"Paşinyan hakimiyyəti ələ almaq üçün bütün vasitələrdən istifadə edir" MÖVQE
1 Noyabr 2018 14:28 Siyasət"Mən düşünmürəm ki, Paşinyan hansısa addım atanda onu bilməyərəkdən atır. O hər şeyi bilir və populist siyasətçi olduğu üçün kütləyə çalışır". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
Politoloq söyləyib ki, Paşinyanı kütlə seçdiyi və ona bu postu küçələrin hay-küyü qazandırdığı üçün indi o, xüsusilə də parlament seçkiləri ərəfəsində çoxlu ziddiyyətli bəyanatlar səsləndirir və bunu davam etdirəcək.
F.Sadıqov hesab edir ki, Paşinyan yalnız parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq mövqeyini ortaya qoyacaq: "Hesab edirəm ki, o, seçkidən sonra problemin həlli istiqamətində düşünülmüş ifadələr ortaya qoyacaq".
Hazırda Paşinyanın hakimiyyəti ələ almaq üçün bütün vasitələrdən istifadə etdiyini dilə gətirən politoloq vurğulayıb ki, bütün vasitələrə əl atır: "O gah danışıqlara separatçı rejimin cəlb edilməsini, gah danışıqların aparılmadığını, gah da ölkəmizin başçısı ilə görüşdüyünü və müsbət söhbətin baş tutduğunu deyir. Təbii ki, bütün bunlar bir-birinə ziddiyyət təşkil edir. Amma söylədiyim kimi bütün bunların arxasında hakimiyyətə gəlmək məqsədi dayanır".
F. Sadıqov qeyd edib ki, lakin Paşinyan bilməlidir ki, danışıqlara getmək Ermənistan üçün daha maraqlı olmalıdır, nəinki Azərbaycana: "Çünki, biz artıq gücümüzü nümayiş etdirmişik və niyyətimizdən də heç zaman imtina etməyəcəyik. Azərbaycan öz mövqeyini ortaya qoyaraq dəfələrlə bəyan edib ki, biz sülh tərəfdarıyıq amma lazım olduğu təqdirdə gücümüzü nümayiş etdirməyə hər zaman hazırıq".
SİA