“Dövlətlərin mehriban qonşuluq siyasəti yeritməkdən başqa alternativi yoxdur”

"Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən yeni bir görüş formatıdır".

Bu fikri Milli Məclisin deputatı Aydın Mirzəzadə XİN rəhbərləri arasında keçirilən üçtərəfli görüşləri şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan ətrafında olan qonşu dövlətlərin xarici işlər nazirləri vaxtaşırı görüşərək bu ölkələrin milli maraq məsələlərini müzakirə edirlər: "Artıq zaman göstərdi ki, Azərbaycanın bu təşəbbüsünün çox uğurlu nəticələri var. Dövlətlər bir-biri ilə dostluq münasibətlərini daha da genişləndirir, dünyada gedən proseslərə ümumi bir baxış formalaşdırır, iqtisadi layihələr tətbiq edirlər. Ümumən isə bu görüşlər regionda sülhün və əmin-amanlığın təmin edilməsinə zərurət yaradır. Gələcəkdə bu formatın dördlük, beşlik və daha böyük bir arealı əhatə edəcək dövlətlərin nümayəndələrinin görüşü də tamamilə mümkün olan məsələdir". 

Millət vəkili qeyd edib ki, bu görüşlər artıq müsbət nəticəni verir: "Sonuncu görüş bir daha nümayiş etdirdi ki, dövlətlərin mehriban qonşuluq siyasəti yeritməkdən başqa alternativi yoxdur. Bu gün beynəlxalq hüquq normalarına riayət etməklə, birgə maraq nöqtələrini axtarmaqla, öz imkanlarını birləşdirməklə böyük uğurlar əldə etmək olar. Ötən gün Azərbaycan, İran və Türkiyə XİN rəhbərləri arasında keçirilən VI üçtərəfli görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə bu tip görüşlərin dünyanın digər rayonlarında da tətbiqi bütünlüklə mümkün olan bir məsələdir".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31