seçilməməsində Saakaşvili amili mühüm rol oynayıb. Hakim "Gürcü Arzusu" Partiyasının siyasi səhvlərindən məharətlə istifadə edən Saakaşvili Gürcüstan müxalif qüvvələri öz ətrafında birləşdirməklə, siyasi güc qazanır, həmçinin ölkədə yaşayan digər xalqların dəstəyini qazanmaqla İvanaşvili qarşısında qüvvəsini ortaya qoyur. Bir məsələni qeyd edim ki, Gürcüstanda məhz prezident seçkilərinə böyük təsir edən orada yaşayan azərbaycanlılardı. Məhz azərbaycanlıların Mixail Saakaşvilinin dəstək verdiyi müxalif "Güc Birlikdədir" koalisiyanın namizədi Qriqor Vaşadzeyə səs verməklə, Gürcüstan tarixində ilkə imza ataraq, hakim partiyaya deyil, müxalifətə səs verdilər. Bununla azərbaycanlılar ölkənin siyasi taleyində mühüm rol oynadıqlarlını nümayiş etdirdilər. Bundan sonra Gürcüstanda siyasi qüvvələr azərbaycanlılarla hesablaşacaq və onları güc kimi qəbul edcək. Artıq, Saakaşvili bu amildən istifadə edərək, Gürcüstanda siyasi mövqeyini gücləndirməyə çalışır".

Politoloq deyib ki, ikinci turda hakim partiya saxtakarlığa əl atmasa, azərbaycanlıəlar və gürcülər Qriqor Vaşadzeni prezident seçəcəklər: "Əgər, Qriqor Vaşadze prezident seçilərsə, artıq Gürcüstanda Bidzina İvanaşvilinin yolunun sonuna gələcək. Növbəti parlament seçkilərində əhali hakim partiyaya səs verməyəcək.  Əgər, Vaşadze prezident seçilərsə, bu, o deməkdir ki, xalq artıq İvanaşvili siyasi sistemi ilə vidalaşmağa hazırlaşır. Bundan əlavə, Saakaşvili Gürcüstana qayıdacaq. Hakim partiya qalxıb Saakaşvilini həbs etsə də müvəqqəti xarakter daşıyacaq. Həmçinin İvanaşvili kölgəsində olan hakimiyyətə beynəlxalq təzyiqlərə yol açar. Saakaşvilini həbsxanada saxlamaq, Gürcüstanda geniş etitrazlara səbəb ola bilər. Həmçinin Saakaşvilinin siyasi nüfuzu yüksəlməklə, birbaşa hakimiyyətə yolunu açar. Ona görə də baş verən proseslər fonunda "Gürcü Arzusu" hakimiyyətinin ən kritik dövrünü yaşayır. Məhz, hazırkı hakimiyyət qeyri-gürcülərdə də narazılıq yaratmaqla, demək olar ki, öz sosial dayaqlarını laxladıb".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31