Azər Badamov: "Avropada da bilirlər ki, Ermənistan işğalçıdır"
31 Oktyabr 2018 18:00 Siyasət"Bir parlament üzvünün Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər etməsi, heç də Avropanın mövqeyi və ya Belçikanın mövqeyi demək deyil. Parlament üzvü də bir vətəndaşdır və fərdi olaraq istədiyi yerə səfər edə bilər. Lakin Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bura olunan hər bir səfər ölkəmizlə razılaşdırılmalıdır. Əks halda bu, qeyri-qanuni səfərdir". Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Belçika parlamentinin üzvü Jan Jak Flaonun Dağlıq Qarabağ qanunsuz səfərinə münasibət bildirərkən deyib.
O bildirib ki, qeyri-qanunu səfərlə bağlı Azərbaycan tərəfi də Belçikaya öz münasibətini göstərəcək və həmin şəxs "qara siyahı"ya salınacaq.
Deputat bildirib ki, ermənilərin bu səfərdən "Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması" kimi görüntü yaratması tamamilə yanlışdır: "Çünki, Avropa İttifaqı, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağla birgə, ölkəmizin sərhədləri çərçivəsində tanıyır. Burada başqa söhbət ola bilməz. Burada qəbul edilən qətnamələr, qərarlar, bəyanatlar da bu öz əksini tapır".
A.Badamov qeyd edib ki, ATƏT-in Minsk qrupunun da fəaliyyətində Dağlıq Qarabağın Azərbaycan torpağı olması və münaqişənin sülh yolu ilə həll olunması öz əksini tapır.
Deputat vurğulayıb ki, stər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur: "Erməni lobbisi istəyir ki, Dağlıq Qarabağ ayrı hökumət kimi tanınsın. Onlar Avropada Dağlıq Qarabağı ayrı bir ərazi kimi təqdim etmək üçün dəridən qabıqdan çıxırlar. Avropada da bilirlər ki, Ermənistan işğalçıdır. Lakin Avropada erməni lobbisi fəaliyyət göstərir və onlar öz fikir və istəklərini reallaşdırmağa çalışdıqları üçün belə addımlar atırlar".
A.Badamov əlavə edib ki, atılan addımların heç bir mənası yoxdur: "Çünki, hamı bilir ki, Dağlıq Qarabağ haradır və Ermənistan haradadır".
sia