Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 3-cü konfransı keçirilib. Cəmiyyətin sədri, millət vəkili Eldar İbrahimov çıxışında qeyd edib ki, təşkilat hazırda Azərbaycanda yaşayan, lakin müxtəlif səbəblərə görə uzun müddət Özbəkistanda yaşamış və işləmiş azərbaycanlı ziyalıların və respublikamızda yaşayan, öz xalqını layiqincə təmsil edən özbəklərin təşəbbüsü ilə yaradılıb. Statistik məlumatlara əsasən Azərbaycanda yaşayan özbəklərin sayı 400 nəfərə yaxındır: "Bildiyiniz kimi, Azərbaycan və özbək xalqları arasındakı münasibətlərin kökü uzaq keçmişə gedib çıxır. Əsrlər boyu və hazırda da bizim xalqları bir-birinə bağlayan dostluq əlaqələri və mehriban münasibətlər dilimizin, dinimizin, adət-ənənələrimizin və mədəniyyətimizin eyni köklərə malik olmasıdır. Cəmiyyəti yaratmaqda məqsəd isə bu əlaqələri və ənənələri SSRİ dağıldıqdan sonra Azərbaycan və Özbəkistanın əldə etdikləri müstəqillik dövründə də inkişaf etdirməkdir". Cəmiyyətin İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da çıxışında bildirib ki, bu təşkilat iki qardaş və dost xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsində bir sıra uğurlara imza atıb: "Bu baxımdan, bu Cəmiyyətin öz fəaliyyətini davam etdirməsinə ehtiyac var". Sonra 10 yaşı tamam olan Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ölkə Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. E. İbrahimov bildirib ki, Azərbaycanın inkişafında, ölkəmizin dünya səviyyəsinə çıxmasında prezident İlham Əliyevin xidmətləri misilsizdir: "Azərbaycan İlham Əliyevin alternativi yoxdur. Odur ki, biz də bir Cəmiyyət olaraq, növbəti seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürür və onu dəstəkləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00